"1:5-ə çox da təəccüblənmədim... Onsuz da öyrəşmişik" - MÜSAHİBƏ

Futboldan kənar sahələrdən olan tanınmış şəxslərlə müsahibələrimiz davam edir...

Bu dəfə Azərbaycanın əməkdar artisti Anar Heybətov futbolla bağlı fikirlərini Sport7.az-la paylaşıb.

- Futbolla maraqlanırsınız?
- Maraqlanıram. Düzdü, son illərdə alınmasa da, amma uzun müddət oynamışam. Dostlarla yığışıb oynayardıq. 
 


- Azarkeşlik etdiyiniz komanda hansıdır?
- "Barselona" klubuna azarkeşlik edirəm. Ancaq elə komandandalar var ki, oyunları xoşuma gəlir deyə baxıram. Misal üçün, "Mançester Siti", PSJ-nin oyunlarını izləyirəm. Ancaq "Barselona" ilə oynayanda onlara baxmıram. 

- Bakıda keçirilən Avropa Liqasının final oyununu izləməyə getdiniz?
- Əslində gedəcəkdim, amma gedə bilmədim. Həvəsim vardı, ancaq gedib stadiondan izləməyə vaxt baxımından çatdıra bilmədim. 

- Heç düşünmüsünüz ki, keşkə futbolçu olardım?
- Bilmirəm vallah məndən futbolçu olardı, ya yox. Amma uşaqlıqda oynamışam. 

- Ölkə futbolu ilə maraqlanırsınız?
- "Qarabağ"ın "Atletiko" (Madrid), "Roma" ilə oyunlarına getmişəm. 
 


- Bəs millinin?
- Millinin oyunlarına da getmişəm. Amma çox az. 

- Bu yaxınlarda millimizin oyunları oldu. Rüsvayçı məğlubiyyətləri izlədinizmı?
- Gənclər millimiz də Lixtenşteynə 0:1 uduzdu. Deyəsən rəqib 60 oyun idi qələbə qazanmırdı. Sağolsunlar, bizimkilər sayəsində tarix yazdılar. Vallah, onlar bizə çox sağ ol deməlidirlər. (gülür)...

- Əsas milli də Slovakiyaya 1:5 uduzdu. 
- Nə bilim vallah...

- Kənardan baxan biri olaraq nə düşünürsünüz? Sizcə, bizdə futbol niyə alınmır?
- Düzü, dəqiq bir söz deyə bilmərəm. Çünki futbol mütəxəssisləri oxuyub, deyər bu aktyordu, nə danışır. Onlar daha yaxşı bilər. Fikrimcə, bu işə baxanlar dəqiq bir qərara gəlməlidir, uşaqlara keçirilən məşqə diqqət yetirilməlidir. Məncə, futbolu küçə uşaqları oynasın. 
 


- Bakıda da hazırda küçə futboluna şərait qalmayıb...
- Elədir. Məncə, küçə futbolundan çıxan uşaqlar daha qorxmaz, daha əmzli olur. Misal üçün, üstünə gələn rəqibdən qorxmazlar. Pele kimi əfsanəvi futbolçuları belə çimərlik, küçə futbolundan seçiblər. Fikrimcə, belə uşaqlar yığılsa daha olar. Ancaq yenə də dəqiq bilmirəm uşaqları hardan yığırlar. Sadəcə fikrimi bildirdim. 

- Tanışlığınız olan hansısa futbolçu varmı?
- Gedək lap keçmişə. Vaxtılə "Neftçi"nin şərəfini qorumuş 9 nömrə Əbdülqəni Nurməmmədov atamın dayısı oğludu. Bir də Maşallah Əhmədovu şəxsən tanıyıram. 

Son zamanlarda isə, oyununa, xarakterinə görə Rəşad Sadıqovu çox bəyənirəm. Cavanlardan isə, Vüqar Nadirovu qeyd edərdim. O vaxt "Sent Etyen"ə vurduğu qollardan sonra marağım yarandı. Şəxsi tanışlığımız da var onunla. Yaxın dostluğumuz olmasa da, tanışlığımız var. Mahir Mədətovun, Qara Qarayevin də oyunları diqqətimi çəkir. Bir neçə il öncə Mahirdə o potensialı görürdüm. Bilmirəm indi niyə onun və digər uşaqların oyunu alınmır. Ya bir-birilərini başa düşmürlər, ya nədir səbəbi bilmirəm. Dərinliklərə girmək istəmirəm, səhv danışmış olaram. Bu uşaqların oyunu xoşuma gəlir. Mahir son illərdə bizim futbolu mənə sevdirmişdi. Amma bu 1:5-i nəzərə almasaq... Əslində mənim üçün o 1:5 bir şey deyil. Çox da təəccüblənmədim. Onsuz da öyrəşmişik. (gülür)...
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR