"25 il bir komandaya sadiq qalmaq..." - MÜSAHİBƏ

Bildiyiniz kimi, Sport7.az saytı ölkəmizdə fəaliyyət göstərən Avropa klublarının rəsmi fan-klublarına da tribuna ayırıb.

Bu dəfə "Roma" fan-klubunun rəsmisi Yunis Mustafayev ilə söhbətləşdik. 

- Əvvəlcə sizi yaxından tanıyaq...
- Yunis Mustafayev. 31 yaşım var. 2000-ci ildən "Roma" klubuna azarkeşlik edirəm. 



- Niyə məhz "Roma"?
- Tarixinin ən zəif vaxtları olsa belə açıq və gözəl futbol oynaması və sözsüz ki, əsas səbəb Françesko Totti olub. Mənə görə o, gəlmiş-keçmiş ən güclü və sadiq futbolçudur. 

- Demək ən bəyəndiyiniz futbolçu Tottidir...
- O, dünyada öz klubundan böyük olan tək futbolçudur. 25 il bir komandaya sadıq qalmaq, 250-dən çox vurduğu qollar, "Real"ın prezindentinin göndərdiyi "10 Totti" yazılı forma və boş maaş çekinə baxmayaraq komandasında qalmaq ancaq onun bacaracağı iş ola bilərdi. Futbola vida etdiyi 28 may 2017-ci il tarixi mənim 29-cu yaş günümə təsadüf etdi. Onun "Stadio Olimpico" və "Roma"lılarla 43 dəqiqəlik vidalaşmasını ömrümün sonunadək unutmayacağam. Ümid edirəm ki, yaxın gələcəkdə baş məşqçi kimi onun komandanın başında görmək bizə qismət olar. 

- Bəs milli komandalardan hansına azarkeşlik edirsiniz?
- Gözəl futbolu sevib, baxmaqdan zövg alıram. Ancaq bir çox azarkeşlərdən fərqli olaraq İtaliya yox, Hollandiya millisinə azarkeşlik edirəm. 
 

 
- Fan-klubunuzla bağlı məlumat verə bilərsiniz?
- Azərbaycanda "Roma" azarkeşləri çoxdur, "facebook"da səhifənin izləyiciləri də kifayət qədərdir. Ancaq oyunları izləməyə 25-30 nəfər gəlir. Fan-klubun rəhbəri Mustafa Kamaldır. Mən də idarə heyətində müəyyən işlər görürəm. 

- Oyunlara harada baxırsınız?
- "Sport club"da izləyirik. Adətən A Seriya yox, ÇL-də vacib oyunlarında fan-klub olaraq bir araya toplaşırıq. 
 


- Sevimli komandanızın çıxışı necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, komandanın hazırki vəziyyəti və turnir cədvəlində tutduğu yer heç bir "Roma"lını razı sala bilməz. Ötən mövsüm Çempionlar Liqasında finalın bir addımlığında olan və fantastik futbol nümayiş etdirən komanda, bu il ilk 4-lüyə düşməkdə çətinlik çəkir. Bunda isə başlıca səbəb komandadan göndərilən futbolçuların əvəzinə eyni səviyyədə olan futbolçuların tranfser olunmasıdır. Futbol bacarığı olaraq isə Pastore heç vaxt Naingollan, Olsen heç vaxt Alisson, Nzonzi isə Strootman ola bilməz.
 
Röya Kərimli
Sport7.az
 



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR