"AFFA-dakı veteranlar danışmır deyə orada oturublar" - Nadir Qasımovdan sual dolu üsyan

UEFA Millətlər Liqasına uğurla başlayacağını gözlədiyimiz milli nəinki ümidləri doğrultdu, hətta belə demək mümkünsə həm özlərini, həm də AFFA-nı rəzil etdi. Heç şübhəsiz, komandamız Lüksemburq qarşısında favorit sayılırdı. Ancaq uduzduq. Daha doğrusu, özümüz 3 xalı rəqibə hədiyyə etdik. Mahir Emrelinin 25-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulmasından sonra bizimkilər hesabı açmağa nail olmuşdu. Amma Anton Krivotsyukla Adil Nağıyev hadisələrin məcrasını rəqibin xeyrinə dəyişməyi "bacardı". "Neftçi"nin futbolçusu öz qapımıza yol tapdısa, Nağıyev cərimə meydançasında əllə oynayıb qonaqlara penalti qazandırdı. Məhz bu iki uşaq səhvi millini "cırtdan" adlandırdığımız ölkə qarşısında məğlubiyyətə daşıdı. Təbii ki, futbol ictimaiyyəti narazılığını gizlətmədi və həm AFFA-nı həm də elə futbolçuları, məşqçiləri və sair "topa tutdu". Kəskin şəkildə narazılıq bildirənlərdən biri də Azərbaycanın tanınmış məşqçilərindən olan Nadir Qasımovdu. 

Nadir bəy Sport7.az-a açıqlamasında narazılığını bildirməklə yanaşı bir sıra vacib məsələlərə də toxundu. O, təcrübəli məşqçilərin xidmətlərindən istifadə edilməməsindən narazı olduğunu söylədi: "Bu gün hər şey AFFA-nın boynundadı. Azərbaycanda futbolun inkişafına nəzər yetirən, cavabdeh AFFA-dı. Yəni, hazırda futbolumuzdakı ən böyük qurumdu. Baxın, biri var 17 komandanın içindən futbolçu seçəsən, biri də var 2-3 klubdan. İnkişaf o zaman gedə bilər ki, komandaların sayı çoxdu, onların səviyyəsinə nəzarət var. Futbolçulara, uşaq akademiyalarına nəzarət olmalıdı. Bildiyimə görə hazırda AFFA-da 200-dən çox adam işləyir. Yaxşı bu 200 nəfər nə ilə məşğuldu? Uşaq futboluna kim baxır? Uşaq futbolu inkişaf etmirsə, böyüklərdən necə danışa bilərik? Elə həmişə xaricdən futbolçu gətirməliyik? Xaricdən gətirdiklərimiz kimlərdi? Məgər adlı-sanlı futbolçulardı? Səhv etmirəmsə Bakıda 11 rayon var. Bu rayonlar birləşib, səviyyəli bir akademiya saxlaya bilməz? Bu gün Premyer Liqadakı klubların akademiyalarında futbolçu yetişmir. Yetişənlər də gəlib 21 yaşına çatanda, deyirlər ki, bu yaşda futbolçu lazım deyil. Halbuki bizim futbolçular 23-24 yaşında "ayılırlar".

Qasımov təcrübəli məşqçilərin kənarda qalmasının düzgün olmadığını dedi: "Keçmiş futbolçuları, adlı-sanlı veteranları kənarda saxlamaqdan həzz alırlar? Başa düşürəm, biz də gənc olmuşuq, köməkçi işləmişik. Mən Nadir Qasımov, 7 il Anatoli Andreyeviç Banişevskinin yanında köməkçi olmuşam. Bu müddətdə baş məşqçilik mərtəbəsinə qədər yüksəlmişəm. İndiki məşqçilərin əksəriyyəti əlimdən "çörək yeyib". O mənada ki, futbola gətirmişəm. Ayxan Abbasovdu, Zaur Həşimovdu, Buzovnadan olan bir çox məşqçilərdi. Söhbət ondan gedir ki, bu gün həmin məşqçilər Premyer Liqada işləməyə hazırdı? Kareyranı bitirib, bir il baş məşqçi olmaqla hər şey düzəlmir. Veteran futbolçulara tam başqa cür baxırlar. Axı bu gün niyə kənarda qalmış veteran futbolçuların biliklərindən istifadə etmək istəmirlər?".

Mütəxəssis jurnalistlərdən də gileyləndi. Daha doğrusu, bəzi media nümayəndələrinin menecerlik edib, klublara futbolçu gətirməsindən narazılıq etdi: "Jurnalistlər məndən inciməsin. Klubların hansına baxırsan jurnalistlər futbolçu gətirirlər. Belə şey olar? Yalnız Ceyhun Sultanovdu ki, "Neftçi"də menecerlik edir. Qalan hansı kluba baxırsan, jurnalistlər futbolçu dəvət edir. Bəli, jurnalist heç şübhəsiz mətbuat katibi olmalıdı. Klubdakı proseslərdən camaatı agah etmək və sair, bunlar olmalıdı. Ancaq,  nəbilim..."
 
 

Nadir bəy bir müddət əvvəl AFFA-nın icraçı-vitse prezidenti Elxan Məmmədovun işlə təmin olunmaları ilə bağlı veteranlara verdiyi sözün üstündə durmadığını dedi: "Bir neçə ay əvvəl Oqtay Abdullayevin rəhbərlik etdiyi veteranlar cəmiyyətinin konfransı keçirildi. Həmin vaxt Elxan Məmmədov da iclasa gəldi. Belə başa düşürəm ki, bu gün AFFA-da bütün işləri aparan Elxan Məmmədovdu. Həmin iclasda Elxan müəllim söz verdi ki, veteranların klublarda işlə təmin olunması məsələsini qaldıracaq. Ancaq məsələ elə də qalıb. 30-35 il məşqçi işləmiş bir adam gəlib cavan mütəxəssisin yanında işləyib köməklik göstərsə pis olar? Təcrübəli məşqçilərin gənclərin yanında işləmək istəməməsi uydurmadı. Məsələn, mən tələbəmin yanında işləsəm, ona köməklik göstərsəm, bununla fəxr edərəm. Gənc vaxtımda elə vəziyyətlərə düşdüyüm anlar olub ki, onlardan çıxmaq üçün baş "sındırmışam", çox düşünmüşəm. Çətinlik olanda məsələn, Ağasəlim Mircavadovun yanına getmişəm, lazım olan fikri ondan almışam. İndi, veteranlarla birlikdə yığışıb Oqtay Abdullayevə müraciət etmək qərarına gəlmişik. İclas keçirilsin, bizi də dəvət etsinlər və fikirlərimizi deyək. Niyə futbolumuz bu gündədi, əyalətlərdə inkişaf yoxdu? Niyə bizi, yəni, yaşlı məşqçiləri kənara atıblar, dinləmək istəmirlər? Bilsinlər ki, bu gün bizlər də qollarımızı çırmalayıb futbolumuza xidmət etmək istəyirik. Ona görə də Oqtay müəllimə müraciət ünvanlayacağıq".

O, milli formanı geyinən və Premyer Liqada çıxış edən futolçuların məsuliyyətsizliyini də qabartdı: "Fikir vermişəm, komandalarda hər kəs bir-birinin paxıllığını edir. "Niyə o 5 manat aldı, mən 3?" deyə firləşirlər. Oyun ab-havası, mübarizlik yoxdu. İndi tribunlar boşdu. Amma, dolu olanda da fərqli deyildi. Vuruşmaq lazımdı. Respublikanın adını, şərəfini qoruyan adamın məsuliyyəti olmalıdı. Bütün sahələrdə belə olmalıdı. Hər oyundan sonra görmədiklərini onların başına vurmaq lazımdı ki, "sən Azərbaycanı təmsil edirsən. O təmsilçiliyə görə məsuliyyət daşıyırsan". Niyə etmirsən, pulun yoxdu? Şükür Allaha indi Premyer Liqada yaxşı maaş verirlər, şərait yaradırlar. Ancaq biz can atmalıyıq. Pandemiya hər yerdə var. Bəs niyə xaricdən gələn futbolçular fiziki cəhətdən hazırdılar, bizimkilər yox? İşləmirlər, fikirləşirlər ki, nə vaxt futbol başlasa oynayarlar".
 
 

71 yaşlı məşqçi U-21-lə bağlı limitdən və yerli futbolçuların kənarda qalmasından da gileyləndi: "Elə biri mənim nəvəm Nadir Qasımov. Bir ara mətbuatda yazırdılar ki, Azərbaycanda "qol maşını" yetişir. Necə oldu o "qol maşını"? Heç harda olduğunu soruşan da yoxdu. Yaxşı, babasını atdız kənara. Bəs nəvəyə niyə belə münasibət göstərirlər? Avqustun 27-də 21 yaşı tamam oldu. Amma bu adamı "siliblər", yoxdu. Nəyə görə? Millinin heyətində 17 qol vurub. Mən onun siyahısını tutmuşam. Öz klubunda bombardir olub. Belə futbolçudan imtina edərlər? Onun kimi nə qədər 21 yaşlı futbolçularımız kənarda qalıb. İndi evdədi. Nadirin son klubu "Səbail" olub. 5 ay baxışa çağırdılar, sonra pandemiya  yayıldı. İndi deyirlər ki, "21 yaşı var oynaya bilməz". Bu nə deməkdi? 21 yaşlı gənci bu gün futboldan ayırıblar. Hara getsin? Oğurluq, banditlik etsin? Axı niyə bu gün 21 yaşlı futbolçular kənarda qalmalıdılar? Niyə Respublikada bu gün cəmi 10-12 komanda olmalıdı. 60-dan çox rayonumuz var. Niyə əyalət futbolu yoxdu? Ancaq Bakıda olmalıdı futbol? Mən məşqçi işləyəndə rayonlardan gətirirdim futbolçuları. Neçə uşaq var ki, rayondan gətirmişəm, milliyə qədər yüksəlib. Neçə stadionlarımız boş qalıb rayonlarda, futbol yoxdu. Kimi dindirirsən, 85 min obyekti, 1000 hektarlarla torpağı var. Az qazanırlar? Niyə onları məcbur edə bilmirik ki, gəlib futbola pul qoysunlar? Dövlət səviyyəsində nəzarət olmalıdı. Komandalara dəstək verilməlidi. Lüksemburq nə komandadı ki, bu gün evdə onlara uduzuruq? İnanırsız, məhləyə çıxanda utanıram. Elə suallar verirlər ki, cavab tapa bilmirəm. Mən də futbolçu olmuşam. Artıq tələb etməliyik. Gətirdikləri məşqçi deyir ki, "oyunları analiz etmişəm, futbolçuların xətrinə dəymək istəmirəm". Klubu olmayan futbolçunu milliyə dəvət edir. Neçə aylardı oynamayan futbolçunu meydana buraxır. Bu nə deməkdi?".

Nadir bəyin futbolumuzun bu durumuna etiraz etməyən, AFFA-da vəzifə sahibi olan veteranlara da sözü var: "Sabah bizim üzümüzə tüpürəcəklər ki, "Veteransız, amma heç nə etmirsiz". AFFA-dakı veteranlar danışmır deyə orada oturublar də. Bu gün, nə Ağasəlimi, nə Şakiri, nə Vaqifi başa düşürəm. Hər üçünə hörmətim var, neçə illər bir yerdə işləmişik. Bu gün onlar tələb etməlidi. Ağasəlim, sənin şükür Allaha böyük hörmətin var. Ağsaqqalımız, şöhrət ordenli məşqçimizsən. Səninlə fəxr edirik. Eləcə də Kazbek Tuayev, İsgəndər Cavadov. Niyə görə müzakirələri yüksək səviyyəyə çıxarıb, tələb etmirsiz? Artıq bəsdi. Milyonlar gedir, amma ortada heç nə yoxdu. Gedib xaricdən məşqçi gətirirlər. Onda gəlin belə edək. Almaniyadan təkcə məşqçi deyil, prezident, vitse-prezident də gətirək. Baxaq görək dönüş olacaq ya yox. "Material" olması üçün akademiyalar işləməlidi. Nəzarət olunmalıdı, uşaqlara vitaminlər, qida verilməlidi. Turnirlər keçirilməlidi. Futbolçu belə yetişir. Uşağa texnikanı, taktikanı, futbolun incəliklərini başa salmaq üçün səviyyəli məşqçilər lazımdı. Niyə bizdən istifadə etmirlər? Belə qocalmışıq? Vaxt var idi ki, İtaliya ilə heç-heçə edirdik, Norveç üzərində qələbə qazanırdıq, Portuqaliyadan bərabərliklə qayıdırdıq. Həmin futbolçulardı də, 40-45 yaşındadılar. İndi nə oldu, onlar işləyə bilməz? Məşqçilər qocaldıqca səviyyəsini artırır. Eləcə də futbolçular. Xaricdə 70-75 yaşlı mütəxəssislər işləyir. Niyə onları çıxarıb kənara atmırlar? Deməli, savadı, hörməti var. Amma bizi "siliblər". Elə bil ki, Nadir Qasımov adlı məşqçi yoxdu, olmayıb. Niyə komandalara lazım olmuram? Baxın, bu gün kim düzgün işləmirsə tutub qandallayıb aparırlar həbsxanaya. Prezidentimiz onlara qarşı lazımi tədbirləri görür. Layiq olduqlarına çatırlar. Əlbəttə, bu gün AFFA-da da yoxlamalar aparıla bilər. Ancaq bu dövlət səviyyəsində olan bir məsələdi. Biz ancaq AFFA-nın düzgün işləməməsi haqda tənqidi fikirlərimizi səsləndirə bilərik. Sistem düzgün deyil. Bu gün ölkədə nə qədər PRO kateqoriyalı məşqçilər var. Amma gedib xaricdən məşqçi gətirirlər. Gətirdikləri mütəxəssislər nə edib? Hansısa məşqçimizdən daha yaxşı nəticə veriə biliblər? Bu gün köklü dəyişikliklər etməliyik. Pul buraxırlar, çox sağ olsunlar. Amma pulların nəyə və hara xərclənməsinə nəzarət edilməlidi. Niyə bu gün Premyer Liqamızda cəmi 8, Birinci Divizionda isə 12 klub var? AFFA-dakıların öz "kruqu" var. Oturub maşınlarına, çıxıb gedirlər bağda istirahət etməyə. Camaat arasına isə biz çıxırıq. Az qalırlar bizi öldürsünlər ki, "budu sizin futbolunuz?".

Səbuhi Həsənov
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR