AFFA millinin məşqçilərinə "Sus!" əmri verib?

AFFA millinin məşqçilərinə
Yığmamızın Qətərlə oyun üçün heyəti açıqlanandan sonra ortaya bir sıra suallar çıxdı. Baş məşqçi Robert Prosineçkinin "mənim fəlsəfəm" deyib yığdığı komanda ilə bağlı xeyli qaranlıq məqamlar var. Təbii ki, bunlardan biri də qapıçılarla bağlıdı.

Əsas qolkiper Kamran Ağayevin yoxluğunda onu əvəzləməsi üçün Şahruddin Məhəmmədəliyevi, ikinci və üçüncü qapıçı kimi isə Anar Nəzirovla Səlahət Ağayevi dəvət edib. Maraqlıdı qapıçı seçimində hansı fikirləri əsas götürüblər? Məsələn, xorvat mütəxəssis "Qarabağ"da cəmi bir neçə oyuna çıxan Şahruddini harda görüb bəyənib? Niyə, daha təcrübəli Aqil Məmmədov kənarda qalıb? Yoxlama oyunudusa, onu da dəvət edib çıxışını izləmək olmazdımı? Nə olsun ki autsayder qapısı qoruyur? 

Qısası bu məsələlərlə bağlı komandanın qapıçılar üzrə məşqçisi Faiq Əzizovla danışmaq istəyirdik. Amma zəngimizə cavab verən mütəxəssis AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğludan icazə (?!) almağımızı istədi.  Səbəbini soruşduq, heç bir problem olmadığını, yalnız Mikayıl bəyin "mübarək" icazəsindən sonra danışa biləcəyini söylədi. 

Belə çıxır, ya AFFA yığmanın məşqçilərinə, futbolçularına "Sus!" əmri verib. İctimaiyyəti maraqlandıran hər hansı məsələ ilə bağlı onlardan açıqlama almaq qadağandı. Ya da Əzizov boyda mütəxəssis ağzını açıb bir iki kəlmə nəsə deməyə qorxur. Ki birdən hansısa hərf səhvi buraxar, işindən olar. Bunun üçün gərək Mikayıl bəydən xüsusi icazə alına. AFFA-nın sözçüsünə etdiyimiz zənglər isə cavabsız qalır. Milli məşqçiləri Mikayıl bəydən icazəsiz danşa bilmirlər, o isə telefonu götürmür...

İndi yığmaya cavabdeh şəxslərin məlumat vermək borclarından boyun qaçırdıqlarını necə anlayaq?

Sport7.az

Xəbər lenti