AFFA-nın “milliləşdirdiyi” futbolçudan gülməli açıqlama

AFFA-nın “milliləşdirdiyi” futbolçudan gülməli açıqlama
Cəmi üç ay bundan əvvəl Azərbaycan millisində oynamaqdan imtina edən Özancan Kökçü qərarını dəyişib.

Sport7.az xəbər verir ki, Hollandiya "Valveyk”inə icarəyə verilən futbolçu yenidən Azərbaycan millisinə can atır.

Məlum məsələdir ki, Hollandiya və Türkiyə millilərində çıxış edə bilməyəcəyini, bu komandalarının qapılarının onun üzünə bağlandığını anladıqdan sonra Kökçü özünü bizimkilərə xatırlatmağa çalışır. Bununla Özancan həm də Azərbaycan klublarında özünə yer tapmağı hədəfləyib.

Futbolçunun "azerisport.com”a verdiyi müsahibəni oxuduqda buna bir daha əmin olmaq mümkündür. 

- Artıq Hollandiya "Valveyk”inə qoşulmusunuz?
- Şadam ki, "Bursaspor” mövsümün sonunadək "Valveyk”də oynamağa icazə verib. Sabah (bu gün) bu komandanın heyətində ilk məşqim olacaq. Holland klubunun əsas heyətində möhkəmlənərək, nəinki "Bursaspor”un, həm də Azərbaycan yığmasının heyətinə qayıtmaq istəyirəm.
 
- Axı, Azərbaycanın gənclər yığmasında oynamaqdan imtina etmisiniz?
- Emosiyalarım soyuyub, indi yenidən daim özüm üçün şərəf saydığım Azərbaycan yığmasının formasını geyinmək istəyirəm. Bir neçə məğlubiyyətdən sonra kəskin addım atdım və hələ də buna görə özümə gəlməmişəm. Həmin vaxt ciddi təzyiq altında idim. 
 
- Bu hal təkrarlana bilər?
- Gəncəm, bəzən emosiyalar aşıb-daşır və nəticədə yanlış qərar qəbul edilir. Bunu etiraf edirəm. Azərbaycanı sevirəm və bu yığmanın şərəfini qorumaq istəyirəm. Baş məşqçi dəvət etsə, komandaya kömək etməyə hazıram. Ümid edirəm ki, yenidən şans qazanmaq üçün özümü göstərə biləcəm. 
 
- AVRO-2019-un seçmə mərhələsinin 5-ci qrupundakı bir sıra məğlubiyyətlərdən sonra yeni məşqçi heyəti vəziyyəti düzəldə biləcəkmi? 
- Fikrimcə, vəziyyəti düzəltmək şansımız var. Yeni baş məşqçi, yeni ideyalar... Rəşad Sadıqov - Azərbaycan futbolunda böyük addır və onun komandasında olmaq istəyirəm.

Sport7.az
 

Xəbər lenti