Avroliqa:

Avroliqa: "Anadolu Efes" və ÇSKA finalda

Kişi basketbolçuların Avroliqa turnirində "Dördlər finalı"na start verilib.

Günün ilk matçında iki Türkiyə təmilçisi üz-üzə gəlib. "Fənərbağça" "Anadolu Efes"lə münasibətlərinə aydınlıq gətirib.
 
İkinci perioddan etibarən hesabda önə keçən "Anadolu Efes" sonlara doğru üstünlüyünü daha da möhkəmləndirərək 92:73 hesablı qələbə qazanıb. 9 üçlük cəhdinin 5-də dəqiq olan Şeyn Larkin 30 xalla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Vasili Miçiç 25 xalla oynayıb. "Fənərbağça"nın heyətində isə Yan Veseli 14 xalla ön plana çıxıb.
 
ÇSKA - "Real" matçı daha gərgin keçib. Madrid klubu üçüncü periodun gedişində xal fərqini 14-ə çatdırıb. Buna baxmayaraq, geri dönüş edən və oyunun sonuna 1 dəqiqə 19 saniyə qalmış Nando De Kolonun atdığı basket sayəsində irəli çıxan ÇSKA yekunda qələbəni bayram edən tərəf olub. Fransız basketbolçu və Serxio Rodriqes 23 xalla qalibiyyətin əsas memarları olublar. "Real"ın heyətində 15 dəqiqə meydanda qalan Fabyen Kozer 18 xalla oynayıb.
 
"Anadolu Efes" və ÇSKA arasında oynanılacaq final görüşü bazar günü keçiriləcək.

Qeyd edək ki, "Dördlər finalı"na İspaniyanın Vitoriya şəhərində yerləşən və "Baskoniya" klubunun oyunlarını keçirdiyi "Fernando Buesa Arena" ev sahibliyi edir.


Avroliqa

Dördlər finalı

Vitoriya (İspaniya), "Fernando Buesa Arena"

"Fənərbağça" (Türkiyə) - "Anadolu Efes" (Türkiyə) - 73:92

ÇSKA (Rusiya) - "Real" (İspaniya) - 95:90
 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR