"AFFA bu məsələ üzərində çalışmalıdı" - Deputatdan təklif

Sport7.az saytı Azərbaycanın tanınmış simalarının futbolumuzla bağlı fikirlərini, iradlarını, tənqidlərini işıqlandırmaqda davam edir.

Bugünkü həmsöhbətimiz Azərbaycan Respublikası Milli Məclisinin üzvü, millət vəkili Aydın Mirzəzadədir.

- Aydın bəy, Azərbaycan futbolu ilə maraqlanırsınız?
- Vaxt azlığına görə stadionlara gedə bilmirəm. Ancaq gedişatdan məlumatım olur.

- Çempionatın səviyyəsini necə qiymətləndirirsiniz?
- İldən-ilə yüksəliş hiss edirəm. Komandalarımızın oyun peşəkarlığı artır. Çempionatımızda rəqabət əhval-ruhiyyəsi var.  Bir ara çox güclü və çox zəif komandalar arasında ucurum yaranmışdı. Hazırda isə ucurum aradan qalxıb. Favorit komandalar autsayderlərlə oyunlara belə ehtiyatla yanaşırlar. Çünki onlar da liderlərdən xal qopartmağa çalışırlar. Eyni zamanda, artıq çox maraqlı oyun startegiyası olan, öz komandasını güclülər sırasında görmək istəyən gənc məşqçilər korpusu formalaşır. Düzdür, mən onları şəxsən tanımıram. Ancaq müsahibələrinə baxıram, televiziyada çıxışlarını izləyirəm. Görünür ki, əzmkarlıq hissi var. Mənim fikrimcə, Azərbaycan futbolunda ildən-ilə daha maraqlı, daha baxımlı futbol nümayiş olunur. Əlbəttə, favoritlər var. "Qarabağ"ı, "Qəbələ"ni, "Neftçi"ni, "Zirə"ni vurğulaya bilərik. "Sabah" komandası maraq doğurur. Öz oyununu tapmağa, liderlərə narahatlıq yaratmağa çalışır. Bunlar sevindiricidi. Ancaq yenə də çox istərdim ki, Azərbaycan futbolu bölgələrdə də güclü inkişaf etsin. Çempionatda çox sayda komandalar olsun. Premyer Liqada çıxış üçün çox güclü bir rəqabət yaransın. Bəlkə də bu sonranın işidi. Mərhələ-mərhələ buna da çatacağıq. 

- Elə hazırda ən böyük problem bölgələrdə futbol olmaması ilə bağlıdı. Özünüz də turnir cədvəlinə baxanda görürsünüz ki, Azərbaycan çempionatından çox "Bakı çempionatına" oxşayır. Çempionatda yeganə bölgə komandası "Qəbələ"di. "Simqayıt" da elə Bakıya aid kimi bir şeydi. Sizcə, bölgələrin futbolsuz qalmağının səbəbi nədir? Bu problemin həllini nədə görürsüz? AFFA-ya hər hansısa bir təklifiniz varmı?
- Birinci problem maliyyə ilə bağlıdı. Bu gün istənilən futbol komandasının yaşaması, rəqabət apara bilməsi üçün kifayət qədər böyük həcmdə vəsait lazımdı. Böyük şirkətlər bu məsələni Bakı sərhədində həll etməyə üstünlük verirlər. Hesab edirəm ki, onları əyalət klublarına, futbol məktəbləri yaratmağa, stadionları saxlamağa həvəsləndirmək lazımdı. Məsələn, özəl şirkətlər futbola 10 %-ə qədər gəlirlərindən ayırdıqda, onlardan vergi tutulmayacaq. Ola bilsin ki, bu ona gətirər ki, əyalət komandalarına da diqqət etməyə başlayacaqlar. Bəlkə də burada AFFA-nın əlaqələndirmə roluna ehtiyac var. Yəni zona-zona götürüb, güclü komandalar formalaşdırmağın proqramını hazırlamaq olar. Sponsor cəlb etməklə, 4-5, bəzən 10 rayonun mərkəzində yerləşən bir şəhəri seçib, orada həm güclü komanda formalaşdırmaq olar, həm orada uşaq futbol məktəbi yaradaraq komandaya oradan oyunçular cəlb etmək olar. Azarkeş problemi də olmaz. Məsələn, yadımdadi bir dəfə Lerikdə idim. Lerik əhalisinin bəlkə də yarısının "Xəzər Lənkəran" oyununa baxmaq üçün Lənkərana getdiyini gördüm. Elə isə, niyə biz Lənkəranda, Salyanda, Mingəçevirdə, Şəkidə, Gəncədə, Ağcəbədidə, Naxçıvanda  və s. yerli futbol komandaları formalaşdırmayaq?! Aydın məsələdir ki, yerli futbolçularla bu problemi həll etmək mümkün olmayacaq. Eyni zamanda oturuşmuş komandaların oyunçularından da cəlb etmək lazım olacaq. Burada artıq özəl şirkətləri bu işə həvəsləndirmək, regionlarda futbola yönləndirməkdən söhbət gedir. Çox istərdim ki, bu istiqamətdə AFFA-nın ayrıca bir planı olsun. 

- AFFA-nın gördüyü işlər, regionların futbolsuz qalması dövlət səviyyəsində müzakirəyə çıxarılıb? Hansısa bir tədbir görüləcəyi gündəmdə varmı? Çünki bu gün Azərbaycanda bütün futbolsevərlər AFFA-nın idarəçiliyindən narazıdır... Və bu istər mediada, istər sosial şəbəkələrdə, istər tribunalarda etirazlara, tənqidlərə səbəb olur. 
- Bu daha çox idmana aiddiyyatı olan idarələrdə müzakirə oluna bilər. AFFA öz işinə məsuliyyətlə yanaşır. Məhz onların apardığı siyasətdir ki, Bakı bölgəsində də olsa Azərbaycanda futbol var. Rayonda zəif komanda olmağındansa, eybi yox, bir bölgədə Avropa səviyyəsində güclü komandalar olsun. Və biz nəzərdən qaçırtmayaq ki, futbolun inkişafı, futbol ölkəsi kimi tanınmaq üçün böyük bir zaman, böyük bir hazırlıq, böyük vəsait lazımdı. AFFA-nın gördüyü işlər nəticəsində "Qəbələ", "Qarabağ", "Neftçi"  və digər komandalar var. Artıq biz ikinci mərhələni istəyirik. Azarkeş təbəqəsinin formalaşmasını istəyirik. Fərqi yoxdu AFFA-nın baş katibi kim olacaq, fərqi yoxdu idman "çinovniki" kim olacaq, əsas məsələ odur ki, AFFA artıq bu məsələ üzərində çalışsın. Bu baxımdan mənə elə gəlir ki, növbəti mərhələyə yaxınlaşacağıq. 

- Maraqlıdır, özünüz hansı klubun azarkeşisiniz?
- Elə də güclü futbol azarkeşi deyiləm. Mən daha çox həvəskar izləyirəm. Mən komandalarımızın uğurlarına sevinirəm. Eyni zamanda, hərdən zəif bir komandanın  güclü komandaya qalib gəlməsi, və yaxud oyunun heç-heçə bitməsi məni sevindirir. Bilmirəm bu duyğunun səbəbi nədir. Baxmayaraq ki, güclü komandaların olması məndə fəxarət doğurur, hansısa bir gözlənilməz komandanın qələbə qazanması, dirəniş göstərməsi məni sevindirir. Demək ki, potensial var. Və güclülər özlərini arxayın  hiss etməməlidir. 

Röya Kərimli
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR