AFFA "öldürməyə" davam edir

AFFA
Dünən axşam saatlarında yeni mövsümdə birinci divizionda iştirak edəcək klubların adları və sayını açıqlandı: "Mil-Muğan”, "Qaradağ Lökbatan”, "Turan-Tovuz”, "Ağsu”, "Zaqatala”, "Vətən”, "Şüvəlan”, MOİK, "Binə” və "Xəzər”. Deyəsən onlar da Tarif Şurasından öyrəniblər. Qara xəbərləri gün batandan sonra açıqlayırlar, ajiotajın qarşısına almağa bu üsulla çalışırlar.

Onsuz da hansısa ajiotaj gözlənilmirdi də. Bizi qəflət yuxusundan bu cür "xırda" məsələlərlə oyatmaq mümkün deyil. Heç milli komandalarımıza ucdantutma dağıstanlıları, almaniyalıları, rusları, ukraynalıları, türkiyəliləri dolduranlara zərrə qədər də etiraz edə bilmirik. Başımızı aşağı salıb, öz işimizlə məşğuluq. İndi divizionda bölgə təmsilçilərinin sayının azalması nə vecimizə olacaqdı ki...

Bölgələrdə futbolun öldürülməsi AFFA-nın əlinə yağ sürtür. Nə qədər az komanda olsa, o qədər də az futbolçu olacaq. Nə qədər az futbolçu olsa, millilərə bir o qədər əcnəbi dolduracaqlar. Nə qədər çox əcnəbi doldursalar, o qədər də cibləri şişəcək. Sadə aksiomadı. Adamların ən yaxşı bacardığı iş də budu.

Yaşar Vahabzadəni millimiz İrlandiyaya uduzandan sonra "Əcnəbiləri milli komanda futbolçu çatışmazlığına görə dəvət etmişik. Milliyə çağırmağa yerli futbolçu tapmırıq" sözlərinə görə cəzalandırdılar. Elxan Məmmədov ən sevimli kadrlarından birindən üz döndərdi. Bununla da digərlərinə açıq və sərt ismarıc yolladı: "Kim dilinə yiyəlik edə bilməsə, ona bizim yanımızda yer (həm də maaş və iş) yoxdur!"

Əgər 70-ə yaxın rayonu, 10 milyona yaxın əhalisi olan ölkədə cəmi 18 peşəkar futbol klubu varsa, milli komandaya hardan futbolçu tapacaqlar? AFFA qollarını çirmələyib, bölgələrdə futbolu öldürməklə məşğuldu. Yaxşı alınır. Premyer Liqanın ardınca birinci divizionu da "Bakı çempionatı"na çevirdilər. Ötən mövsümdə fəxrlə sinələrini irəli verib, divizion iştirakçılarının sayının çoxluğundan, ordakı əyalət təmsilçilərinin sayından danışırdılar. Onların da axrına çıxdılar. Qusar "Şahdağ"ını diviziona buraxmamaqla ölkənin şimalını futbola həsrət qoydular. Deməli, qusarlı balacalar da bundan sonra top dalıyca qaçmayacaq. Qazaxda "Göyəzən", Mingəçevirdə "Energetik" də olmayacaq. Bu boyda ölkənin nə cənubunda, nə də şimalında çempionata qatılan komanda yoxdur! Artıq qərbdə də sayın azaldılmasına başlayıblar. Tezliklə bacaracaqlar. Onsuz da "Turan Tovuzun" da taleyi tükdən asılıdı. "Kəpəz"in isə yalnız adı Gəncənindi.

İddia edirlər ki, bu addımla aşağı dəstədə oyun alverinin qarşısını alıblar. "Qumarbazlar"ın diviziona yolunu bağlayıblar. Siz dediz, biz də inandıq. İndi kim məni inandıra bilər ki, Premyer Liqanın eyni cibdən maliyyələşən beş klubu bir-birinə oyun alıb-vermirlər? Baş katib Elxan Məmmədovun həmin beş klubun hərəsində 2-3 kadrı var. Özü də yuxarı başda. 

Onsuz da "kəsdiyiniz başa" sorğu-sual yoxdu, bölgə futbolunu məhv etməyə davam edin. Amma yalan danışmayın!

Amal ABUŞOV

Xəbər lenti