Adil Şükürov:

Adil Şükürov: "İndən belə baş məşqçi kimi çalışmaq istəyirəm" - MÜSAHİBƏ

«Zirə»nin sabiq baş məşqçisi və akademiyasının sonuncu rəhbəri, ötən ay fəaliyyətinə son verən «Şüvəlan»ın çalışdırıcısı olmuş, hazırda işsiz qalan Adil Şükürov Sportal.az-a müsahibə verib.

- Bir ay ərzində iki yerdə işinizi itirdiniz. Əvvəl baş məşqçisi olduğunuz «Şüvəlan» dağıldı, daha sonra «Zirə»nin akademiyasından ayrıldınız.

- Əslində, elə «Şüvəlan» dağıldıqdan sonra işsiz qaldım. Komanda dağılandan sonra «Zirə» rəhbərliyi mənə yenidən akademiyaya rəhbərlik etməyi təklif etdi. Çox düşündüm və qərara gəldim ki, ancaq baş  məşqçi olaraq karyeramı davam etdirim.

- Divizion təmsilçisindən baş məşqçi olmaq ya akademiyaya rəhbərlik etmək – hansı yaxşı, daha rahat idi?

- İstər Divizion təmsilçisi olsun, istərsə də Premyer Liqa komandası, baş məşqçi kimi çalışmaq mənim üçün  daha maraqlıdır.

- Hər halda, «Şüvəlan» dağıldıqdan sonra yeni komanda tapılana kimi «Zirə»nin akademiyasındakı işinizi davam etdirə bilərdiniz. Belə çıxır ki, işsiz qalmağı akademiyada işləməkdən üstün tutdunuz.

- Akademiya işini bizə kurslarda öyrətmişdilər. Sadəcə, öyrəndiyimizi praktikada həyata keçirmək lazım idi. Bu mənada «Zirə» rəhbərliyi mənə belə bir şərait yaratdı. Akademiyada məşqçilərlə bərabər çəkdiyimiz əziyyət bəhrə verdiyinə görə çox sevinirəm. Məndən sonra akademiyaya kim rəhbər təyin olunacaqsa, qurulan işi doğru davam etdirməklə daha çox uğur əldə bilər. Akademiyada işinlərin necə təşkil olunduğunu «Zirə»də  təcrübədən keçirdik. Eyni işi «Şüvəlan»da sıfırdan başlamaq istəyirdik. Təəssüf ki, məlum səbəblərə görə «Şüvəlan» dağıldı, çəkdiyimiz əziyyət hədər getdi.

- Bəhrə və qurulan iş dedikdə nəyi nəzərdə tutursunuz?

- İki il yarım müddətdə akademiya komandaları stabil olaraq eyni yerdə müəyyən olunmuş proqram üzrə məşq etdilər, uşaqların stabil qidalanması təşkil olundu. Ən əsası perspektivli futbolçuları yuxarı yaş qruplarına keçirməklə onların daha da inkişaf etməsinə çalışdıq və nəticə də əldə olundu. Bu gün 2003-cü il təvəllüdlü 2 futbolçumuz – Cəlal Hüseynovla Vüsal Əliyevin əsas komanda ilə müqavilə bağlaması, yaşı 17-ə çatmamış 10-dan çox futbolçunun U-19 və əvəzedici komandaya götürülməsi çəkdiyimiz əziyyətin bəhrəsidir. Akademiyada perspektivli futbolçular yenə də var və bu tendensiyanı davam etdirməklə daha çox futbolçu yetişdirmək mümkündür. Çoxları müxtəlif yaş qruplarının çempionatda mükafatçılar sırasına düşməməsini əsas gətirərək akademiyanın uğursuz fəaliyyət göstərdiyini deyə bilər. Amma bizim üçün medaldan çox əsas komanda üçün futbolçu yetişdirmək, milli komandalara futbolçu vermək daha vacib idi. Təsadüfi deyil ki, bu gün Ukraynada toplanışda olan U-17 millimizin heyətində «Zirə»li dörd futbolçu var.

- Deyilənlərə inansaq, «Zirə» rəhbərliyi ilə aranızda yaranan narazılığa görə yenidən akademiyaya qayıtmamısınız.

- Doğru deyil. «Zirə»yə gəldiyim vaxtdan bu yana rəhbərliklə aramızda heç bir narazılıq olmayıb, əksinə, normal çalışmaq üçün daim mənə şərait yaradılb. Bir daha təkrar edirəm, «Şüvəlan»dan sonra mənə yenidən akademiyada işləmək təklif olundu. Danışdıq, izah etdim ki, indən belə məşqçi kimi çalışmaq, inkişaf  etmək istəyirəm və rəhbərlik də məni anlayışla qarşıladı. Bu günə kimi mənə yaradılan şəraitə görə «Zirə» rəhbərliyinə təşəkkür edirəm. Yəni, hansısa narazılıqdan söhbət gedə bilməz.

- İşsiz qalan Adil Şükürova hansısa klubdan təklif var?

- Nə gizlədim, təklif yoxdur. Hələki sakitlikdi. Fkirimcə, çox çəkməz.

«Neftçi»də belə futbolçu yoxdur»

- Premyer Liqada ikinci tura start verildi. Deyəsən, bu il də çempionluq «Qarabağ»a qismət olacaq.

- «Qarabağ» açıq-aşkar çempionatın favoritidir. «Qarabağ»ın çempionluğuna hamıdan çox «Neftçi» əngəl ola bilər. Amma komanda ilk növbədə bu günkü psixoloji baryeri adlamalıdır. Bu olmasa, mövsümboyu axsamalar qaçılmazdır. «Sabah»ın da yaxşı heyəti var və bu heyətlə medalçılar sırasına düşməyə şansları çoxdur. O ki qaldı digər komandalara, dünən ikinci qələbəsini qazanaraq liderliyə yüksələn «Səbail» əsasən yerli futbolçulardan təşkil olunmuş yaxşı kollektivdir. Bu tempdə davam edib-etməyəcək gücdə olduğu bir müddət sonra bilinəcək. «Qəbələ», «Sumqayıt», «Zirə» və «Keşlə»… Heç birinə zəif demək olmaz. Bu komandalar çempionata yaxşı hazırlaşıblar və hər birinin çempionluq olmasa da, Avropa Liqasında Azərbaycanı təmsil  etmək gücdə olduğunu deməliyəm.

- «Neftçi»nin psixoloji baryeri adlamalı olduğunu vurğuladınız. Komandanın «Bney Yehuda» səddində ilişməsi, çempionatın açılış matçında «Sabah»la heç-heçə oynaması, azarkeşlərlə yaranan problem…

- «Neftçi» sıradan komanda deyil və bu komandada işləmək həddən artıq çətindir. Çünki «Neftçi»yə diqqət həmişə çox olub. Hazırki durumdan yeganə çıxış yolu nəticədir. Komanda uğurlu nəticələr əldə etməklə bu problemi çözə bilər. Amma etiraf edək ki, Sadıq Sadıqovun prezidentliyi dövründən sonra bu gün ən yaxşı «Neftçi»ni görürük.

- Uğursuzluq davam edəcəyi təqdirdə Roberto Bordinin gedişi nə dərəcədə real görünə bilər?

- Bordinin oynatdığı futbol çoxlarına xoş gəlməyə bilər. Adam komandasına sırf nəticəyə hesablanan futbol oynadır. Nəticə də futbolda ən vacib amildir. Amma bir-iki məqam var ki, onlar Bordinin birbaşa əleyhinə işləyir. Məsələn, mübahisələrə, konfliktlərə meylli olması. Daxili çempionatda Samir Abasovla, «Bney Yehuda» ilə səfər oyunundan sonra rəqib çalışdırıcı ilə yersiz mübahisələr baş məşqçiyə heç də başucalığı gətirmir. Bundan başqa Ruslan Abışovun gedişindən sonra komandada lider futbolçunun olmaması da problemdir. «Qarabağ»da hamı Rəşad Sadıqovu, «Zirə»də Cavid Hüseynovu lider kimi qəbul edir. Amma «Neftçi»də belə futbolçu yoxdur.

- Bəs, «Qarabağ»ın Çempionlar Liqasında uğursuzluğunun, Avropa Liqasının pley-ofunda «Linfild»ə məğlubiyyətinin səbəblərini nədə görürsünüz?

- «Qarabağ»da məşqçi işi həmişə görünüb. Qurban Qurbanovun öz dəst-xətti var və neçə ildir ki, bununla uğur qazanır. Nəticə də varsa, deməli, iş düzgün gedir. Sadəcə, komandada qoleador yoxdur. Komandanın çəkdiyi əziyyəti qolla tamamlaya biləcək hücumçunun olmaması «Qarabağ»a problemlər yaradır.

- Sizcə, «Qarabağ» «Linfild» səddində ilişə bilər?

- «Qarabağ» «Linfild»i çox rahat keçəcək. Buna şübhəniz olmasın. Birinci oyunda qalib gəlmələrinə baxmayaraq, irlandların müdafiəsində xeyli çatışmazlıqların olduğunu müşahidə etdim. 

- Məsələn.

- Böyük komandalar topla yaxşı oynayan rəqiblərə qarşı ikili müdafiə xətti qurur. Rəqib birinci xətti keçərsə, qarşısında daha bir sədd görür. «Linfild»in birinci və ikinci müdafiə xətləri bir-birinə qarışmışdı. Yəni, müdafiə ilə yarımmüdafiə arasında müəyyən məsafə olmalıdı ki, bu, irlandlarda gözə çarpmırdı. Futbol adına böyük xətadır. Fikrimcə, Qurban müəllim də 100 faiz bunun fərqinə varıb və cavab oyununda bu boşluqdan maksimum istifadə edəcək.

«Əvəzedici komandaları 1-ci Diviziondan ayırmaq lazımdır»

- Premyer Liqanın ardınca I Divizionda da çempionat start götürdü. Bu mövsüm birinci dəstədə nəsə dəyişiklik gözləyirsiniz? Sizcə, əvvəlki illərdən fərqli, heç olmasa bu dəfə çempionatın qalibinə Premyer Liqada oynamaq nəsib olacaqmı?

- I Divizionda neçə ildir ki, aşağı-yuxarı eyni futbolçular çıxış edirlər. Sadəcə, nəticə verən futbolçular hər mövsüm bir komandadan o birinə keçirlər və o komandalarla uğur qazanırlar. «Şüvəlan» dağılmamışdan istər-istəməz digər komandalarla mütəmadi maraqlanırdım. Sonradan bu iş bir qədər maraqsız olsa da, bir neçə komandanın hazırlıq prosesindən, qurduğu heyətdən xəbərim var. Birinci turdan sonra gəldiyim qənaət budur ki, çempionatda yaxşı komandalar çoxdur və mükafatçılar sırasına bir neçə namizəd var. Peşəkar komandalardan «Turan Tovuz»un daha hazırlıqlı, çempionluğa əsas namizədlərdən biri olduğun deyə bilərəm. Həqiqətən Azər Bağırov qısa zamanda yaxşı komanda formalaşdıra bilib. Əvəzedici komandalara gəlincə, Rövşən Babayevin «Sabah-2»i, Mirbağır İsayevin "Səbail-2"i daha çox göz oxşayır. O ki qaldı sualınızın ikinci hissəsinə, fikrimcə, çempion komanda 100 faiz gələn mövsüm Premyer Liqada oynayacaq.

- Maraqlıdır, «Şüvəlan» qalsaydı, çempionluğa oynayacaqdı?

- «Şüvəlan»da böyük işlər gördük. Son mövsümdən sonra Naxçıvanda keçirilən turnirdə qalib adını qazandıq. Düzü, hədəfimiz gələn il Premyer Liqada çıxış etmək idi və bu məqsədlə xeyli yaxşı futbolçu transfer etmişdik. Eyni zamanda klubun akademiyasının qurulması üzərində işlər gedirdi. Təəssüf ki, maliyyə dəstəyi olmadı və komanda dağıldı.

- Divizion limit məsələsi məşqçilərə ciddi problemlər yaradır…

- Limit nəinki məşqçilərə problem yaradır, eyni zamanda bir çox futbolçuların itməsinə səbəb olur. Təsəvvür edin ki, 22 yaşlı futbolçu limitə düşür. Bu, böyük problemdir. Əvəzedici komandalarda vəziyyət daha pisdir. Əsas komandadan əvəzedici komandaya daim futbolçu göndərildiyi üçün yaşlı futbolçulara demək olar ki, ehtiyac duyulmur. Fikrimcə, yaşlı futbolçuların sayı 4-dən 6-a qaldırılsa, daha yaxşı olar. Bununla həm yaşlı futbolçular arasında itki az olar, həm də cavan futbolçular təcrübə qazanar. Əvəzedici komandaları I Diviziondan ayırmaq lazımdı. Əvəzedicilərin ayrıca çempionatı keçirilsə, həm komanda sayı artar, həm futbolçu itkisi azalar, həm də futbolun inkişafı baxımından önəmli addım atılmış olar.

- Qarşıdan yığmamızı Xorvatiya və Uelslə çətin oyunlar gözləyir. Komandamız hansı nəticəyə ümid edə bilər?

- Məncə, elə əvvəlki vəziyyət təkrarlanacaq. Millinin heyəti böyük ölçüdə yerli çempionatda iştirak edən komandalardan gələn futbolçulardan təşkil olunur. Səviyyəli yerli futbolçunun azlığı millinin uğursuğluğuna səbəb olur. Ümid edək ki, milli çətin oyunlarda heç-heçə qazanmaqla bizi sevindirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR