Cavid

Cavid "Kəpəz"lə müqavilə bağladı: "1-2 il Azərbaycanda püxtələşsin"

Bir neçə gün öncə gənc qapıçı Cavid Qurbanovun Türkiyəyə yola düşəcəyini yazmışdıq. Onun atası İntizar Qurbanov türk klublarından "Darıca Gənclərbirliyi"nin oğlunu istədiyini və yaxın günlərdə qardaş ölkəyə yola düşməyə hazırlaşdıqlarını söyləmişdi. Hətta bu məsələ ilə bağlı klub nümayəndəsi ilə danışdığını və hərtərəfli razılığa gəldiklərini, yalnız işin rəsmi tərəfi qaldığını demişdi. Bunun da klub rəsmisi Nail Zeynalovun Bakıya gələndən sonra həllini tapacağı gözlənilirdi. Türk klubundan Cavidə qidalanma, yaşama, geyimlə bağlı da şərait yaradılacağını və lazım olan hər şeylə təmin ediləcəyi haqda da məlumat verilmişdi. Hətta maaş da nəzərdə tutulmuşdu. 
 
Ancaq ailəsi 16 yaşlı qapıçını Türkiyəyə göndərməkdən vaz keçib. İntizar bəy Sport7.az-a açıqlamasında Cavidin "Kəpəz"in U-17 komandası ilə 1 illik müqavilə bağladığını söylədi. Ata Qurbanov oğlunu Türkiyəyə göndərmək istəməmələrini belə izah etdi: "Açığı, "Darıca Gənclərbirliyi"nin nümayəndəsindən xəbər olmadı. Mənimlə keçən dəfə əlaqə saxlayandan sonra o adamdan səs çıxmadı. Halbuki bilet aldığını və Bakıya gələcəyini demişdi. Gözlədim gəlmədi. Heç indidən sonra gələcəyi də real görünmür. Belədə onunla əlaqəni kəsdim. Baxdım ki, transfer pəncərəsi bağlanır. Gələsi olsaydı, mesajlarıma cavab verərdi. Həm də yoldaşım razılaşmadı. Uşaq neçə vaxtdı evdə də olmurdu. Belədə fikirləşdik ki, heç olmasa 1-2 il Azərbaycanda oynasın, tam püxtələşsin. Onun elə vaxtıdı ki, hələ 16 yaşı var. Qıraq ölkədi, nə olar, nə olmaz. Anadı də, istəmədi. Amma getmək şansı həmişə var".

İntizar bəy "Kəpəz"i nə üçün seçdiklərini də dedi: "Cavidi "Kəpəz"dən əlavə "Tufan" da istəyirdi. Hər təminatı vermişdilər. "Kəpəz"i niyə seçdik? Gəncə ilə Ağstafanın arası 100 kilometrdi. Yəni yaxındı, 1 saatlıq yoldu. Hər hansı çətinlik olsa evə də gəlib-gedə bilər. "Tufan" Bakıdadı, əlimiz çatmır, həmişə gedib-gələ bilmirik. Onsuz da eyni liqalarda oynayırlar. Düzdü, Türkiyəyə getsə daha yaxşı olardı. İnkişaf edəcəkdi, çünki orada futbol strukturu tamam başqadı. O da alınmadı, nə edə bilərik? Cavab vermədilər, biz də belə addım atdıq. Gələn il "Kəpəz" yüksək liqaya çıxacaq. Biz də 1 illik müqavilə bağladıq ki, U-17-dən sonra uşaq əvəzedicilərdə oynaya bilsin. "Kəpəz"də ona maaş nəzərdə tutulmasa da də hər şeylə bağlı təminat verilib. Lazım olsa qalacaq, ya da gedib-gələcək. Komandada iki qapıçı var. Cavid əsas qapıçı olacaq. 17 yaşlılar arasında Azərbaycan çempionatında oynayacaqlar. Bu komanda gələcək üçün nəzərdə tutulub. Gələn il həm U-19-a, həm də əvəzedici heyətə uşaq seçəcəklər. Bundan əlavə "Kəpəz" köklü klubdu. Büdcələri az olsa da hər il Birinci Divizionda çıxış edirlər. Aldığım məlumatlara görə gələn ildən "Kəpəz"lə "Turan Tovuz" yüksək liqada oynayacaq. "Kəpəz"in akademiyası, meydançası da hazırdı. Üstəlik Cavid bu komandada göz qabağında olacaq".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR