AFFA-nın "2-ci Şahrudin"i

AFFA-nın
AFFA-nın azərbaycanlı futbolçulara qarşı saymamazlığı, onların haqqını yeməsi davam edir. Qapıçı kimi primitiv keyfiyyətlərə belə sahib olmayan Şahrudin Maqomadaliyevin Azərbaycanın milli komandasına dəvət almasının şokundan ayılmamış bizə ikinci zərbəni vurdular. 1992-ci ilin 26 yanvarında Rusiyanın Mahaçqala şəhərində dünyaya göz açan Mexti Ramazanoviç Djenetovu "Sumqayıt"a azərbaycanlı futbolçu adıyla transfer ediblər, adını da bizə Mehti Cənətov kimi sırıyırlar.

Azərbaycan dilində "Cənət" adı-sözü yoxdusa, bu "Mehdi"nin ulu babalarının adı nə olub? "Sumqayıt"ın yeni "tapıntısı" ilə bağlı internet axtarış sistemlərində araşdırma aparın, görün adamın Azərbaycanla bağlılığı haqda bircə dənə də olsun informasiyaya rast gələcəksizmi?

Ötən ilin iyununda qolkiper "Anji" ilə müqaviləsini uzatsa da, Dağıstan klubunun heyətində ona yer tapılmayıb. 2010-cu ildən "Anji"nin üzvü sayılan Cenetov yalnız və yalnız "Anji-2"nin heyətində meydana çıxıb. Üstündən iki ay sonra isə qolkiperi "Baltika"ya icarəyə veriblər. Hələ 2016-cı ilin yanvarında Rusiya mətbuatına müsahibə verən "Anji"nin idman direktoru Narvik Sırxayev etiraf edirdi ki, onlar səviyyəli qapıçı axtarışındadılar və sərəncamlarında olan Cenetovla Şafinskinin səviyyəsi tələblərə cavab vermir. Elə bunun nəticəsidi ki, 2016-cı ilin iyununda "Anji" ilə müqaviləsini uzadan Mextini iki ay sonra aşağı liqa təmsilçisi "Baltika"ya icarəyə göndəriblər...

İnternet qaynaqlarında onun Azərbaycan vətəndaşı olması barədə bircə dənə də olsun məlumat yer almasa da, "Sumqayıt" Cenetovu yerli futbolçu kimi transfer edib. Deməli, AFFA-dakı məşhur seyfdə Cenetovun adına yazılmış pasportu hazır saxlayırmışlar. Cənablar, Azərbaycan qanunvericiliyi ikili vətəndaşlığa icazə verirmi? Cenetov Rusiya vətəndaşı kimi öz çempionatında çıxış edirdisə, ona verdiyiniz vətəndaşlığı niyə ləğv etdirməmisiz? Əlbəttə, imkan düşən kimi ona yenidən qucaq açsınlar deyə. Yayda azərbaycanlı qapıçı, U-23 millisinə dəvət alan Tərlan Əhmədovu yola salacaqlarından əmin olandan sonra Cenetovu "Sumqayıt"a çağırıblar.

Biz belə ssenarilərin nəylə nəticələndiyini çox yaxşı bilirik. Təsadüfi deyil ki, yeni transferə bəy tərifi yağdıran "Sumqayıt"ın məşqçisi Etibar  Tarıverdiyev dağıstanlını yerə-göyə sığdıra bilməyib, onun gələcəkdə yaxşı qapıçı olacağına təminat verib. Hansı gələcəkdə, yoldaş Tarıverdiyev? Adamın 25 yaşı var, indiyə qədər Dağıstanda özünü təsdiqləyə bilməyib. Bundan sonra nə vaxt Buffona, Noyerə çevriləcək? 

Hədəf bəllidi. Tezliklə Cenetovu milliyə çağırılan heyətdə görəcəyik. Kamran Ağayevin yavaş-yavaş "qocalması" AFFA-nın əl-qolunu açıb, iştahını artırıb. Tezliklə millinin əsas və əvəzedici qapıçılarının hər ikisi Dağıstandan gələnlər olacaq - Mexti və Şahrudin. 

"Dağıstan bizim əzəli torpaqlarımızdı" deyib pafosa qapılanların nəzərinə: Bu yaxınlarda Dağıstanın əmək müfəttişliyi və miqrasiya polisi 400-ə yaxın azərbaycanlını orda qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqlarına görə həbs etmişdi. Özü də bizimkilər orda dağıstanlıların yerini tutub, onların əvəzinə futbol oynamağa yox, qara fəhləlik edib bir tikə çörəkpulu qazanmağa getmişdilər. Mən hər şeyi başa düşürəm. Tarixi torpaqlarımızın əzizliyini də, qonaqpərvərliyimizi də. Amma əvvəlcə biz öz vətəndaşlarımızın haqqını verməli, onların qarnını doyrumalıyıq!

Amal ABUŞOV


Xəbər lenti