Dünya çempionatı təxirə salındı

Dünya çempionatı təxirə salındı

Ötən gün Beynəlxalq Qılıncoynatma Federasiyasının İcraiyyə Komitəsinin videokonfrans formatında onlayn iclası keçirilib.
 
Sport7.az xəbər verir ki, iclasda koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətdən irəli gələrək bir sıra qərarlar qəbul olunub.

Qərarlardan biri yarışların keçirilməsi ilə bağlı təqvimdə edilən dəyişikliklərdir. Cari il ABŞ-ın Solt-Leyk-Siti şəhərində keçirilməsi planlaşdırılan yeniyetmə və gənclərin dünya birinciliyi ləğv olunub. ABŞ Qılıncoynatma Federasiyası analoji yarışa 2022-ci ildə ev sahibliyi etməyə hazır olduğunu bildirib. 2021-ci ildə Misirin paytaxtı Qahirədə keçirilməsi nəzərdə tutulan dünya çempionatı isə 2022-ci ilə təxirə salınıb. Komitə üzvlərinin ilkin qərarına əsasən beynəlxalq yarışlar cari ilin noyabrında bərpa edilə bilər. Bununla bağlı son qərar İcraiyyə Komitəsinin sentyabrın 1-də keçiriləcək növbəti iclasında açıqlanacaq. Mövcud vəziyyətlə əlaqədar olaraq cari il nəzərdə tutulan bəzi yarışların keçirilməsi mümkün olmasa, bu turnirlər ləğv olunacaq.

Qurum reytinq xallarının hesablanması qaydasına da aydınlıq gətirib. İcraiyyə Komitəsinin qərarına əsasən yeni mövsümdən paralel olaraq iki reytinqdən istifadə olunacaq. Bunlar hazırda dondurulmuş olimpiya təsnifat və cari reytinqdir. 2020-ci ilin mart ayına kimi formalaşmış olimpiya təsnifat reytinqində qılıncoynadanların topladığı reytinq xalları olduğu kimi saxlanılacaq. Reytinq xalları 2021-ci ilin martında yekunlaşacaq olimpiya təsnifat dövrü ərzində keçiriləcək Qran-Pri seriyalı yarışlar və Dünya Kubokları zamanı aktiv olacaq. Artıq toplanılmış reytinq xalları olimpiya təsnifat dövrü yekunlaşdan sonra keçiriləcək zona yarışları və olimpiadaya vəsiqə qazanmaq üçün hesablanacaq və idmançıların olimpiya təsnifat cədvəlində istifadə olunacaq.

Cari reytinq isə 2020-ci il noyabr-2021-ci il fevral tarixlərində keçiriləcək yarışlarda (ötən mövsüm analoji şəhərlərdə keçirilən turnirlər çıxmaq şərtilə) qeydə alınan nəticələrə əsasən hesablanacaq. Cari reytinqdə toplanılmış xallar olimpiada başa çatandan sonra idmançının ümumi reytinqinə əlavə olunacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR