"NFK League"də mövsümə yekun vuruldu: Qaliblər mükafatlandırıldı - REPORTAJ

Azərbaycanda xarici və yerli komandaların fan-klubları arasında ilk dəfə mini-futbol turniri keçirilib. 

Həftəsonu "NFK League"də mövsümə yekun vurulub. 

Liqanın qalibi "İnter" (İtaliya) klubu olub. İkinci yeri "Yuventus" (İtaliya), üçüncü pilləni isə "Neftçi" (Bakı) komandaları tutub. 
 


Əslində turnirin qalibi sona 1 tur qalmış keçirilən "İnter" - "Yuventus" oyununda bəlli olub. Həlledici görüşdə 1:0 hesabı ilə qalib gələn "İnter" çempionluğu vaxtından tez təmin edib. 
 
 

Mövsümün ən yaxşıları da seçilib. Belə ki, 60 qol imza atan Ruslan Sorokin ("United Europe") turnirin bombardiri olub. "İnter"in kapitanı Zaur Əlizadə mövsümün ən yaxşı oyunçusu, 6 oyunda qol buraxmayan "Yuventus"un qolkiperi Mirmahmud Ağalarov ən yaxşı qapıçı, "İnter" rəsmisi Fərman Kərimov isə ən yaxşı menecer seçilib. 

İlin rəmzi komandasına adları qeyd olunan futbolçular daxil olub: Timur Hüseynov/hücuma meyilli yarımmüdafiəçi ("Liverpul"); Orxan Babayev/yarımmüdafiəçi ("İnter"); Fərhad Şahverdiyev/müdafiəçi ("Yuventus"); Zaur Əlizadə/müdafiəçi ("İnter"); Mirmahmud Ağalarov/qapıçı ("Yuventus"); Ruslan Sorokin/hücumçu ("United Europe").
 


Mükafatlandırma mərasimindən sonra turnirin iştirakçıları fikirlərini Sport7.az-la bölüşüblər. 

Əvvəlcə turnirin təşkilatçısı Elnur Vəliyev geridə qalan mövsüm haqqında fikirlərini səsləndirib: "Əsas məqam odur ki, mövsümü başa vura bildik. Çünki bu liqanı keçirtməyə son anda qərar verildi. Təxminən 1,5 ay vaxt ərzində hazırlaşdıq və çempionata başladıq. Uğurla sona çatdırdıq. Bu böyük bir təcrübə idi. Bu qədər insanların marağına səbəb olan turnir keçirtmək böyük öhdəlik, məsuliyyət tələb edirdi. Təbii ki, bütün işləri tək edə bilməzdim. Mənimlə birgə çalışan digər təşkilat komitəsinin üzvlərinin, komanda kapitanlarının və üzvlərinin öz rolu olub. Buna gör hər birinə təşəkkür düşür. 
 


Çempionata gəlincə, demək olar ki, 90 % müsbət rəy yaratdı. İlk dəfədən heçnə yüzdəyüz, ideal alınmır. Mənfi məqamlardan biri, bəzi komandalarının turnirin gedişində çempionatı tərk etməsi oldu. Bu da bəzi anlaşılmazlıqlar, qayda pozuntusu və ya bəzi qaydaları düzgün anlamamaqlarına görə oldu. Ancaq həmin komandalarının gedişindən sonra belə, çempionata maraq azalmadı. Son turlara qədər çempionluq uğrunda güclü mübarizə getdi. Sona bir tur qalmiş "İnter" "Yuventus"u məğlub edərək çempionluğu təmin etdi. Bu komandaların yanvarda ilk görüşündə hesab açılmamışdı. İkinci oyun da heç-heçəyə doğru gedirdi. Sona 5 dəqiqə qalmiş "İnter" qol vurdu. "İnter" komandası gözləntiləri alt-üst elədi. Əslində favoritlər sırasında sayılmırdı. 6-7-ci yerlərə namizəd kimi görürdük. Lakin gözlənilməyən bir şeyi bacardı. Çünki ən sonlarda qurulan komandalardan biri idi. Heyət qurulandan 1 ay sonra çempionata başlamaq və bu cür uğurlu mövsüm keçirtmək böyük bir nailiyyətdir. Komanda ilk 9 turda ancaq qələbə qazanıb, yeganə məğlubiyyəti 11-ci turda aldı. Bu çox gözəl nailiyyətdir. 
 


Ümumilikdə, turnirdə iştirak edən bütün komandalar ən yaxşı sözlərə layiqdir. Həyəcan, ajiotaj, komandaların hazırlıq səviyyəsi, onların turnirə necə məsuliyyətlə yanaşmasından irəli gəlir. 

"Yuventus", "Neftçi", "United Europe", "Arsenal", "Liverpul", "Barselona", "Bavariya", "Mançester Yunayted", "Çelsi", bütün bu komandalar,  "Milan" ilə "Real"ı da qeyd edərdim, yarımçıq da olsa iştirak ediblər... Hər biri gözəl oyunlar ilə yadda qaldı. Hər bir komandaya alqış, təşəkkür düşür. Ümid edirəm ki, növbəti mövsümdə artıq bu cür hallarla rastlaşmayacağıq. Komandalar mübarizəni başladıqları kimi bitirəcəklər. Nə qədər uğursuzluq olsa da, çətin olsa da, komandalar qaydalar çərçivəsində mübarizə aparacaqlar. 
 


Zaur Əlizadə ("İnter"in kapitanı): "Çöx gözəl hisslər keçirirəm. Maraqlı turnirdi. Düzdü, çətin oldu. Ancaq əlimizdən gələni etməyə çalışdıq. Sona bir tur qalmış çempionluğu təmin etdik. Rəqibimiz "Yuventus"un üzvlərinin bir çoxu yaxın dostlarımızdı. Ancaq buna baxmayaraq, 1 saatlıq rəqabət getdi. Şükürlər olsun ki, qalib ayrıldıq. Azərbaycanda ilk dəfə keçirilən bu çempionatı çox yüksək qiymətləndirirəm. İnşallah, gələn ildən komandaların sayı daha da çox olacaq. Demək olar ki, bütün nüfuslu klubların fan-klubları burada çıxış etdi. Bir neçə fan-klub tam heyətlə gəlməmişdi, ancaq yanvarda transfer pəncərəsi bağlandıqdan sonra bütün komandalar gücləndi və rəqabət artdı".


Rəşad Cavadov ("Yuventus"un kapitanı): "Komadan şəklində qatıldığımız ilk turnirdi. Çox maraqlı keçdi. Çempionluğa iddialı idik. Hətta proqnozlara görə, çempion olacaqdıq. Ancaq alınmadı. İnşallah, gələn il bu turnirə güclü heyət, daha güclü motivasiya ilə qatılacağıq və qalib olacağıq. Bu liqa əladı. Çünki sadəcə həvəskarlardan təşkil olunub. Keçmiş futbolçu və s. yoxdu. Sırf öz klubununazarkeşlərindən ibarət komandalardı. Ona görə də fikrimcə, keçirilən çempionatlar arasında ən maraqlısıdı. 

Çempionluğu əldən verməyə gəlincə, həmişə qalib olmaq olmur. Məğlubiyyətlərdən də bir çox şey öyrənmək lazımdı. Bu il bu məğlubiyyətdən nələr öyrəndiyimizi gələn il göstərəcəyik. Gələn mövsüm daha maraqlı olacaq. Biz də daha güclü heyətlə qatılacağıq".
 


Əliyev Əhməd ("Neftçi"nin kapitanı): "Çempionatı yaxşı qiymətləndirirəm. Düzdü, təşkilatçılıqda biraz nöqsanlar vardı. Meydançanın olmaması, bəzən oyunların məkanlarının dəyişməsi kimi problemlər... Ancaq ümumilikdə bu çempionatı çox gözəl dəyərləndirirəm. Komandanın üzvləri "Neftçi" azarkeşləridi. İşlə bağlı səfər oyunlarına getməkdə bəzən çətinlik çəksək də, "Bakcell Arena"da keçirilən bütün oyunlara gedirik. Sözün düzü, bizim heyətimiz tələsik qurulmuşdu. Çempionata ən axırda biz qatıldıq. Oyunçuları ordan-burdan yığdıq. Yerli komandanın futbol oynayan azarkeşlərini tapmaq çətindi. Düzü, "Forza Neftçi"yə müraciət etməmişdik. Elə öz tanıdığımız uşaqları yığdıq. Ona görə digər komandalarla müqayisədə, heyətimizi elə də gücləndirə bilmədik. Amma gələn mövsüm sözsüz ki, çempionluğa oynayacağıq. Bu il biz də "Neftçi" kimi çempionatın sonuna yaxın bəzi oyunları əldən verdik. Üzüldük. "Neftçi" bizi üzdü. Ancaq gələn mövsümü gözləyək". 
 


Ruslan Sorokin ("Yunayted Avropa", mövsümün bombardiri): "Bizim komanda liqanı 4-cü pillədə başa vurdu. Mən isə 60 qolla mövsümün bombardiri seçildim. Turnir çox yaxşı keçdi. Mükafatçılar "İnter", "Yuventus" və "Neftçi"ni təbrik edirəm. Digər komandalar da yaxşı çıxış etdi. Turnirin ən yaxşıları adı qazanan futbolçuları da təbrik edirəm. Bombardirlər sırasında olan futbolçular da sona kimi mübarizə apardılar. Hər birinə əhsən. Ümid edirəm ki, yeni mövsümdə də çempionat davam edər. Turnirin təşkilatçısı Elnur Vəliyevə də minnətdarlıq bildirirəm". 
 
Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR