"0:9 hesablı məğlubiyyətdən sonra sağ qalan insan bütün qorxularını itirir" - Ralf Hazenhüttl

Əynində boz rəngli idman geyimi, 52 yaşlı Ralf Hazenhüttl "Sauthempton"un bazasında yerləşən ofisində bizi gözləyir. Artıq 1 ildən çoxdur ki, onun həyatı bura ilə bağlıdır.

O, hər səhər ofisinə gəlir və axşam gec saatlara kimi burada olur. Dediyinə görə, bir azdan Yeni il hədiyyələrini klub işçilərinə təqdim edəcək. Ralfın komandası artıq 2 ildir ki, Premyer Liqada qalmaq uğrunda mübarizə aparır.

Ralf Hazenhüttl "Der Spiegel"-ə müsahibəsində Premyer Liqa, çempionatın üstünlükləri, tarixi məğlubiyyət, hədəfləri və digər məsələlər barədə danışıb:

- Cənab Hazenhüttl, "Sauthempton"a keçdiyinizə görə peşmansınız?

- Qətiyyən yox. Mən hara gəldiyimi bilirdim.

- Bundesliqada çempionluğa oynayan komandada çalışırdınız. İndi isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan kollektivin başındasınız. "Sauthempton" cari mövsümdə hələlik 5 qələbə qazana bilib...

- Təbii ki, tez-tez qələbə qazanmaq daha gözəl olardı. Yəqin ki, Premyer Liqa dünyanın ən güclü liqasıdı. Belə bir çempionatda işləmək şansı əldə etmək və klubun inkişafında müəyyən rol oynamaq xoşdu. Premyer Liqada çalışmaq mənim üçün şərəfdi. Belə bir təklif gələndə dəyərləndirəcəyimi bilirdim.

- Premyer Liqanı maraqlı edən şey nədir?

- İngiltərədə futbol çox önəmlidi. Bura müxtəlif futbol ənənələrinin bir araya gəldiyi yerdi. PL-də müxtəlif tipli məşqçilərə və yanaşmalara rast gələ bilərsiniz. Pep Quardiolanın "Mançester Siti"sinə qarşı oynayırsınızsa, topa 20% sahib olacaqsınız. Yox, rəqibiniz Yürqen Kloppun "Liverpul"udusa, topu itirsəniz, nəticəsi sizin üçün yaxşı olmayacaq. Digər rəqiblər sizə qarşı nisbətən arxada gözləyə bilərlər. Komandaların tərzləri müxtəlif olsa da, hər biri oyun planlarını ən yüksək səviyyədə icra edirlər.

- Almaniyada belə deyildi?

- Məşqçilərin əksəriyyəti ilk növbədə diqqətlərini topsuz oyunda yaxşı təşkilatlanmağa yönəldirlər. Hətta kiçik klublar bu formada böyük klublara qol da vura bilərlər. Biz bunu "İnqolştadt"da etmişdik. Amma hazırda Bundesliqada balans var. Nadir hallarda belə olur.

- İngiltərədə sizi ən çox heyrətləndirən məşqçilər kimlərdi?

- Məncə, Quardiola və Klopp etalondular.
 


- Klopp artıq 4 ildən çoxdu ki, "Liverpul"dadı. İlk iki il o qədər də uğurlu alınmadı, amma sonradan sıçrayış etdilər və dünyanın ən yaxşı komandalarından birinə çevrildilər. Niyə?

- Yürqenin komandanı dəyişdirmək üçün zamana ehtiyacı var idi. Daha da dəqiq: vaxta və lazımi maliyyəyə...  Heyətin zəif nöqtələrini bilirdi və həmin nöqtələri hədəf almışdı.

- "Liverpul"a qarşı oynamaq necədi?

- Onların da zəif nöqtələrinin olduğunu düşünürsən. Amma sonda qalib gəlməyi bacarırlar, çünki sona doğru çoxlu fürsətlər əldə edirlər. Və təbii ki, irəlidəki üçlü (Mane, Firmino, Salah) misilsizdi.

- Təxminən 1 ildi ki, buradasınız. "Sauthempton"dakı ən yaxşı anınız hansıdı?

- İlk qələbəmizi yaxşı xatırlayıram: "Arsenal"ı 3:2 hesabı ilə məğlub etmişdik. Bu, çox vacib idi, çünki "ilk altılıq" komandalarından birini məğlub edə biləcəyimizin fərqinə varmışdıq. Bu qələbədən sonra komanda yenidən özünə inanmağa başladı. Bilirəm, bir az qəribə səslənəcək, amma daha da önəmli olan "Lester"lə oyuna verdiyimiz reaksiya idi.

- "Sauthempton"un "Lester"ə 0:9 hesabı ilə uduzmağı PL-dəki ən böyükhesablı məğlubiyyət kimi tarixə düşdü...

- Həmin gün dibə vurmuşduq. Amma sonra öz yolumuzu yenidən tapa bildik. Bu, həyatımdakı ən önəmli təcrübələrdən biri idi.

- 0:9 hesabı ilə məğlub olan komandaya nə demək olar?

- Həqiqəti. Səhvimizi qəbul etməli və onunla yaşamağı öyrənməli idik. 0:9 hesabını inkar edə bilməzsən, onsuz da, əksəriyyət həmişə bu nəticəni xatırlayacaq. Sadəcə, necə reaksiya verəcəyimiz vacib idi. Komanda bu vəziyyətdən çıxacağına inanmalı idi. Biz sonra dünyanın ən yaxşı komandalarından biri olan "Mançester Siti" ilə iki dəfə qarşılaşmalı idik. Daha da pisi ola bilərdi. Hər iki oyunda da məğlub olduq (Liqa Kubokunda - 1:3, Premyer Liqada - 1:2 - C.Q.), amma ikinci oyunda, az qala, istəyimizə nail olacaqdıq. Qısa müddət sonra, milli fasilənin ardınca 3 oyunda 7 xal toplamağı bacardıq.
 


- 0:9 hesablı məğlubiyyətdən sonra özünüzdən şübhə etdiniz?

- Kim etməzdi ki? Biz hamılıqla uğursuzluğa düçar olmuşduq. Amma vəziyyətdən çıxış yolunu tapmalı olan ilk şəxs məşqçidi. Komandanın birlik nümayiş etdirməsi möhtəşəm idi. Biz bu mövsüm də liqada qalacağımıza inandıq.

- İşinizi itirməkdən qorxurdunuz?

- 0:9-dan sonra sağ qalan insan bütün qorxularını itirir. Klubun mənə göstərdiyi dəstək situasiyanı real şəkildə dəyərləndiklərini deməyə əsas verir.

- Daha əvvəl də autsayder komandalarda çalışmısınız və taktiki cəhətdən yaxşı olduğunuza görə güclü kollektivlərə müqavimət göstərmisiniz. Bəs bu, İngiltərədə niyə alınmır?

- Almaniyanın 2-ci və ya 3-cü liqalarında işləməklə Premyer Liqada işləmək arasında fərq var. "Alen" və "İnqolştadt"da ilk ilimizdə liqada qalıb, nisbətən kiçik büdcə hesabına heyətdə dəyişikliklər edə bilirdik. Amma İngiltərədə daha çox büdcəyə ehtiyac var və növbəti mövsüm üçün heç bir zəmanət yoxdu.

- Artıq 1 ildən çoxdu ki, "Sauthempton"dasınız...

- Hadisələrin daha sürətlə cərəyan etməsini istəyərdim. Yaxşı periodlardan sonra həmişə problemli günlər başlayır. Premyer Liqadakı ən böyük problem rəqib futbolçuların keyfiyyətlərinin çox yüksək olmasıdı. Bəzən onların zəif tərəflərini nümayiş etdirmək üçün cəmi 1-2 şansınız olur. Hətta əla idarə olunan klub belə, bu liqada məğlub ola bilər. Buna görə də səbirli olmalıyıq.

- Komandanızın inkişafı barədə danışdıq. Bəs siz? Ralf Hazenhüttlün çatmaq istədiyi hədəflər nələrdi?

- Sadəcə bir oyun fazası üzrə ixtisaslaşmayan, sistemli futbol oynatmaq istəyirəm. "Liverpul"a fikir verin. Yürqen bir nöqtədən sonra topa sahib olmağın onun fəlsəfəsi üçün vacib olduğunun fərqinə vardı. Müasir futbolda bir planla çox uzağa gedə bilməzsiniz. Böyük komandaların hamısı hər şeyi bacarırlar.

- Başqa bir nümunəniz var?

- "Mançester Siti"ni götürək. Onların sadəcə topla effektiv olduğuna dair yanlış fikirlər var. Halbuki "Siti" topsuz oyunda da olduqca yaxşıdı. Onların qeqenpressinqi çox yaxşıdı, qısa müddət ərzində topu rəqibdən ala bilirlər və müdafiə xəttini öndə qururlar. Amma belə detallar əksər hallarda insanların diqqətindən kənarda qalır.
 


- 2018-ci ilin əvvəllərində "Bavariya"nın baş məşqçi postuna namizədlərdən biri idiniz. Amma deyilənə görə, o zaman özünüzü hazır hiss etmədiyinizi bildirmisiniz. İstəksizlik sizin üçün o qədər də ənənəvi bir şey deyil...

- Hələ də fikrimdə qalıram. "Bavariya" Almaniyada istənilən məşqçi üçün zirvədi. Amma əgər şəxsi inkişafınızın son mərhələsindəsinizsə, "Bavariya"da işləmək məntiqli sayıla bilər. Çünki bundan yuxarısı yoxdu. Bununla bərabər, əsas məsələ "Bavariya"nın məşqçi üçün həqiqətən də arzu olunan hədəf olub-olmadığıdı.
 


- Bunu izah edə bilərsiniz?

- "Bavariya"nın məşqçisi özünü təsdiqləməsi üçün nələri qazanmalıdı? 2 kubok? Niko Kovaç bunu etmişdi, amma yetərli olmadı. Çempionlar Liqası? "O, işinin öhdəsindən yaxşı gəlir" - ÇL-i qazanmaq bu sözü eşitmək üçün kifayət edir? Digər tərəfdən, bütün bunlar baş verərkən məşqçiyə komandanı inkişaf etdirmək üçün yetərli vaxt verilirmi?

- Quardiola "Mançester Siti"də eyni şeylə üz-üzədi. "Siti" ardıcıl iki mövsümdə Premyer Liqada müvafiq olaraq 100 və 98 xal toplayaraq çempion oldu, amma Pep Çempionlar Liqasını qazanmadığına görə tənqidlərə məruz qalır...

- Bu, top səviyyədə olan klublar üçün normal haldı. Təbii ki, uğur önəmlidi, uğursuzluq isə faciə hesab olunur. Məşqçilər əvvəlcədən belə şəraitdə işləyib-işləyə bilməyəcəklərini müəyyənləşdirməlidilər.

- Professional futbol sadəcə qələbələr və titullardan ibarətdi?

- Qələbələr həmişə olmalıdı, titullar şərt deyil. Mənə görə, keçən mövsüm "Sauthempton"un liqada qalması titula bərabər idi. Ambisiyalı məşqçi özü üçün başqa hədəflər müəyyənləşdirib, inkişafa doğru atılmış kiçik addımlardan zövq ala bilər.
 


- Müqavilə imzaladığınız günə qayıtmaq imkanınız olsaydı, özünüzə nə məsləhət görərdiniz?

- Məşqçilik karyeranın ən maraqlı dönəmi səni gözləyir, zövq al.



OXŞAR XƏBƏRLƏR