AFFA-da dava: Babək Quliyev Elçin Məmmədovu yumruqladı

AFFA-da dava: Babək Quliyev Elçin Məmmədovu yumruqladı

Bu səhər AFFA-nın baş katibi Elxan Məmmədovun ilk işi başqasına ağıl vermək olub. O, dalaşan 2 nəfəri barışdırmağa çalışıb və mənsub olduqları komitədə başverənlərə aydınlıq gətirməyə çalışıb.
 
Sport7.az "futbolinfo.az"a istinadla xəbər verir ki, iyulun 17-də AFFA-nın akademiyasında ciddi münaqişə olub. Növbəti dərsə toplaşan hakimlərin gözü önündə Hakimlər və Hakim-İnspektorlar Komitəsinin üzvü Elçin Məmmədovla hakim-inspektor Babək Quliyev arasında dava düşüb.
 
Hadisə yerində olan hakimlərdən birindən aldığımız məlumata görə, davaya səbəbkarın kim olduğu bilinməsə də, olay yumruq-sillə savaşına kimi böyüyüb. Vaxtilə hakimlikdən qovulan cütlüyü sakitləşdirmək mümkün olmadığından, Hakimlər Departamentinin rəhbəri Cavid Cəlilov onları bir otağa salıb və ikilikdə söhbət edib, münasibətlərini ayırd etmələrini istəyib. Burada isə Quliyev Məmmədovu vurub və səs-küyə otağa daxil olanlar onları çətinliklə ayırıb.
 
Elxan Məmmədov bu gün komitə üzvlərini bir araya gətirərək hamısını dinləyib. Hansı qərarların verilməsindən isə xəbərsizik.
 
Maraqlı olan odur ki, komitə sədri Frits Stuxlik hələ də Bakıya qayıtmayıb. Premyer Liqada mövsüm bitəni vətəninə qayıdan avstriyalı istirahətindədi. O, yalnız avqustun əvvəlində Bakıya gələcək və qısa hazırlıqdan sonra hakimlər çempionat matçlarına təyinat alacaqlar.
 
Yay boyunca hakimlərə ciddi hazırlıq keçilməyib – nə fiziki hazırlıqları qaydasındadı, nə də nəzəri bilikləri. Bəri başdan bizi qarşıdakı mövsümdə şouların gözlədiyini deyə bilərik. Hazırda hakimlərə Elçin Məmmədov rəhbərlik edir, o isə birini təhqir etmək, digəri ilə dalaşmaqla vəzifəsinin öhdəsindən "məharətlə gəlir”. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR