10 dəqiqəlik sevinc – Olmadı, Roman...

10 dəqiqəlik sevinc – Olmadı, Roman...
Dünən axşam "Bakcell Arena”da çox qarışıq hisslər yaşadıq. Həyacanlandıq, sonra ümidlərimizi itirdik, birdən-birə sevindik və qəfildən hər şey bitdi...

Fasiləyə qədərki "Qəbələ” elə Afinadakının təkrarı idi. Roman İosifoviç komandasının da, rəqibin də gücünə və bacarığına yaxşı bələd olmuşdu. Buna görə də "qırmızı-qaralar” birinci hissədə hücumlara həvəssiz çıxır, öz qapıları qarşısında təhlükə yaşayanda da topu xaotik hərəkətlərə ora-bura vurmağa, yunanların fərqlənməsinə əngəl olmağa çalışırdılar. 

Qriqorçuk fasilədə nələrisə mütləq dəyişməliydi. Söhbət təkcə oyunçulardan getmirdi. Onsuz da ukraynalı mütəxəssis əlinin altında olan "matetial”dan maksimum yararlanmış, yerliləri yanında oturtmaqla Famussa Konedən başqa bütün əcnəbiləri meydana buraxmışdı. Həmin dəyişiklik baş verdi. İkinci hissənin startından sonra "Qəbələ” daha intizamlı və ağıll görünməyə başladı, komandanın cəsarəti də artmışdı.

Dmitrios Kolovetsiosun topu öz qapısına göndərdiyi epizodu xatırlayın. İmkanınız varsa, həmin qolun videotəkrarını izləyin. Bizimkilər uzun müddət topu ayağında saxlayır, heç kim kor-təbii zərbəylə hədəfi nişan almağa çalışmır. Qola saniyələr qala İlqarın Cavidə verdiyi ötürmə də bu əminliyin, soyuqqanlılığın göstəricisiydi. "Qəbələ” "Panatinaikos”un cərimə meydançasına qol vurmağa gəlmişdi. Top uzun müddət Odisseas Vlaxodimosun qoruduğu qapının qarşısında ora-bura ötürüldü və yunanların başı gicəlləndi. Elə gicəlləndi ki, bizi avtoqolla sevindirdilər.

Cəmi 11 dəqiqə 9 saniyə. Bu müddət ərzində çox sevindik. "Qəbələ”nin hesabda önə keçməsiylə qapısında qol görməsi arasındakı zaman kəsiyi məhz bu qədər idi. Biz tribunada eyforiyaya qapılmışdıq. Yunanların irəli çıxacağına və bundan yararlanan komandamızın öldürücü zərbəni vuracağına inanırdıq. Birinci baş verdi, ikinci yox. "Panatinaikos” qapısında qol görəndən sonra oyun intizamını pozmadı, amma hücuma daha böyük qüvvəylə və xüsusi həvəslə çıxmağa başladı. Bunu hiss etmək, oyuna əl gəzdirmək vacib idi. Amma çox hörmətli Qriqorçuk bunu etmədi...

"Qəbələ”nin həmin dəqiqələrdəki oyununda tələskənlik, tezliklə ikinci qolu vurmaq niyyəti hiss olunurdu. Halbuki bunu daha soyuqqanlı şəkildə icra etmək mümkün idi. Həmin anlarda oyunu sakitləşdirib yunanların daha çox qıcıqlanmasını gözləyə bilərdik. Əvvəl-axır onların müdafiəsində yeni bir boşluq tapacaq, bizə növbəti mərhələnin qapılarını açacaq qolu vuracaqdıq. Səbrimiz, təcrübəmiz, peşəkarlığımız çatmadı.

Yunanların müdafiədə səhv etməsinə ümid bəsləməkdəykən özümüz həmin səhvi buraxdıq. Qriqorçuk "Panatinaikos”un cavab qolu vurduğu epizoda dəfələrlə baxmalı, onu yetirmələrinə də əzbərlətdirməlidi. Belə səhvi buraxan komanda mütləq cəzalanmalıydı. Elə cəzalandı da. Kabezasın vurduğu qol isə "Qəbələ”nin fiziki və mənəvi cəhətdən necə çökməsinin tablosu idi.

Roman İosifoviç bunları görməli, həmin o 11 dəqiqəlik zaman kəsiyində oyuna müdaxilə etməliydi. Deyəsən, onun da başı bizim kimi sevinməyə, qolu bayram etməyə, hesabın 2:0-a çatmasını arzulamağa qarışmışdı. Biz yunanları dayandıra bilmədik, onlar bizi dayandırdı. Qrup mərhələsinin astanasına yollanan "Panatinaikos”un arxasınca baxa-baxa yerimizdə qaldıq. Bu dəfə qrup mərhələsinə istiqamətlənən qatar yoluna bizsiz davam edəcək...

Artıq Qriqorçukun və onun komandasının qarşısında yeni hədəflər durur. Yəqin ki, qısa istirahətdən sonra "Qəbələ” həmin hədəflərə çatmaq üçün hazırlıqlara başlayacaq. Biz isə ümidlə gözləyəcəyik. Əldən buraxdığımız qatara növbəti mövsüm minmək ümidi ilə!

Amal ABUŞOV


Xəbər lenti