100-də 1 - İngiltərə necə dünya çempionu oldu?

100-də 1 - İngiltərə necə dünya çempionu oldu?

Son "Vimbldon" finalı haqqında haqlı olaraq çox danışıldı. Ancaq dünən idman adına əsrarəngiz hadisələrin ünvanı təkcə Mərkəzi Kort deyildi. Belə deyim: tennis tarixində Cokoviç - Federer finalının kalibrində olan 5-10 matç tapa bilərsiniz, amma dünən kriket üzrə dünya çempionatının finalında olanların bənzərinə, demək olar ki, rast gəlinməmişdi. Kriket izləməyən birinin, bəlkə də, bunun üçün peşmançılıq çəkəcəyi yeganə gün dünən idi. "Lords Kriket Qraund"un şahidlik etdiyi bu 9 saatlıq "marafon"u xüsusi edən səbəblər barədə.

Yeni Zelandya öz inninqini 241 ranla tamamlamışdı. Yəni İngiltərənin dünya çempionu olmaq üçün 242 rana ehtiyacı var idi. Amma inninqin gedişində ingilislərin işləri heç qaydasında getmirdi. Daha yaxşı başa düşülməsi üçün Avstraliya ilə oynanılan yarımfinal matçı ilə mini bir müqayisə aparacam. İngiltərə sözügedən oyunda 100 ranı 16-cı overdə keçmişdi. Bu görüşdə isə onlar 100 rana 28-ci overdə çata bildilər. Arada 12 over fərq var. Qayıdaq finala. 40 overin tamamında İngiltərənin aktivində 170 ran var idi. Over başına ran göstəricisi 4.25 idi. Son 10 overdə isə bu göstərici 7.2-ə çatmalı idi. Məsələni daha da dramatikləşdirək. Son 3 overdə lazım olan rəqəm 11.3 həndəvərində idi, İngiltərəyə konkret olaraq 3 overdə toplam 34 ran lazım idi. Son overlərdə bukmeyker kontorlarında ingilislərin çempionluğuna verilən canlı əmsal 50-nin üzərində idi.

İngiltərə 48-ci overi 10, 49-cunu isə 9 ranla tamamladı. Sonuncu overdə, çempion olmaq üçün 6 vuruşun tamamında 15 ran götürməli idilər. 14 ran olacağı təqdirdə isə bərabərlik qeydə alınacaq və ODI (birgünlük format) üzrə ilk dəfə qalibi müəyyənləşdirmək üçün super overə ehtiyac yaranacaqdı. İngiltərə maksimum risk etməli idi. Əlavə olaraq, bunu edərkən Yeni Zelandiyanın viket limitini keçməsinə də mane olmalı idilər. Əks təqdirdə, matç yarımçıq bitə də bilərdi. Amma inanılmazın inanılmazı reallaşdı. Son 6 vuruşun ilk ikisində Ben Stoks ran qazana bilmədi. Geriyə qalırdı 4 zərbə şansı. Növbəti şansda Stoksdan 6-lıq gəldi. Ən əcaib hadisə sondan üçüncü vuruşdan sonra baş verdi. Zelandiyalı Martin Qaptill topu viketkiper tərəfə göndərəndə İngiltərə zona dəyişərək sadəcə 2 ran qazanmağa çalışırdı. Amma hava ilə göndərilən top, qaçaraq 2 ran götürməyə cəhd edən ingilis Ben Stoksun çubuğuna dəyərək yön dəyişdirdi və meydanın sərhədlərini tərk etdi (havadan yox, yerlə). Viket olmamağı bir kənara, İngiltərə bu rikaşet sayəsində 2+4, yəni 6 ran qazandı. Bu hadisənin özü belə, nadir hallarda olur. Bu arada, epizodun 6 əvəzinə, 5 ranla dəyərləndirilməli olduğuna dair haqlı şübhələr var.

Növbəti zərbə sayəsində İngiltərənin aktivinə 1 ran əlavə olundu. Qalırdı 1 şans. İngiltərə çempion olmaq üçün 2 ran etməli idi. 1 ran bərabərlik, 0 isə Yeni Zelandiyanın çempionluğu demək idi. İngiltərə son zərbədən 1 ran götürdü və oyunun əsas hissəsi 241:241-lik bərabərliklə tamamlandı. Bu, tarixdə ilk dəfə qalibi super overin müəyyənləşdirəcəyi anlamına gəlirdi. ÇL-in məşhur 2005 finalının - "Milan" - "Liverpul" - bir az fərqli versiyasını düşünün. Sanki "Liverpul" 90+də üç dəfə fərqlənərək 0:3-ü 3:3 edir - futbolla arada ancaq belə bir bağlantı qura bilərəm. Amma bununla da kifayətlənmədilər, davamı var.

Super over formatında hər komandanın bir over (hərəyə 6 zərbə) şansı olur. İngiltərə öz overində 15 ran etdi. Yeni Zelandiyanın çempion olmaq üçün 16 rana ehtiyacı var idi. Məsələni başqa bir səviyyəyə daşıyan hadisələrdən biri də super overdə baş verdi. Yeni Zelandiya da overini 15 ranla tamamladı. Yenə bərabərlik olduğundan, qaydalara əsasən, "boundary" sayı daha çox olan komanda qələbə qazanmalı idi. "Boundary" 4 və ya 6-lıq zərbələrə deyilir. 4-də top meydanın sərhədlərinə yerdən çatır və ya onu tərk edir, 6-da isə birbaşa hava ilə perimetri aşır. Nəticədə 4 və 6-lıqlarının toplam sayı daha çox olan ingilislər qalib gəldi. Bu, İngiltərənin tarixdəki ilk dünya çempionluğu idi.


İndi, yəqin ki, "Lords"dakı insanların Mərkəzi Kortdakılardan niyə heç də az şanslı olmadıqları aydın oldu. Gərginlik, həyəcan, gözləmə... - əsl triller materialı idi. Təsadüfi deyil ki, Yeni Zelandiya - İngiltərə oyunu mütəxəssislərin əksəriyyəti tərəfindən "tarixin ən yaxşı kriket matçı" qismində göstərilir.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR