AFFA “Neftçi”yə baş məşqçi axtarır?!

AFFA “Neftçi”yə baş məşqçi axtarır?!

"Neftçi” ölkə kuboku uğrunda mübarizədən kənar qaldı. Özü də gözlənilməz şəkildə, elə ilk mərhələdəcə. Rəqib isə uğurlu başlayan mövsümün ilk turunda "Neftçi”yə 0:2 hesabıyla boyun əyən "Sumqayıt” idi. "Xalq komandası” bu maneəni keçə bilmədi və urvatsız şəkildə Azərbaycan kubokundan əlini üzməli oldu.

Belə olacağını "Bakcell Arena”da keçirilən ilk oyundan öncə kimsə gözləməzdi. Hər kəs Roberto Bordinin çalışdırdığı komandanın rəqibini böyük hesabla üstələyəcəyini, cavab oyununu formallığa çevirəcəyini gözləyirdi. Di gəl ki, "ağ-qaralar” və bu rənglərə könül verənlər əsl şok yaşadı. Elə ilk görüşdəcə mərhələ keçmək şansları xeyli azalan "Neftçi”nin səfərdə rəqibinin qapısına 3 cavabsız top vuracağına inanmaq çətin idi. Buna komandanın potensialı, "Sumqayıt”la qarşılaşmalara qədər sərgilədiyi oyun və qazandığı nəticələr əsas versə də, "Neftçi” artıq əvvəlki "Neftçi” deyildi. Nələrsə baş verirdi...
Gözlənildiyi kimi də oldu.

Hələ bir-neçə gün əvvəlki yazımızda hadisələrin axarının məhz bu ssenariylə davam edəcəyinini siz oxucularımıza bildirmişdik. Yazmışdıq ki, "Neftçi” kubokla Sumqayıtda rəsmən vidalaşacaq və bundan sonra komandanın italiyalı baş məşqçisi Roberto Bordin tənqid oxlarının hədəfinə çevriləcək. Bəli, nə qədər qəribə görünsə də, Bordin "Neftçi”ni idarə edənlərin gələcək planlarına daxil deyil və onunla yollar ən qısa müddətdə ayrıla bilər. Çox güman ki, bu proses elə qış fasiləsində baş verəcək və "Neftçi” yaza yeni əcnəbi məşqçi ilə çıxacaq. Bordinlə yollar isə "qarşılıqlı razılaşma” ilə ayrılacaq. Bu bəhanə artıq sınaqdan uğurla çıxıb, əvvəllər də işə yarayan üsuldu. Onlar bu cür metodlardan yararlanmağı sevirlər.

Bordinin qurbana çevirilməsi planı heç də birbaşa "Neftçi”nin nəticələri ilə bağlı deyil. "Xalq komandası”nın AFFA-nın nəzarətindən çıxmaması üçün bu cür plana ehtiyac var. "Neftçi” millinin bazasına çevrilməli, millinin əsas heyət üzvləri və gələcəkdə "milliləşdirilməsi” gözlənilən əcnəbilər məhz bu klubda çıxış etməlidir. Beləcə milli komanda gələcəkdə "Qarabağ”ın asılılığından, bu klubda çıxış edən futbolçulara möhtac olmaqdan qurtulmalıdı. Qurtulmalıdı ki, AFFA-dakı işbazlar da öz işlərini rahatlıqla görə bilsinlər.

Bordin isə onlara bu işdə mane olacaq fiqurdu. İtalyan mütəxəssis diqtə qəbul etmir, öz prinsiplərindən asanlıqla imtina edəcək adama bənzəmir. Plana əsasən milli komandanın yeni əcnəbi məşqçisi birbaşa "Neftçi”yə də nəzarət edəcək. Onun rəsmən və aşkar şəkildə "bir əldə iki qarpız saxlamasına” icazə verilməsi gülünc görünər. Bununla da AFFA özünü yenidən hədəfə çevirmiş, Qurban Qurbanova qarşı qurulan planın ifşasına rəvac vermiş olar. Ona görə də "Neftçi”nin Bordindən sonrakı çalışdırıcısı milli komandanın baş məşqçisinin yaxın kadrı, əlaltısı olacaq. Mümkdündü ki, bu mütəxəssislər eyni ölkədən olmasınlar, amma "Neftçi”ni və millini çalışdıran əcnəbilərin eyni "hədəfə vuracaqlarına”, bir mərkəzdən idarə ediləcəyinə heç şübhəniz olmasın.

Artıq prosesin "start” düyməsi basılıb. Bu başlanğıc həm də "Neftçi”ni yeni səviyyəyə çıxarmağı bacaran, çətin məqamlarda azarkeşlərlə bütünləşməyi, fanatların cərgəsində dayanmağı bacaran Bordinin də sonunu gətirdi. Fövqaladə nəsə baş verməsə və son anda "B” planı işə düşməsə, Bordin yeni ildən sonra Azərbaycana qayıtmayacaq.

Amal ABUŞOV

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR