"15 ilə yaxındır ki, belə hallar aradan qalxıb" - Namiq Abdullayev

"Bu etimada görə rəhbərliyə minnətdaram. Daha əvvəl yeniyetmə və gənclər üzrə yığmalarda çalışmışam. Son vaxtlaradək isə aşağı çəkilərə nəzarət edirdim". 

Sport7.az xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Namiq Abdullayev təyinatı barədə danışarkən deyib: "Mənə etimad göstərdiyiniz üçün minnətdarlığımı bildirirəm. Karyeramı bitirəndən sonra da federasiyadan ayrılmamışam. Bildiyiniz kimi, 2009-cu ildən AGF-də yeniyetmələr üzrə vitse-prezident vəzifəsində çalışmışam. 2007-ci ildən Azərbaycan güləşində nəticələr əvvəlki illərlə müqayisə edilməyəcək qədər yaxşılaşıb. Olimpiadalarda, dünya və Avropa çempionatlarında qazanılan uğurlar da bunu göstərir. Ölkə başçısı İlham Əliyevin və federasiya rəhbərliyinin diqqət və qayğısını daim idmançılar hiss edib. Digər məşqçilərlə birgə əlimizdən gələni edəcəyik ki, ümidlərinizi doğruldaq".
 
49 yaşlı mütəxəssis bildirib ki, sərbəst güləşçilər daim nüfuzlu beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər: "Əvvəllər güləşçilərimizə qarşı haqsızlıqlar olurdu. Amma artıq 15 ilə yaxındır ki, belə hallar aradan qalxıb. Bu da Namiq Əliyevin Dünya Güləş Birliyində büro üzvü olmasından irəli gəlir. Ötənilki dünya çempionatında Hacı Əliyevə göstərilmiş qırmızı vərəqənin ləğvi də bunun nəticəsidir".

Abdullayev köməkçilərinin dəyişməsinin mümkünlüyünü istisna etməyib: "Böyük məşqçi Zəlimxan Hüseynov, məşqçi isə Arif Abdullayevdir. Hüseynov hazırda Dağıstandakı güləşçilərlə birgədir. Razılıq əldə etsək, o, komandada qala bilər. Qərarı federasiya rəhbərliyi verəcək".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR