"Qəbələ"nin hazırlıq planı müəyyənləşdi

"Qəbələ” 2019-2020-ci illər mövsümünün hazırlıqlarına iyunun 17-də start verəcək.
 
Sport7.az xəbər verir ki, "Qırmızı-qaralar” ilk təlim-məşq toplanışını Qəbələ şəhər stadionunda gerçəkləşdirəcək. Sənan Qurbanovun komandası hazırlığın birinci mərhələsini iyunun 29-da keçiriləcək yoxlama oyunu ilə başa vuracaq. "Qəbələ” Bakıda "Zirə” ilə görüşdə qüvvəsini sınayacaq. Qarşılaşmanın ertəsi gün bərpa prosesi keçəcək futbolçular ardınca istirahətə buraxılacaq.
 
İkigünlük istirahətdən sonra bir araya gələcək "qırmızı-qaralar” iyulun 3-də növbəti məşqini gerçəkləşdirəcək. Ayın 4-də isə komanda təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. "Qəbələ” iyulun 18-dək Boluda hazırlıq keçəcək. Toplanış çərçivəsində üç yoxlama oyunu nəzərdə tutulub. Qurbanov yetirmələrini ayın 7-də, 12-də və 17-də keçiriləcək matçlarda sınayacaq.
 
Sınaqçı rəqiblərdən birinin adına da artıq aydınlıq gəlib. İlk yoxlama oyununda komandamız Ukrayna təmsilçisi "Mariupol”la üz-üzə gələcək. Ötən mövsüm Ukrayna Premyer Liqasında 4-cü yeri tutan bu komanda da "Qəbələ” kimi UEFA Avropa Liqasında çıxış edəcək.

Azərbaycan kubokunun qalibi olan "qırmızı-qaralar” UEFA Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR