AFFA-nın klubunda maaş böhranı

AFFA-nın klubunda maaş böhranı

Cari mövsümdə Avroliqaya vəsiqə qazanmağı hədəfləyən "Keşlə”nin məqsədinə çatıb-çatmayacağını qarşıdakı oyunlar göstərəcək. Qış fasiləsindən sonrakı ilk görüşdə "Səbail”ə uduzmaqla "siftə”si korlanan paytaxt təmsilçisində işlər heç də qaydasında getmir. Komandanın daxilində müəyyən narahatlıq və qeyri-müəyyənlik var. Oyun və nəticələr kənarda qalıb, məşqçilər heyəti və futbolçular başqa şeyin dərdini çəkir.

"Qırmızılar” sonuncu dəfə dekabrda pulun üzünü görüb. Ötən ilin son ayında noyabrın əməkhaqqını alan məşqçi və futbolçuların gözü artıq iki aydı "kağız” üzünə həsrətdi. Maaş kartlarını bankomata salıb-çıxarmaqdan kartlar yararsız vəziyyətə düşüb. Di gəl ki, içində "qara qəpik” də yoxdu. Halbuki Yeni il bayramı ərəfəsində dekabrın məvacibinin hesaba köçürüləcəyi deyilmişdi. Həmin vaxt xəbər çıxmadı, sonra da bayram günlərinə düşdü, təlim-məşq toplanışı və s. Baş qarışdı, AFFA-da oturanların "Keşlə”nin hesabına pul köçürmək planı yubandı. Futbolçular dekabrın maaşını gözləyə-gözləyə bir də ayılıblar ki, yanvarın əməkhaqqının da vaxtı çatıb. Adətən, hər ayın 5-nə qədər üzlər gülürdü. Amma hələ də xəbər-ətər yoxdu. Nə dekabrın, nə də yanvarın pulundan. Kamran Ağayev, Denis Silva kimi təcrübəliləri, eyni zamanda keçmişdə yaxşı qazanc əldə edənləri maaş düşündürməyə bilər. Amma elə məşqçi və futbolçular var ki, gözlərini aylıq məvacibə dikiblər. Arxasında ehtiyatı olmayanlar həmin pulla dolanır, ailə saxlayırlar.

Qeyd olunan məsələ ilə bağlı Zaur bəylə danışmaq, suallara cavab tapmaq maraqlı olardı. Təəssüf ki, gün ərzində etdiyimiz çoxsaylı zənglər cavabsız qaldı. Öyrənərkən məlum oldu ki, Axundov bir müddətdi ölkə xaricindədi. Vətənə qayıdan kimi dərhal komanda üzvləri ilə görüşəcək. Ümid edək ki, həmin vaxt biz də suallarımıza cavab tapacağıq. ("Futbol+)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR