Adil dayı: "Futbolda qalsan, xəstəlik səndən gedəcək" - REPORTAJ

Adil dayı:
"Xəmsə” fan-klubunun rəhbəri Adil Məmmədov iki ildir çənə sümüyü xərçəngi xəstəliyindən əziyyət çəkir. Bu müddətdə 4 dəfə ağır əməliyyat keçirlən Adil dayı, hazırda əmək fəaliyyətini itirib və kimyaterapiya köməkliyi ilə xəstəliklə mübarizə aparır. 

Düzü, bu haqda çox gec məlumatım oldu. Gec də olsa, Adil dayımızı ziyarət edə bildim. Buna görə də dəfələrlə üzr istəyirəm. 

Uzun şərhə ehtiyac yoxdu. Çünki eşitiklərimdən sonra necə deyərlər, "sözün bitdiyi" yerdəyəm. 

Çətinliklə keçən bu 2 ili Adil dayı ilə yanaşı, ömür gün yoldaşı Elmira xanım və oğlu Elnur bəy bizə anlatdılar. 


- Adil dayı, nə vaxtdan səhhətinizdə problem yaranıb?
- 2 ildi. 2017-ci ilin fevral ayından. Aprel ayında ilk dəfə əməliyyat olundum. Başqa müalicələr də aldım. Davamlı şəkildə 4 əməliyyat keçirmişəm. 

- Həmin müddətdə "Kəpəz"dən maddi və mənəvi baxımdan dəstək oldu?
Elnur: Az da olsa oldu. Deyir hədiyyənin böyüyü kiçiyi olmur. 
Adil dayı: İki əməliyyatımda köməklik etdilər. Bir dəfə Şahin Diniyevin, bir dəfə isə Yunis Hüseynovun vaxtında. 

- Son zamanlar heç bir yerdən dəstək yoxdur?
Adil dayı: Axır vaxtlar yox. 

- Bəs başqa klublardan dəstək görmüsüz?
Adil dayı: "Qəbələ"nin və "Zirə"nin futbolçuları kömək etdi.

- Bəs "Qarabağ", "Neftçi" kimi klublardan...
Elnur: Yox, onlardan heç bir dəstək olmayıb. 
Adil dayı: "Forza Neftçi", "Xəmsə", "Milli dəstə"nin uşaqları gəldilər. Sosial şəbəkədə ictimailəşdirdilər. Oradan kömək oldu. 

- Aydın məsələdir ki, Adil dayı artıq iş fəaliyyətini itirib. Və ailənin bütün yükü Elnur bəy sizin üzərinizdədi? Nə işlər məşğul olursunuz? Çətinlik çəkirsiz?
Elnur: NZS-də pivə zavodundan işləyirəm.
 


- Eşitdiyimə görə, futbolla da məşğul olmusunuzz?
Elnur: Futbolun başını buraxmışam. 6 ildən çoxdu artıq. "Kəpəz"də dizim sıradan çıxdı. 3 ay məşq eləmədim. Sonra da ailə qurdum. 300-400 manat sərf eləmədiyinə görə futboldan uzaqlaşdım. 
Adil dayı: Lənkəranda, Masallıda oynayıb.
Elnur: "Masallı"da Premyer Liqada oynayırdım. Bir mövsüm yarım oynadım. 2010-cu ildə oradan ayrıldım. "Kəpəz"dən Sabiq Allahquluyev gəlmişdi. Onunla birgə çıxartdılar məni. Bütün heyət dəyişdi. Rəhbərlik dəyişdi deyə, məni də uzaqlaşdırdılar. Ordan gəldim "Kəpəz"ə. Biraz məşq elədim. Amma nə maaş vardı, nə bir şey. Elə Fuad müəllim sağa-sola bizi qaçırdırdı. 
Adil dayı: 3 ay məşq elədi. Sonra paxı dartıldı. Bilirsiz də, mənim Fuadla münasibətim yaxşı deyil. Elə buna görə biləndəki mənim oğlumdu, zədəni bəhanə edib komandadan uzaqlaşdırdı.

- Bəs çətin günlərdə hansısa kluba müraciət etmisiniz işlə bağlı?
Elnur: Yox. Hazırda işləyirəm. Ayrıla bilmirəm. Ayın 9 gününü orada işləyirəm. Evdə olduğum günlərdə də isə "taksi" sürürəm. "Ramada" oteldə turistlərlə işləyirəm. Şükür Allaha, özüm öz ayağımın üstündə durmağı bacarıram. Hələki hardansa iş barədə dəstəyə ehtiyac yoxdu. 

- Bəs dəstək olsa?
Elnur: Yəqin ki, indən sonra əməliyyata gedən deyil. Heç kim bu vəziyyətdə əməliyyata qəbul edə bilmir. Hazırda ancaq kimyadan istifadə edilir. Hələki yüksək məbləğə ehtiyac yoxdu. Borc-xərci də inşallah çalışıb yol üstə qoymağa çalışırıq. 
Adil dayı: 2 ildi evin bütün əziyyəti onun üstündədi. Xanım da mənə görə uzaqlaşa bilmir. Tez-tez ağrılarım olur deyə iynə vurur, mənə baxır. O da yanımdan kənara çıxa bilmir. Bütün çətinliklər Elnurun üstündədi. Sağolsun. Lazım olanda "Xəmsə"nin uşaqları dəstək olurlar.
Elnur: Sağolsunlar. Həqiqətən çox dəstək olurlar. 
Adil dayı: Bilirsiz ki, bizim uşaqlar çox savadlı, hörmətli, vəzifə sahibi insanlardılar. Lazım olanda onlara müraciət edirəm, maddi baxımdan, mənəvi baxımdan kömək edirlər. 2-3 gündən bir gəlirlər. Maşınla aparırlar. Düzdü, yeyib-içə bilmirəm. Ancaq onların gəlib məni harasa aparmaqları mənim üçün mənəvi köməklikdi. 

- Stadiona da aparırlar?
Adil dayı: Hərdən yaxşı olanda gedirəm. Hava isti olanda gedəcəm. 
Elnur: Özü də qapanıb evə. Düzdü, hava da imkan vermir. Ama istəsə çıxa bilər. Havalar isinəndə çıxacaq. 

- Adil dayının dərdi başqadı. Hava isinsə də, Premyer Liqada komandası yoxdu...(zarafat)...
Elnur: Mən futbol oynayanda, bu kişi futbolla maraqlanmırdı. Mən ki futbolla qurtardım, o futbola başladı.
Adil dayı: Mən uşaq vaxtı futbol oynayırdım. İndiki vəziyyət bizim evdə də yaşandı. İndi evimizdə olan proseslər o vaxtı da mənim başıma gəldi. Yaşım az idi. Futbolu atdım, məcbur oldum işləməyə. Düzü, mən böyük klublarda oynamadım. Atam xəstələndi, başım qarışdı. Qardaşım əsgərlikdə idi. Evdə 3 bacı... Bir ana işləməklə ev dolandırmaq olmurdu. 16 yaşım tamam olanda mən işləməyə başladım. Elnurun bu gün mənim üçün elədiyini, mən də o vaxt atama etdim. 

- Elnur bəy, sonra da deyirsiz ki, futbolla maraqlanmayıb...(zarafat)...
Adil dayı: Sözümün canı var. Ürəyimdə olan futbol sevgisinin qığılcımları ondan yarandı. Gənclikdə edə bilmədiklərimi, etmək istədiklərimi onda gördüm. O futbola gedəndə məndə də istək başladı. Yavaş yavaş başladım oyunlara getməyə. "Xəzər Lənkəran"ın, "Masallı"nın matçlarına gedirdim. Belə-belə futbola maraq, sevgi yenidən içimdə baş qaldırdı. Həmişə "Xəzər Lənkəran"ın uşaqları ilə söhbətimdə deyirdim ki, Gəncəyə futbol qayıtsa, mən sizdən ayrılıb fan-klub yaradacam. Elə də oldu. 2009-cu ildə "Futbol+" qəzetində oxudum ki, Gəncədə futbol bərpa olunur. Həmin günü səhərisi elan verdim ki, "Xəmsə" fan-klubu yaradılır. Necə demişdim elə də elədim. 2009-cu ildən bəri fan-klubumuz fəaliyyətə başladı. Daha sonra inkişaf etdik. Hətta fan-klubların yarışında birinci yerə çıxdıq. Sonra futzal komandası yaratdıq. Əvvəlcə həvəskarlarda oynadıq, daha sonra keçdik I Diviziona. 4 il Futzal üzrə I Divizionda çıxış etmişik. 

- Artıq havalar düzəlir. Yenə gedərsiniz oyunlara. Hansı komandaların oyununa gedəsiz?
- "Kəpəz"in oyunlarına. 

- Bəs Premyer Liqa oyunarını maraq üçün də olsa izləmirsiz?
- Yox. "Kəpəz"dən başqa heç bir komandanın oyununa getmirəm. 

- Çempionatı protesto edirsiz? 
- Elxan Məmmədov istefa verməlidir. 

- Onu istefaya səsləməyən adam qalmayıb artıq...
- Özü qazanıb bunu. Elxan Məmmədov Azərbaycan futbolu üçün nə edib? Gəlib göstərsin ki, bunu eləmişəm. Düzdü deyəcək ki, filankəsin vaxtında 5 xal qazanırdıq, indi 9 xal qazanmışıq. Hamımız futbol adamıyıq. Ölkə futbolsuz olandan sonra, milli hardan olmalıdı.  
Elnur: Maraqlanan yoxdu. Öz dövrümdə olan uşaqlarla danışıram arada. Hamısı futbolu atlb. "Masallı" Yüksək Liqada oynayanda elə legionerlər gətirirdilər ki... Biri vardı Hüqo. Adam "odnokasaniye pas" verə bilmirdi. 1500 manat maaş yazırdılar ona. Braziliyada özü fəhlə işləyirmiş. Kiminsə orda burda bir iki qolunu, pasını yığırlar diskə, ona buna futbolçu adı göstərirlər. O menecerlərin də, başında duranlar ağılsız məşqçilərimizdi. 8 komanda var Azərbaycanda. Nə futbol olmalıdı bu ölkədə?!
 


- Onlardan 6-sı da AFFA-ya baxır. (gülür)...
Elnur: Biabırçılıqdı vallah. Mən həftədə 2 dəfə futbol oynayıram. Baxıram cavan-cavan uşaqlar gəlib. Nə qəşəng futbol oynayırlar. İndi yaşlanmışam. 33 yaşın içindəyəm. Əvvəlki kimi qaça bilmirəm, oynaya bilmirəm. Ama cavanlara baxıram... Soruşuram ki, oynayırsız, deyirlər yox. Bizim məktəbimiz yoxdu, olmayacaq da. 

- Bölgələrdə də futbol məhv oldu. Nə deyirdilər, Tovuz Azərbaycanın futbol məktəbidi...
Adil dayı: Azərbaycan futbol Şəmkirdə, Tovuza keçib. Ondan sonra Gəncəyə gəlib. Dediyiniz kimi, bölgələrdə məktəb yoxdu. 
Elnur: Məktəb qursalar belə, məşqçi də yoxdu e... Futbolu gördüm. Mən uşaqları yetişdirəcək məşqçi görmədim. Ancaq pul, ancaq day-day. 
Elmira xanım: Neçə il canını qurban verdi. İrəli aparmadılar. Bir mərdiməzar vardı. İmkan vermədi bu uşağa. Əgər Elnur irəli getsəydi, evimiz də olardı, vəziyyətimiz də yaxşı olardı. Hər şey gözəl olardı. Azərbaycanda nə vaxt futbol olub, a bala?! Ümumiyyətlə bizimkilərə pul vermirlər. Adilin özü nə qədər pul xərcləyib. Maşın tutub, işini atıb gedirdi futbola. Mənə deməsə də, bilirdim axı. Ev doludu formalarla. Bayraqlar, plakatlar hamısı pulla alınırdı. Mənə də deyirdi ki, uşaqlar alıb. Ancaq bilirdim ki, özü alıb hamısını. Ayda nə qədər pul xərcləyirdi. O gün Zaur Baxşəliyev televizorda deyir ki, guya Milli Onkologiyada kimyanı pulsuz edirlər. O anda zəng edib, adam agzıma gələni demək istəyir. 350 manat kimyaterapiyaya pul ödədik. Bu uşaq axırıncı əməliyyat üçün maşını satdı. Təzəliklə borcla maşın götürüb. Kimlərsə 300, 500, 600 manat kömək edib. Ancaq bir dəfəlik deyil axı bu dərmanlar.  21 gündən bir 8 dərman alırıq. 350 manatdan hesablayın. Hər əməliyyata 3000-5000 pul gedib. Nəğd ödəniş etmişik. Hamısının qəbzini saxlamışam. Analizlər, onu ver əkilməyə, bunu al... Anası ölsün, hər yerə taksilərlə aparırdıq, xəstəxanada qalmağı. İndi nə danışım e, nə deyim? (kövrəlir)...

İlk dəfə əməliyyata gedəndə neçə yerə məktub yazıldı. AFFA-ya, "Kəpəz"ə müraciət etdi ki, mənə köməklik edin. AFFA göndərdi Gəncəyə. Mənə o təsir edir ki, kasıb deyillər ki, onlar üçün 3000-5000 min manat nə puldu. Onu da bunlar eləmədilərsə, deyirəm boş yerə canını qoymusan o komandanın yolunda. Hara gedirdi cibindən pulla avtobus tutub, uşaqları yığıb aparırdı. Komanda da bir köməklik edər ki, bu adam bizim üçün gəlib, azarkeşlik edib. Qurana and olsun köməklik etməyiblər. Mən də deyəndə, açığı tutur. 

İlk dəfə çənə sümüyünü götürdülər. Milli Onkologiyada birinci əməliyyat edən həkim dedi ki, əməliyyat edirəm və ardından 27 dəfə şüaterapiya alacaq, 2 dəfə də kimyaterapiya götürəcək və xəstəlik birdəfəlik gedəcək. Bunu indi başa düşürəm ki, hamısı pul tələsi imiş. Bu elədi. İki ay keçmədi bu xəstəlik geri qayıtdı. Axı həkimsən, yaxşı bilirsən ki, bu bədxassəlidir, geri qayıdacaq. 2 ay sonra getdik yanına. Deyir ki, xəstəlik qayıtmayıb, əməliyyat etmirəm. Deyirəm ki, üzündən çirk çıxır axı...

- Hansı həkimdi o?
Elmira xanım: Milli Onkologiyada. Hamısı başkəsəndi. 

- Bəs Səhiyyə nazirliyinə şikayət etmədiniz?
Elmira xanım: Nə şikayət edim?! Milli Onkologiya edə bilmədi deyə, çarəni başqa yerdə axtardıq. Biri Tədris Cərrahiyədə işləyir. İl yarim bizi apar gətir elədi. Dedim, Adil sən çölə çıx, bəlkə səndən xəlbət nəsə söz demək istəyir. Bir şeyin varsa, mənə desin. Çıxdı bayıra, dedim ay həkim bunu əməliyyat edirsən? Bu yonca kimidi, biçirsən, yenə çıxır. Dilində yox idi. Sonradan şaxələndi. Ama həkimdə dedim ki, bizə qarantiya verirsən, nə qədər yaşayacaq? Dedi əməliyyat edirəm, hər həftə yanıma gələsiz yoxlanışa. İki il qarantiya verirəm. Dedim bəs iki il sonra qayıtsa nə olacaq? Bu duruqdu və bir də elədik dedik. Başımı buladım, heçnə demədim. Mön çölə çıxdım. Ama söz soruşmaq üçün geri qayıdanda, gördüm kimləsə zəngləşib, sifəti də gülür ki, pul mənbəyi tapıb. Allahmıza and olsun. 

İkinci əməliyyat da oldu. Güya, çənə sümüyündən dilinin altın gəlib xərsətlik. Dedilər narahat qalmayın, sinə ətindən bərpa edəcəm. Sinə ətindən kəsdi. "Baku Medical Plaza"da ağır bir əməliyyat keçirdi. Ona kimi də nə qədər mərhələrdən keçdi. Doğrudan da sağlam insan olub ki, bədən bu qədər şeyə tab gətirdi. 4 ağır əməliyyat nə deməkdi. Dedim bəs danışmağı, qidalanmağı... Dedi milyon faiz gözəl qidalanacaq. Ancaq bu insan qida şpritsi ilə yemək yeyir. Onunla da artıq çətinlik çəkir. Çox vaxt gəlir burnundam tökülür. Belə olası kişi deyildi. Hərdən əsəbləşirəm, deyirəm gedək yanına. 2018-ci ilin aprelində əməliyyat elədi. İyunun əvvəlində mənə dedi ki, üzümdə nəsə mənə batır. Baxdım ki, ətdi, piy toxumasıdı. Gördüm ki, ağartı var. Bu lənətə gəlmiş xəstəlikdə qəribədi, "beton" kimi görsənir. Bəs rahat danışacaqdı? Dilinin üçdə iki hissəsini götürüb. 1 payı qalıb. Ağzına niyə maska taxır? O qədəri dodağı kəsdilər ki, ağız bitişmir. Deyirəm gəl pulumuzu tələb edək. Bir dəfə 3000 manat nəgd ödəniş elədim. 2-ci dəfə 760 manat, 3-cü də 250 manat. Üstəlik analizlərin pulu, qoyduğu dəmirin pulu. Ona da ayrıca 350 manat aldı bizdən. Hamısını hesablamışam, 20 min manata yaxın pul gedib. O pulun da 4-5 min manatına yaxınını azarkeşlər kğmək edib. Ancaq yetmir heçnəyə. Adicə klinikaya gedirəm, pul verməsən kimyanı vermirlər. Pulsuz olmalıdı o. Ancaq vermir. Gedirəm, sözü fırladır. Sonradan gedəndə 10 manat verdikdən sonra dimidrol, diklofenak veribdi. Onların borcudu vermək. Ama iki aydı orada gedib almıram. Bilirəm ki, ordan da alsam pul verməliyəm. Elədirsə elə gedib aptekdən alaram. O qədər söz var ki, birini qoyub birinə gedirəm. Həkimə deyirəm ki, bunun sinirinə nəsə etmək lazımdı da, ağrı keçsin. Mən dedim ki, 350 manata gücüm çatmır, uzağı 150-200 manat verə bilərəm. "Ola bilməz. Onda mənə heçnə qalmır. 150 manatı biz kimyaya ödəyirik. Yerdə qalan 200 manatı da aramızda bölüşdürük", dedi. Dediyim odur ki, adını qoyublar ki, guya Milli Onkologiya pul istəmir. 1 manat da keçmirlər. 

- Həkimlərin adını, soyadını deyin... Biabır olsunlar...
Elmirə xanım: Demərəm. Heç kimin çörəyinə bais olmaq istəmirəm. Allah özü Adilə kömək olsun. Axır sözləri o oldu ki, gedin sinir həkiminə. Onlar da Qabaqama yazıbdı. Onu içir. Onu da günə 3 dəfə içir. Elə aptek var 4,40 manata, eləsi də var 5,60 manata satır. Hər aptek eyni qiymətə satmır. Günaşırı alırıq. Heç bir yerdən də köməklik yoxdur. Yük Elnurun üstündədir. O da kreditə maşın götürüb, günə 25 manat pul ödəyir. Gecəsi gündüzü yoxdu. 
 
Ancaq azarkeş uşaqlardan kimdən köməklik istədik, maaşı alanda qaytarmaq istədik, götürmədilər.

Adil dayı: "Xəmsə" uşaqlarıdı. Borca pul götürdüm. Dedim pensiyanı alanda verərəm. Ama qaytarmaq istəyəndə götürmədilər. Ondan əvvəl də olmuşdu. Hərdən uşaqlar köməklik edirlər, sağolsunlar. Mən onlara çörək verməmişəm. Onları pis əməllərdən uzaq durmağa sövg etmişəm. Fan-klubu yaratmaq gəncləri bir növ pis əməllərdən uzaq tutmaq deməkdi. 

Həəə. İki gündür xəbər yayılıb ki, Gəncə stadionu təmir olunacaq. 

- Adil dayı, hər anında ancaq futbolu düşünür...
Elmira xanım: Onlarla nəfər alır o. 
Adil dayı: Gəncə futbolunun bərpa olması üçün Prezidentə məktub yazmışdım. Rəsmi saytına. Səhv eləmirəmsə, 2013-cü il idi. Bir dəfə göndərdim cavab gəlmədi, bir ay keçdi birin də göndərdim. 3 gün keçməmiş İdman nazirliyindən cavab gəldi. Dedilər ki, dövlət planına salınıb, pul ayrılanda təmir olunacaq. İndi də oxuyuram ki, Azad Rəhimov deyib ki, Prezident tapşırıb ki, ikinci stadiona ehtiyac yoxdyu. Elə əsas arena təmir olunsun. 
Elmira xanım: Sizinlə oturub nə qədər söhbət etdi. Çünki mövzu futboldu. Bizimlə çox danışmır ki... Yadımdadı, həkimi demişdi ki, futbol ayrılma. Futbolda olsan, bütün fikrin olacaq futbolun yanında. Sən xəstəliyi unudacaqsan və xəstəlik səndən gedəcək.
 
Röya Kərimli
Sport7.az

Xəbər lenti