17 illik istehza

17 illik istehza
Beş-altı il bundan əvvəlin söhbətidi. "Fənərbaxça”nın prezidenti Əziz Yıldırıma "Qalatasaray”ın UEFA kuboku var, siz nə vaxt bu uğuru təkrarlaya bilərsiz” deyə sual ünvanlamışdılar. Dünyanın ən unikal və qalmaqallı klub prezidentlərindən olan Əziz bəy gülümsəyərək "Bu, bir təsadüfdür” demişdi. 

Dünən "Qalatasaray”ın UEFA kuboku qazanmasının 17-ci ildönümü idi. Düz 17 il bundan əvvəl Danimarkanın paytaxtı Kopenhagenin küçəcələri türk bayraqları ilə, "sarı-qırmızı” rənglərlə bəzədilmişdi. Həmin gün bütün dünya "Qalatasaray”ı, türk futbolunu bir daha tanıdı, bu adlara hörmət etməyin vacibliyini anladı. "Qalatasaray”ın möhtəşəm uğuru təkcə türkün gücünün tanınması üçün təbliğat vasitəsi olmadı, həm də Türkiyə və digər türk cümhuriyyətlərinin futbolunun inkişafına təkan verdi. Minlərlə cocuq böyüyəndə Hakan Şükür, Arif Ərdəm, Bülənt Korkmaz, Hasan Şaş, Suat və digərləri kimi olmaq üçün futbol məktəblərinin yolunu tutdu, topun sehrinə düşdülər. 

Düz 17 ildi! O zamandan bəri Türkiyədə "Qalatasaray”ın uğurunu təkrarlamağı bacaran olmayıb. "Aslanlar”ın əsas rəqibi hər mövsümün əvvəlində "Bütün kupalara iddialıyız” sloqanı ilə yarışlara başlayır, axırda da həmin qənimətlərdən uzaqbaşı birini qazana bilir. Avropada hər hansı ciddi uğurdan isə söhbət gedə bilməz.

Əziz Yıldırım "danışılmış oyunlar”da iştirakına görə həbsxanaya düşəndə hər kəsin ürəyi ona acıyırdı. Yaşlı və xəstə adamın məhkəmələrdə süründürülməsi, işıqlı dünyaya dəmir barmaqlıqlar arasından baxması çoxlarına pis təsir edirdi. Ümid edirdik ki, tez bir zamanda Allah qapısını açar və başına gələnlərdən nəticə çıxarıb, düzgün və əxlaqlı idman funksionerinə çevrilər. Zaman "qozbeli qəbir düzəldər” məsəlinin çox doğru olduğunu isbatladı. 

Düz 17 ildi! Bu müddət ərzində Əziz Yıldırımın dediyi xoş təsadüf "Fənərbaxça”nın başına gəlmədi, "bəxt" onun komandasının üzünə gülmədi. Təsadüf olsaydı, ötən 17 ildə "Fənərbaxça” da UEFA-dan kubok qazanmaq bir yana, heç olmasa nüfuzlu turnirlərin hansınınsa finalında oynayardı.

Taleyin istehzasıdı, mayın 17-də - "Qalatasaray”ın UEFA kuboku qazanmasının 17-ci ildönümündə "Fənərbaxça” Türkiyə kubokunun finalında "Başakşəhər”ə uduzdu. Özü də penalti zərbələri ilə. 

Demək ki, Əziz bəy, 17 il əvvəl "Qalatasaray”dan penaltiləri necə yerinə yetirməyi öyrənmək lazım imiş!

Amal ABUŞOV






Xəbər lenti