99-cu ilin xatirəsi, 99-cu dəqiqənin faciəsi

99-cu ilin xatirəsi, 99-cu dəqiqənin faciəsi
Söz vaxtını çəkər deyiblər. Danışıram sizə 1999-cu ilin bu günlərindən. Daha dəqiqi, həmin ilin martın 31-dən...

19 il bundan əvvəl siyasi hakimiyyətlə AFFA arasında gərginlik öz pik həddinə çatmışdı. Rəhmətlik Fuad Musayevi postundan uzaqlaşdırmaq, AFFA-nı nəzarət altına almaqdan ötrü bütün imkanlar səfərbər olunmuşdu. Rəzalətin miqyasını təsəvvür etmək üçün bir məqamı qeyd edim. Gənclər və İdman Nazirliyi tabeçiliyində olan Respublika stadionunun oturacaqlarını təmir etmək adıyla sökmüşdü. Plastik oturacaqların quraşdırılması aylarla uzadılırdı, süründürülürdü. Rumıniya ilə oyun ərəfəsində stadionda cəmi 7 min oturacaq quraşdırılmışdı. UEFA da təhlükəsizlik səbəbindən AFFA-ya bu sayda biletin satılmasına icazə vermişdi.
 
Milli komanda həmin vaxt indiki kimi azarkeş dəstəyinə həsrət deyildi, azarkeşlər stadionun ətrafına toplaşmış və nəyin bahasına olursa-olsun içəri daxil olmağa çalışırdılar. Mən də həmin o onminlərdən biri idim. Böyük darvazaların birinin qarşısından dayanmışdıq. Qəfildən kütlə hərəkətə gəldi. Bir-iki-üç dedik... Dəmir darvaza onu bağlı saxlayan polislərlə birlikdə yerə sərildi və kütlə tribunalara axın etdi.

Əhməd Ələsgərovun çalışdırdığı millimiz Hacının həmvətənlərinə qarşı kişi kimi mübarizə aparırdı. Çoxdandı ki, bizimkilərin bu cür cəsarətli, inamlı oyununu görmürdük. Amma qol imkanlarını sağa-sola xərclədik. Gözüqorxmuş rumınlar müdafiəyə böyük diqqət ayırdılar, əks-hücum taktikasından yararlandılar. Sonda təcrübə özünü göstərdi. Yanlış xatırlamıramsa, rumınlar Kosmin Kontranın ikinci hissədə vurduğu qolla Bakıdan 0:1 hesablı qələbə və 3 xalla ayrıldılar.
 
Oyundan sonra keçirilən mətbuat konfransında Əhməd Ələsgərovun dediyi bu sözlər indiyə kimi xatirimdədi: "Lıçkın boş qapıyla üzbəüz qalanda topu ayağıyla yox, başı ilə vursaydı, biz qələbə qazanacaqdıq”.

Ələsgərov düz deyirdi. Həqiqətən də Lıçkin əla fürsəti boşa vermişdi. Boş qapıya topu göndərmək, hesabı açmaq üçün havadakı topa başla toxunmaq, onu "çərçivə”yə istiqamətləndirmək yetərli idi. O isə ayağını topa sarı uzatdı və zərbəsi uğursuz alındı... 19 il bundan əvvəl belə şeylərə təəssüflənirdik.
 
Dünən axşam U-21 millimiz irlandiyalı həmyaşıdlarına uduzdu. Özü də oyunun 99-cu dəqiqəsində qapımıza vurulan qolla. Həmin qol olmasaydı, İrlandiyadan bir xalla dönəcəkdik. 5-ci qrupdakı xal ehtiyatımız ikiyə çatacaqdı, vurulan və buraxılan qollar qrafasındakı rəqəm isə "-18” qalacaqdı. İndi həmin saldo "-19”dur!

Gənclərimiz 1 xalla 5-ci qrupun sonuncusudur. San Marino, Malta və Lixtenşteyn milliləri mübarizə apardıqları qrupda xalsızdılar və sonuncu pillədədilər. Andorranın 2, Litvanın 3, Lüksemburqun isə 4 xalı var. Qazaxıstanın U-21 yığması 9-cu qrupda 3-cü pillədədi. Qazaxlar 2 qələbə, 3 heç-heçə sayəsində 9 xal toplayıblar. Gürcülərin 8 xalı var, onlar da qruplarında 3-cü pillədə yer alıblar. Ermənilər 7 xalla 7-ci qrupun 4-cüsüdür.

Biz uşaq olanda lətifələr belə başlayırdı: bir azərbaycanlı, bir erməni, bir də gürcü... Üstündən gör neçə il keçib. Hamı az-çox irəliləyib. Biz isə hələ də 99-cu ildə olduğu kimi, üzülməkdəyik. Bu dəfə 99-cu dəqiqədə buraxdığımız qola üzüldük. Daha demədik ki, o dəqiqəyə kimi özümüz niyə qol vura bilməmişdik?!

Amal ABUŞOV

Xəbər lenti