Ağasəlim Mircavadov: "İlk dəqiqələrdən aqressivlik göstərməliyik"

Ağasəlim Mircavadov:
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Ağasəlim Mircavadov yığmamızın həm Kosovo həm də bu gün baş tutacaq Malta ilə oyunları haqda fikirlərini bölüşüb.

Sport7.az-a açıqlamasında Mircavadov bunları söyləyib: "Kosovo ilə heç-heçənin də normal sayıldığını deyə bilərəm. Çox oyunlara baxırıq. Məsələn Fransa - Hollandiya, İngiltərə -İspaniya izlədik. Belə oyunlarda bir balaca səhv olan kimi ondan istifadə edirlər. Bu da təcrübədən asılıdı. Kosovo ilə oyunun son dəqiqələrində yaxşı qol vəziyyəti yaratmışdıq. Nazarovu nəzərdə tuturam. Ondan çox şey gözləyirdim. Çünki yığmaya gələn gündən normal oyun göstərir. Qol vəziyyətlərindən də istifadə edirdi. Təəssüf ki, həmin epizodda düzgün qərar vermədi. Ayağının içi ilə zərbə endirməli olduğu halda, topu üstü ilə vurdu. İstifadə edə bilmədi. Yığmaların oyununda nadir hallarda olur ki, təkbətək qalasan qapıçı ilə. Sənə imkan vermirlər. Heç nədən imkan yaratmaq və qol vurmaq ustalıqdı. Kosovonu tərifləyirdilər. Mən deyərdim ki, normal komandadı. İkinci hissədə yoruldular. Üstünlüyümüz də bu oldu. 

Qorxaq futbol deyəndə, ikinci hissədə aqressivlik vardı. İlk hissədə isə nəyisə gözləyirdilər. Həmkarlarınız yazmışdı ki, Kosovonun futbolçuları orda-burda oynayır. Amma elə də yüksək səviyyəli çempionatlarda çıxış etmirlər. Biz İtaliya, Almaniya ilə oynamışıq. Hətta, məğlub olsaq belə o komandalara qol da vurmuşuq. Bizim təcrübəmiz həddindən böyükdü. Dünən baxdım, Belarusla San-Marino oynayırdı. Belarus 5:0 uddu, amma çox qol vəziyyətləri yaratdılar. Sadəcə vura bilmirdilər. İndi hər ölkə futbol oynayır. Bizim ənənəmiz var. Ənənə deyəndə yenə də məsələ gəlib çempionata çıxır. Çünki yığmadakı futbolçular klublardan gəlirlər. Çempionatımızda gərgin oyunlar demək olar yox səviyyəsindədi. Bəs yığma necə oynasın? Söhbət bundadı. Kökünü düzəltsək, qalanları qaydasına düşəcək. Əsas çatışmazlıq çempionatla bağlıdı. 3 tur keçib. Bu müddətdə, cəmi 1 oyun "Neftçi" - "Qarabağ" maraqlı və gərgin keçdi. Qalanlarında gərginlik yox idi. Onu demək istəyirəm ki, nəsə əldə etmək niyyətimiz varsa. hər turda gərgin oyunlar olmalıdı. 

Malta ilə bugünkü oyuna gəlincə, Farer Adalarına uduzublar. Amma bu o demək deyil ki, biz də onları udacağıq. Oynamalıyıq, ilk dəqiqələrdən aqressivlik göstərməliyik. 1 il əvvəl Farer Adalarının U-21 komandası burda oynayırdı. Maraqlandım, heyətində bir neçə nəfər 20 yaşlı Danimarka əsili futbolçular vardı. Danimarka yığmasına düşə bilmirdilər. Bu üzdən vətəndaşlıq alıb Farer Adaları yığmasında oynayırdılar. Onların arasında mərkəz hücumçu vardı, çox bəyəndim. Yaxınlaşdım, bildirdim ki, bu yığma üçün hazırdı. Malta ilə iki oyun oynamışıq. Birində 3:0 məğlub etmişik. O birində uduzduğumuz halda 2:2 oynamışıq. Həmin səhvləri təkrarlamamalıyıq və ilk dəqiqələrdən aqressivlik göstərməliyik. Gürcülərin oyununa baxdım, uddular. 6 xalları var, şansları çoxdu. Müqayisə edib Maltanın Kosovodan zəif olduğunu deyə bilmərik. Onları elə də asan məğlub etməmişdik. 2-3 qol vəziyyəti yaratmışdılar, amma istifadə edə bilmədilər. Özü də həmin vaxt bizdə uşaqlar yaxşı vəziyyətdəı, məşqçi yeni, stadion da əlverişli idi. Azarkeşlər də yaxşı dəstək verirdilər. Qısası demək istədiyim odu ki, öz oyunumuzu göstərməliyik. Hansı ki, bizə qələbə gətirir".

Sport7.az

Xəbər lenti