AFFA-nın ayrı-seçkilik siyasəti: Nazimlə Vəliyə niyə fərq qoyuldu?

AFFA-nın ayrı-seçkilik siyasəti: Nazimlə Vəliyə niyə fərq qoyuldu?

SSRİ-nin süqut etdiyi, Azərbaycanın müstəqilliyini yenidən qazandığı, dünyanın siyasi xəritəsində özünə yer axtardığı ərəfələrdə "Neftçi”nin heyətində yetərincə istedadlı futbolçu yer alırdı. İndiki veteranların dilindən də dəfələrlə eşitmişəm. Həmin heyət böyük uğurlar qazanmağa qadir idi. Amma siyasi proseslər, obyektiv və subyektiv səbəblər buna imkan vermədi.

80-ci illərin sonları, 90-ların əvvəlindəki o məşhur heyətindən iki futbolçu xüsusiylə seçildi – Nazim Süleymanov və Vəli Qasımov. İkisi də böyük riski gözə alıblar və özlərini Azərbaycandan kənarda sübut etməyi bacarıblar. Qasımov ilk Rusiya çempionatının ən məhsuldar hücumçusu olub, daha sonra yolunu Priney yarımadasına salıb. Uzun müddət Portuqaliya və İspaniya çempionatlarında çıxış edib. Süleymanovun uğurları isə elə Rusiya ilə bağlıdı. "Alaniya”nın heyətində Rusiya çempionatının qızıl və gümüş medallarını boynundan asıb, adından söz etdirib.

Bu iki futbolçunun uğurlarını və şəxsi keyfiyyətlərini indi müqayisə etmək istəmir. Nazimin ruslara "yox” deyib, Azərbaycan millisinə gəlməsi, ilk qolun müəllifi və ilk kapitan kimi adını tarixə yazdırmasını bir kənara qoyuram. Vəli Qasımovun bizə məlum olan və olmayan səbəblər üzündən millidən müxtəlif vaxtlarda imtina etməsini də. Hər ikisi bizim fəxrimiz, bizə əziz olan futbolçulardı. Qasımov da, Süleymanov da Azərbaycandan kənarda bizi uğurla təmsil ediblər, millimizə də, futbolumuza da böyük fayda veriblər.

Bəli, biz onlarla fəxr edirik və aralarında fərq qoymuruq. Amma AFFA qoyur. Özü də çox ayıb bir formada. 2015-cü ildə Nazim Süleymanovun 50 illik yubileyi qeyd olunurdu. Uzun müddət müzakirə edildi ki, bu yubileyin şərəfinə "Neftçi”nin və "Alaniya”nın veteranlarının dostluq görüşü keçirilsin. Şimali Osetiyadakı veteranlar və dövlət rəsmiləri uzun müddət Azərbaycandan dəvət gözlədilər. Di gəl ki, həmin dəvət gəlmədi, AFFA-dan səs çıxmadı. Belədə təşəbbüsü onlar üzərlərinə götürdülər. Azərbaycanlı veteranlar may ayında Vladiqafqaza yollandılar. Orda Bakıdan gələn qonarlaq yüksəl səviyyədə qarşılandı, mərkəzi stadionun dolu tribunaları uzun müddət "Sulya-Sulya” sədaları ilə titrədi.

Şəxsən mənim də iştirak etdiyim oyunda və rəsmi qəbul zamanı bir daha vurğulandı ki, cavab oyunu Bakıda mütləq təşkil olunacaq. Vladiqafqazdakı qonaqpərvərliyin əvəzi Bakıda çıxılacaq və bakılı futbolsevərlərə bir futbol bayramı yaşadılacaq. Verilən söz yerinə yetirilmədi. Bizim qulağımız səsdə, ordakı veteranların da gözləri yolda qaldı.

Və bu gün oxudum ki, AFFA-nın təşkilatçılığı ilə Bakıda dostluq görüşü keçiriləcək. Özü də Vəli Qasımovun 50 illik yubileyi şərəfinə. Bu münasibətlə təkcə Rusiyadan deyil, uzaq İspaniyadan da qonaqlar Bakıya dəvət olunub. Lap yaxşı, çox gözəl. Vəli Qasımov buna layiqdi. Hətta bundan da yaxşısına. İstedad sahibinin dəyərini verməli, sağlığına onu qiymətləndirməliyik. AFFA-ya buna görə ürəkdən təşəkkürlər. Amma bu yerdə bir sual da var ki, onu da AFFA-ya mütləq ünvanlamalıyıq: Eyni diqqət nə üçün Nazim Süleymanova göstərilmədi, bu ayrı-seçkiliyin səbəbi nədir?!

Amal ABUŞOV
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR