“Qarabağ” çempion?!

“Qarabağ” çempion?!
Bəlkə də ölkə Premyer-Liqasının sonluğunun belə ssenarisi çoxlarının ürəyincə olmadı. Bitərəf azarkeşlər, lap elə idman mətbuatının nümayəndələri də daha drammatik sonluq arzulayırdılar. 

Düzdü, riyazi baxımdan "Qəbələ” çempionluq şanslarını qoruyur, qalan 3 tur ərzində turnir cədvəlinin ilk iki pilləsində yerdəyişmə mümkündü. Amma Roman İosifoviç Qriqorçuk da daxil olmaqla indi buna çox az adam inanır.

Mən sadiq "Qəbələ” azarkeşlərinin və dəyərli klub camiəsinin xətrinə dəymək istəmirəm. Amma reallıq belədi. "Qarabağ”ın bu tarixi fürsəti əldən verəcəyi inandırıcı deyil. "Köhlən atlar” ardıcıl 4-cü il çempion adını qazanmaqla yeni bir səhifəyə öz imzalarını qoyacaqlar.

Bilirəm ki, bu cür qabaqdangəlmişlik "Qarabağ”ın uğurlarının memarı Qurban Qurbanovun da xoşuna gəlmir. Çalışdırıcının dünən axşam mətbuat konfransındakı açıqlamaları da buna açıq işarə idi: "Arxı tullanmamış "hop” demək olmaz”. Amma ötən 25 tur ərzində "Qarabağ”ı da, "Qəbələ”ni də yetərincə izləmişik, bu iki komandanın fərqli və oxşar cəhətlərini, imkanlarının sərhədlərini yaxşı bilirik.

"Qarabağ”ın "İnter”lə oyunda müəyyən qədər çətinlik yaşaması gözləniləndi. Söhbət sabiq "bankirlər”in güclü, yaxud zəif olmasından getmir. Bu komandanı yenmək həmişə "Qarabağ” üçün çətinlik törədib. Amma sonrakı iki turdakı rəqiblər haqda eyni sözləri demək olmaz. Ağdam təmsilçisi cəmi 5-6 gün bundan əvvəl əsas heyətin üzvləri olmadan da "Neftçi”yə heç bir şans vermədi. "Sumqayıt” isə "köhlən atlar” üçün həmişə asan rəqib sayılıb. Deməli, Qurban Qurbanovun komandasının qalan 3 oyunda azı 6 xal toplayacağına şübhə etməyə dəyməz. 

Motivasiyası azalan "Qəbələ”nin qarşılaşmalarına baxaq: Gəncənin "boz” meydançasında "Kəpəz”lə oyun asan olmayacaq. "Sumqayıt” isə "Qarabağ”dan fərqli olaraq, "qırmızı-qaralar” üçün arzuolunmaz rəqibdi. Bu mövsüm "gənclik şəhəri” təmsilçiləri "Qəbələ”ni iki oyunda büdrətməyi bacarıblar. Elə "Sumqayıt”la oyunlarda itirilən 4 xal bu gün Qriqorçuka hava və sudan daha çox vacibdi. Deməli, "Qəbələ”nin son 3 turda büdrəməyəcəyini söyləmək özü belə risklidi.

Fevralın 19-dan sonra bu cür ssenari heç ağlımıza gəlməzdi. "Qəbələ” doğma meydanda "Qarabağ”ı inamlı oyunuyla məğlub etmiş, turnir cədvəlində ilk pilləyə yüksəlmişdi. Ağdam təmsilçisi "Qəbələ”dən sonra "İnter”ə də uduzmuşdu. Bu yerdə Böyükağa Hacıyevin məşhur "qızıl sini” sözlərini xatırladıq. Düşündük ki, qızıl medallar "qızıl sini”də "Qəbələ”yə təqdim olunur və Qriqorçukla yetirmələri bu imkanı dəyərləndirəcək, liderlik kürsüsünü bir daha rəqibinə verməyəcək. Amma olmadı. 

Səbəbləri araşdırmağa başlasaq, fərqli-fərqli məqamlar üzərində dayanarıq. Tutarlısı da var, bəhanə kimi görünəni də. Bu səbəblərin heç birisi reallığı dəyişmək üçün yetərli deyil. Reallıq isə dünən axşam Respublika stadionunda bir daha gözümüzün önündə idi. Futbolda "çox istəmək” deyilən bir termin var. Qələbəni, kuboku, çempionluğu... daha çox istəmək. "Qarabağ” dünən axşam isbatlaya bildi ki, çempionluğu hamıdan çox istəyir. Onların bu istəyini əngəlləmək isə çox çətindi. 

Azərbaycan futboluna xeyirlisi nədisə, o da olsun. Elə indidən hər iki komandamıza da avrokuboklarda uğurlar arzulayaq. Hər şey Azərbaycan futbolu üçün!

Amal ABUŞOV



Xəbər lenti