Abdulbari Gözəl: "İnşallah, fillərlə də döyüşəcəksiniz" - VİDEO+FOTOLAR

Abdulbari Gözəl:
Premyer Liqanın 2014/15 mövsümünün çempionu "Qarabağ” Qəbələdə Azərbaycan Kubokunun da qalibi olaraq "qızıl dubl" edib. Oyundan sonra təyyarə ilə Bakıya qayıdan komanda mövsümü başa çatdırıb. 

Sport7.az xəbər verir ki, dünən mövsümün yekunlarıyla bağlı "Qarabağ" Futbol Klubunun bazasında tədbir keçirilib. 

Tədbirdə klub prezidenti Abdulbari Gözəl, vitse-prezident Tahir Gözəl, İdarə Heyətinin üzvləri Fevzihan Aras, Savaş Uzan, icraçı direktor Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov iştirak ediblər. Öncə söz baş məşqçi Qurban Qurbanova verilib. 

O, qısa çıxışında hər kəsi təbrik edib: "Hər şey düşündüyümüzdən də yaxşı alındı. Başda klub prezidenti olmaqla, hər kəsi təbrik edirəm. Bizim işimiz meydançada olmalıdır. İnşallah, daha da yaxşı olması üçün əlimizdən gələni etməyə çalışacağıq".

Təcrübəli mütəxəssisin qısa nitqindən sonra vitse-prezident Tahir Gözəl danışıb: "Möhtəşəm bir mövsüm keçirdik. Bunun ən böyük səbəbi gözəl səmimiyyət, paklıqdır. Siz "Qarabağ"a baxanda "Azərsun"u görə bilərsiniz. Hər bir insanın, ölkənin çətin günləri olur. Azərbaycanın çətin vaxtlarında "Azərsun" qiymətləri artırmadı, ölkəyə dəstək oldu. "Qarabağ" 10 minlərlə insanın zəhmətinin bəhrəsidir. Rəhmətlik Heydər Əliyev Qarabağın həmişə yaşamasını istəyirdi. Bu məqsədlə də klubu prezidentimiz Abdulbari Gözələ həvalə etdi. O da bu klubun idarəçiliyini bir oğlu kimi mənə tapşırdı. Əlimdən gələni etdim ki, bu işi layiqincə görüm. Hələ o vaxt Qurban Qurbanovla görüşəndə bildim ki, bu komandanın gələcəyi var".

Son olaraq isə prezident Abdulbari Gözəl fikirlərini bölüşüb. O, Çempionlar Liqasındakı komandaları fillərə bənzədib: "Hamınız boşuna çempion olmamısınız. Əziyyət çəkmisiniz. "Dəvədən böyük fil var" deyirlər. Ona görə də hələ qabaqda fillər savaşında mübarizə aparmaq lazımdır. "Qarabağ” yavaş-yavaş Azərbaycan hüdudlarını aşır. Artıq beynəlxalq kluba çevrilməkdəyik. Qarabağ müharibəsi 2 ölkənin münaqişəsi deyil. Burda başqa qüvvələrin də əli var. Təəssüf ki, o qüvvələr bu atəşi elə yandırdılar ki, qarşısındakı da bilmədi ki, gələcəyini qaraldır. İndi baxın Azərbaycan hansı səviyyədədir. Türkiyəyə boru xəttinin çəkilməsi Azərbaycanı başqa yerə gətirdi. Allah Heydər Əliyev kimi lideri yetişdirdi, o da Azərbaycanın gücünə güc qatdı. Avropa Oyunları Bakıda başlayacaq. Bu, sadə bir iş deyil. Azərbaycan burda mədəniyyətini, birliyini göstərdi. İdman sahəsində bu ölkə artıq adını gözəl hərflərlə yazdırır. Allah Azərbaycana Heydər Əliyev kimi lider yetişdirdi. O camaatın istəyi ilə burda bütün məsələləri yoluna qoydu. Futbol sadə oyun deyil. Futbol mənəvi oyundur, Azərbaycanı dünyaya tanıtdırmaq üçün yaxşı vasitədir. O vaxt Heydər Əliyev dedi ki, bir klub al, get qabağa. Bu o deməkdir ki, o bizə inandı. "Azərsun” heç vaxt qürurlanmayıb. Qürur Allaha məxsusdur. Bu uğurlar boş yerə qazanılmayıb. Bir kollektivin zəhmətinin bəhrəsidir. İnşallah, fillərlə də döyüşəcəksiniz. Allah köməyiniz olsun".

Ardınca Abdulbari Gözəl həm əsas komandanın çempionluq kubokunu baş məşqçi Qurban Qurbanov, həm də U-16 komandasını çempion etmiş Samir Musayevlə birlikdə kuboku qaldırıb. Ən sonda isə "Qarabağ" çempion" yazılmış tort gətirilib. Klub prezidenti tortu baş məşqçiylə birlikdə kəsib.

Sport7.az

Xəbər lenti