AFFA Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır

AFFA Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır

Nazim Süleymanov: "Veteranlardan dəstək gözləmirəm, yetər ki, bizə mane olmasınlar”

Ötən ilin sentyabrın 11-də futbol ictimaiyyəti yeni bir qurumun yaranmasına şahid oldu. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə AFFA Həmkarlar İttifaqının təqdimat mərasimi keçirildi. Elə həmin iclasda da Nazim Süleymanov yeni yaradılan Həmkarlar İttifaqının sədri seçildi. İlk gündən yeni təşkilatın fəaliyyəti AFFA tərəfindən bəyənilmədi, rəsmi sayt vasitəsiylə bəyanat yayan assosiasiya belə bir qurumu tanımaq niyyətinin olmadığını bildirdi. AFFA Həmkarlar İttifaqının hazırkı fəaliyyəti və gələcək planlarla bağlı Nazim Süleymanov "Futbol+” qəzetinə müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.

- Nazim bəy, AFFA Həmkarlar İttifaqı hazırda nə işlə məşğuldu, fəaliyyətinizi necə davam etdirirsiz? Kənardan baxanda belə bir təəssürat var ki, aktivliyiniz bir qədər azalıb, əvvəlki tək fəallıq hiss olunmur. 
- Kənardan baxanda belə görünə bilər, amma heç də belə deyil. İlk gündən müəyyənləşdirdiyimiz prinsiplər üzrə fəaliyyətimizi davam etdiririk. AFFA Həmkarlar İttifaqı formalaşma mərhələsindədi. Bildiyiniz kimi, artıq beş rayonda görüşlərimizi keçirmişik, yerli futbol ictimaiyyətinin də iştirakıyla həmin rayonlarda yerli təşkilatlar yaradılıb. Bunlar Lənkəran, İmişli, Masallı rayonları, Şirvan və Sumqayıt şəhərləridi. Bilirsiz ki, Həmkarlar İttifaqını qoşulma könüllüdü. Biz heç kimi buna məcbur edə bilmərik, nə də hansısa rayona gedib, deyə bilmərik ki, yığışın, burda təşkilat yaradaq. Rayonlara səfərlərimiz dəvətlər əsasında olur. Digər rayonlardakı görüşlərə də hazırlıq gedir, müəyyən iş aparılır. Bunlarla bağlı hər dəfə geniş açıqlama vermirik. Bəlkə buna görə də kimsə bizim fəallığımızın azaldığı barədə düşünür. Hər şey əvvəlki kimidi.
 
- Rəsmi qeydiyyat prosesi nə yerdə qalıb? Sənədləri toplayıb, Ədliyyə Nazirliyinə müraciət edəcəkdiz. 
- Müraciətimizi ünvanlamışıq, amma nazirliyə yox, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına. Daha doğrusu oranın Mədəniyyət Nazirliyindəki bölümünə. Bizə deyildi ki, idman sahəsindəki həmkarlar təşkilatları məhz mədəniyyət sektoruna aiddi. Ona görə də həmin təşkilata sənədlərimizi göndərdik. Hələlik rəsmi cavab almamışıq. Soruşanda belə məlum oldu ki, cavab vermək üçün konkret müddət yoxdu, müzakirə aparıb, qərar verəcəklər və bizi üzvlüyə qəbul edəcəklər. Bu məsələnin bizim üçün elə bir problemi yoxdu. Rəsmən qeydiyyata alınmasaq da, işimizə davam edirik.
 
- AFFA Həmkarlar İttifaqı yaranan gündən futbol ictimaiyyətindən, veteranlardan tam dəstək ala bildizmi? Onların dəstəyi sizi razı saldımı? 
- Bəli, futbol ictimaiyyətinin dəstəyini almışıq. Veteranların dəstəyinin necə olduğunu isə özünüz gördüz. Bir sahənin veteranı o adama deyilir ki, o keçməkeçli yolları keçsin, o yolun dərəsini-təpəsini bilsin, sınaqlardan üzüağ çıxsın. Bu adamlar təcrübəli hesab olunur. Ağı qaradan seçməli, öz təcrübələrini ümumi işin xeyrinə sərf etməlidilər. Şəxsən mən futbol veteranlarının dəstəyindən razı qalmadı. Nə demək olar? Biz heç kimi məcbur edə bilmərik. Dəstəklərini artıq gözləmirəm, heç olmasa, işimizə mane olmasınlar, bizə əngəl törətməsinlər. Önəmli olan futbol ictimaiyyətinin dəstəyidi ki, onu da hiss edirik. Özünüz də görürsüz ki, təkcə Bakıda deyil, rayonlarda da bizi dəstəkləyən insanlar var. Beş rayonda yerli təşkilatımızın qısa müddətdə formalaşması buna sübutdu. Könüllülük prinsipləri əsasında 450 üzvümüz var. Sıralarımız yenə də genişlənir. 
 
- AFFA prezidenti Rövnəq Abdullayevə ünvanladığınız müraciətə nə cavab gəldi? 
- AFFA prezidentinin adından məktub almışıq. Məktubun qısa məzmunu belədi ki, AFFA bizi tanımaq istəmir. Bildirirlər ki, sənədlərimizi toplayaq, onlara göndərək. İcraiyyə Komitəsində Həmkarlar İttifaqının yaranması müzakirə olunsun. Yalnız ondan sonra hansısa qərar verilə bilər. Bunun özü gülməlidi. Axı həmkarlar təşkilatının yaranması üçün hansısa qərar lazım deyil. İndiki halda AFFA İcraiyyə Komitəsinin hansısa müzakirəsinə, qərarına ehtiyac da yoxdu. Çünki Həmkarlar İttifaqı sərbəst, müstəqil bir qurumdu. Əməkdaşların hüquqlarını qorumaq üçün yaranır. Biz kiməsə hesabat verməli, yaxud da icazə almalı deyilik. Biz deyirlər ki, sizin futbol ictimaiyyətinə aidiyyatınız yoxdu. Kimin? Mənim, yaxud Boris Xetaqurovun, Asəf Namazovun, Səmədağa Şıxlarovun, Samir Ələkbərovun, Novruz Əzimovun... Bizim futbol ictiamiyyətinə dəxlimiz yoxdusa, kimin var? Biz illərdi harda işləmişik? Əgər, Nazim Süleymanovun Azərbaycan futboluna aidiyyatı yoxdusa, nə üçün məni Avropa Liqasının finalından öncə ulduzların qarşılaşmasına dəvət etmişdilər? Bilirsiz ki, həm vaxt ölkə başçınız cənab İlham Əliyev də oyuna baxmağa gəlmişdi, bizimlə də görüşdü. Mən futbol ailəsinin üzvü deyiləmsə, məni cənab prezidentə necə təqdim etdilər? Biz AFFA Həmkarlar İttifaqı olaraq fəaliyyətimizə davam edirik, qeydiyyata almamaq, tanımamaq kimi işlər bizim üçün problem deyil. Növbəti müraciətimizi cənab İlham Əliyevə ünvanlayacağıq. Artıq bunun üzərində iş gedir, məktub hazırlanır. Hamımız bilirik ki, hörmətli prezidentimiz idmanı, xüsusən də futbolu çox sevir, ona qayğıyla yanaşır. Onun futbola məhəbbəti yüksəkdi, inanıram ki, cənab İlham Əliyevə müraciətimiz cavabsız qalmayacaq. Həmin müraciəti ünvanlayarkən geniş toplantımız olacaq, mətbuat nümayəndələri də ora dəvət alacaqlar.
 
- Son iki ayda artıq iki dəfə AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Nizamnəyə dəyişiklik edilib, strukturda yeniləmə nəzərdə tutulur. Sizcə, bütün bunlar nəyə hesablanıb? Bu dəyişikliklərə münasibətiniz necədi? 
- AFFA ictimai təşkilatdı, Azərbaycan futbolu kimi o da bizim hamımızındı. Hazırda hansısa dəyişikliyə qərar verən hüquqi orqan İcraiyyə Komitəsidi. Biz də o komitənin işini, verdiyi qərarları diqqətlə izləyir, hörmətlə qarşılayırıq. Çox istərdim ki, verilən qərarlar Azərbaycan futbolunun inkişafına hesablansın, hansısa şəxsi maraqların qorunmasına yox. Şəxsi maraqlar Azərbaycan futbolunun maraqlarından önə keçməməlidi. Yanvarın 28-də bu dəyişikliklər daha dəqiq bilinəcək və biz də görəcəyik. İcraiyyə Komitəsinin üzvlərinin sayını artırıb, 13-ə çatdırıblar. Əvvəlki 11 nəfər nə etmişdi ki, indi 13 nəfər nə edəcək? Mən istərdim ki, biz kəmiyyətə yox, keyfiyyətə fikir verək. İcraiyyə Komitəsi Azərbaycan futbolunun problemlərinə diqqət ayırsın.

- Ehtimal olunur ki, həmin gün millinin baş məşqçisinin kimliyinə də aydınlıq gələcək... 
- Milli komanda bizim hamımızındı, Azərbaycan xalqınındı. Onun taleyinə biganə deyilik. Millilərimiz, futbolumuzun təkcə AFFA-nın deyil. Şəxsən mən Azərbaycan futbolunun bu günkü səviyyəsindən narazıyam. Zaman-zaman problemləri də dilə gətiririk, çıxış yollarını göstəririk. Milli komandaya hansı mütəxəssisin başçılıq etməsi ində ən vacib məsələ deyil. Daha əvvəl həll edilməsi vacib olan problemlər var. Azərbaycan futbolunun ümumi vəziyyəti dəyişməli, çempionatımızın səviyyəsi yüksəlməli, uşaq futboluna baxış kökündən dəyişilməlidi. Hazırda biz başımızı "Bakı çempionatı”yla qatırıq. Ən vacib problem də budu. O turniri paytaxtdan çıxarıb, Azərbaycan çempionatına çevirməliyik ki, bölgələrdə də futbol olsun, istedadlı balalarımız futbolla nəfəs alsın, onunla məşğul ola bilsinlər. Daha sonra digər problemlərin həllindən danışmaq olar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR