AFFA hakimlərin zəifləməsində maraqlıdır?

AFFA hakimlərin zəifləməsində maraqlıdır?
Deyəsən, AFFA-nın "boz bina"sında oturanlar rəhmətlik Nüsrət Kəsəmənlinin "Biri vardı, bir yox" şeirini çox xoşlayırlar. Həmin şeirin ən təsirli misralarından birində belə deyilir: "Pencək-şalvar geyinərdi dostlarım, məndə isə bir vardı, biri yox..."

İndi AFFA-nın başbilənləri Azərbaycanlı futbol hakimlərinin üzərindən əsl "biri vardı, bir yox" oyunu oynamaqdadı. Qışda təlim-məşq toplanışı olanda yaydakını ləğv edirlər, yayda olanda isə əksinə. Xatırlayırsızsa, ötən ilin qışında hakimlər təlim-məşq toplanışı üçün xaricə, daha doğrusu Antalyaya aparılmadı. Bəhanələri də bu oldu ki, ölkə klublarının əksəriyyəti Antalyaya getməyəcəklər, Bakıda keçirilən "CBC Sport" kuboku"nda iştirak edəcəklər. Guya ki, hakimlərimiz də bu kubok çərçivəsində keçirilən oyunları idarə etməklə səviyyələrini yüksəldəcəklər. Proqnozlar baş tutmadı. Ölkənin iddialı klubları hamısı Antalyaya yollandı. Sözügedən kuboka isə "Neftçi" və divizion təmsilçiləri qatıldı. Səhvini anlayan AFFA rəhbərliyi yayda hakimləri Bolqarıstana göndərdi. Orda Avropa klublarının yoldaşlıq görüşlərində ədaləti qoruyan hakimlərimiz mövsümə normal hazırlıq keçə bildilər.

Bu qış hakimlərimizin Antalyaya gedib-getməyəcəyi uzun müddət müzakirə mövzusu idi. Yalnız son anda qərar verildi, Xəqani Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin kurort bölgəsinə yollana bildi.

Artıq iyul ayı bitmək üzrədi. Təxminən bir ay sonra ölkə Premyer Liqası start götürəcək. Hakimlərin mövsümə hazırlığı ilə bağlı yekun qərar isə yoxdu. AFFA-nın divarları arasından sızan məlumata görə, baş katib Elxan Məmmədov maddi vəziyyəti önə çəkir, hakimlərin Bakıda hazırlaşmasının heç bir problemə səbəb olmayacağına Rövnəq Abdullayevi inandırmağa çalışır. 

Qəribədi ki, hakimlərə qarşı bu davranış AFFA-nın himayəsində olan klubların hamısının ölkə xaricində təlim-məşq toplantısı keçirməsinin fonunda baş verir. "Sumqayıt", "Kəpəz" və "Səbail" hazırda Türkiyədədi. "İnter" də hazırlığı orda keçib. "Neftçi" isə daha uzağa, Avstriyaya yollanmağa hazırlaşır. Hakimlər bu ölkənin futboluna, onun imicinin Avropada yüksəlməsinə həmin komandalardan daha çox xeyir verirlər. Hamımıza məlumdu ki, UEFA tərəfindən hər il AFFA-nın büdcəsinə hakimlərin hazırlığının yüksəldilməsi üçün yetərincə ciddi məbləğdə pul köçürür. Bəs həmin pullar hara gedir? Olmaya AFFA-dakı məlum qüvvələr hakimlərin zəifləməsində, UEFA-nın gözündən düşməsində, ölkə çempionatında hakim səhvlərinin bir-birini əvəz etməsində maraqlıdılar? 

Çox gecikmədən bu mənfur siyasətin qarşısı alınmalı, illərlə çəkilən əziyyətin nəticəsi məhv edilməməlidi. Sonra gec olacaq. Bizə yeni Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev yetişdirmək üçün xeyli zaman və pul lazım gələcək. Tərsliyinizdən əl çəkin!

Amal ABUŞOV


Xəbər lenti