"3-cü pillənin həll olunduğunu deyə bilmərik"

"Neftçi" ilə oyunda qələbə qazanan "Səbail" xallarının sayını 30-a çatdırmaqla turnir cədvəlinin 3-cü pilləsinə yüksəldi. 

Burda da "Qəbələ"ni 6 xal qabaqlayan paytaxt klubu artıq Avroliqaya vəsiqə verən pillədə qərarlaşıb. Bəs baş məşqçi Aftandil bəyin planları necədi? Artıq Avroliqa haqda düşünmək olarmı?

Mütəxəssis Sport7.az-a açıqlamasında komandanın durumu ilə bağlı sualları cavabladı: "Vacib 3 xal qazandıq, əvvəlcədən bilirdik ki, çempionatın liderinə qarşı oynayırıq. Yaxşı hazırlaşmışdıq. Oyun gərgin keçdi, "Neftçi"nin təzyiqi gözlədiyimizdən daha da çox oldu. İlk hissədə 2:0 hesabı ilə önə keçmişdik. İkinci yarıda daha çox təzyiq olacağını gözləyirdik. Sevinirik ki, sona qədər dözə bildik və vacib 3 xal qazandıq"

Aftandil bəy Avroliqa planları ilə bağlı da danışdı: "Hələ Avroliqa haqda danışmaq tezdi, çünki müxtəlif variantlar var. Yarımfinalda "Suqmayıt" "Zirə" ilə qarşılaşacaq. Hər ikisinin kuboku qazanmaq şansı var. O cümlədən "Qarabağ"la "Qəbələ" də yarımfinaldadı. 3-cü pillənin də həll olunduğunu deyə bilmərik. Qarşıda 10 tur var, bu da 30 xal deməkdi. Hər rəqibin bu xalları qazanmaq ehtimalı var. Bizim heç bir rəqiblə aramızda 30 xal fərq yoxdu".

Maraqlıdı bu qələbə komandaya oyunlara köklənmək baxımından necə təsir edə bilər? Arxayınlıq yaranırmı?: "Belə düşünmürəm. Hər rəqibə qarşı futbolçuları psixoloji baxımdan düzgün hazırlamağa çalışırıq. Fərqi yoxdu, istər çempionatın favoritinə, yaxud alt hissədə gedən komandalara qarşı oyun olsun. Amma təbii ki, bu cür oyunlardan sonra dediyiniz məqama, arxayınlığa yol verməmək lazımdı". 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR