"AFFA 500 minlik bank zəmanətinin yarısını verməyə razı idi" - Oqtay Abdullayev

"Turan Tovuz"un premyer-liqa arzusu gözündə qaldı.

Cari mövsümdə birinci divizionun çempionu olan tovuzlular elitaya həvəslə hazırlaşmışdı. Klub rəhbərliyinin bildirdiyinə görə elitada oynamaq üçün yalnız bank təminatı lazım idi. Yəni lisenziyalaşdırma ilə bağlı digər tələblər yerinə yetirilmişdi.

Ancaq klubun bank təminatı ödəməyə imkanı çatmadı. Daha doğrusu onu yaşadacaqlarına söz verən Tovuzlu iş adamları onlar üçün o qədər də böyük sayılmayan bank zəmanətini ödmədilər. Nəticədə klub birinci divizionda qalmalı oldu. Hazırda isə nəinki komanda birinci divizionda qalıb, ümumiyyətlə dağılmaq təhlükəsi ilə üz-üzədi.

Bu haqda məlumatı bizə klubun Müşahidə Şurasının Sədri Oqtay Abdullayev bildirdi. Oqtay bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Turan Tovuz"u premyer-liqaya buraxmadılar. Daha doğrusu, orda oynamaq üçün pul verən olmadı. İş adamlarına nə qədər müraciət etdiksə, faydası olmadı. Adamın sadəcə, azarkeşlərə yazığı gəlir. Hamısı deyirdi ki, lazımdısa evimizi qoyaq banka, pul toplayıb verək. Azarkeşlər razılaşdı, amma iş adamları biganə qaldılar. Daha onlara sözüm yoxdu. Pul verən olmadı, nə edə bilərik ki? 

Halbuki AFFA 250 min manat verməyə razı idi. İş adamları da hərəkət etsin. Düşmüşük AFFA-nın üstünə. Ancaq belə baxanda düz deyirlər, AFFA bütün komandaları saxlaya bilməz ki. Buna baxmayaraq 500 minlik bank zəmanətinin yarısını verməyə razı idilər. İş adamları isə kənara çəkildi. Tovuzda özümü nə qədər "cırdım"sa xeyri olmadı, kömək etmədilər. 

Birinci divizionda komanda olmayacaq, dağılacaq. Bunu görəcəksiz. Mən klubda çətin qalaram. O cümlədən Nadir müəllim də.  Əsgər Abdullayev də çox güman gedəcək. Başqa kim qalacaq? Çünki həvəs olmayacaq. Futbolçulara elə də böyük pul vermirdik. Buna baxmayaraq hamısı ürəklə oynayırdı. Ən az maaş alan oyunçular bizdə idi. Ayda 250-300 manat maaş verirlirdi onlara. Başqa klublarda isə ən azı 500-1000 manat maaş alırlar. Üstəlik, o biri klublardan fərqli, bizdə mükafat da olmurdu. 

Düşündükcə, heyifsilənirsən. O boyda Tovuzda adam tapılmadı ki, kluba kömək etsin. Halbuki bütün şəraitimiz vardı. Elxan Məmmədovla görüşməliyik. Çox güman, mən Müşahidə Şurasından ayrılacam. Nə qədər ona-buna yalvarmaq olar? Belə komanda saxlamazlar. Tovuzda olan futbolçular heç bir bölgədə yoxdu. Bütü klublarda tovuzlular var. Mənim də elə bir imkanım yoxdu ki, klubu saxlayım".

Sport7.az

Xəbər lenti