AFFA-nın növbəti ucuz şousu

AFFA-nın növbəti ucuz şousu
Dünəndən bəri sosial şəbəkələrini və idman saytlarını portuqaliyalı futbolçu Kriştiano Ronaldonun şəkli bənzəyir. Əvvəlki fotoların fərqi odu ki, Ronaldonun əlində Azərbaycan milli komandasının yeni forması var. Hə, çox vacib bir detalı unutmuşduq. Rusiyaya Konfedrasiyalar Kubokunda iştirak etmək üçün gələn "7" nömrənin yanında bizə tanış olan sima dayanıb - çoxdandı ki, Ronaldo ilə dostluq etməsiylə öyünən Riad Rəfiyev.

Rəfiyev AFFA-da çox mühüm bir post tutur. Rəhmətlik Rasim Rəfiyevin oğlu futbol üzrə Azərbaycan yığmasının admistratoru, AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatorudur. Amma bu cavan oğlan daha çox menecer kimi ad çıxarıb. "Bakı"nın güclü, Hafiz Məmmədovun pullu vaxtlarında özünü onun yanına vermişdi. Paytaxtın eyni adlı klubuna futbolçu gətirməklə məşğul idi. Sonradan müflisləşən klubu ilk tərk edənlərdən oldu.

Bir-neçə ildi ki, AFFA-nın baş katibi Elxan Məmmədovun "sağ əli" hesab olunur.Guya, Avropadakı əlaqələrindən istifadə edib, millimizin üzvlərini xaricə aparmağa, dünyanın dörd bir yanında oynayan Azərbaycan əsilli futbolçuları tapmaqla məşğuldu. Deyilənə görə, Ramil Şeydayevin, Eddi İsrafilovun, Emin Mahmudovun millimizdə oynamağa razılıq verilməsində xeyli əziyyət çəkib. AFFA ilə futbolçular arasında vasitəçilik edib. Bundan başqa Elnur Cəfərovun uğursuz Portuqaliya və Xorvatiya səyahətində, Eminlə Kamran Ağayevin "Boavişta"ya göndərilməsində də menecer kimi iştirak edib. Qara Qarayevlərlə də adı hallanıb. Gənc Qaranı İspaniyaya göndərmişdi. "Qarabağ"ın futbolçusuna isə millimizin Almaniya ilə oyunundan sonra müştəri tapdığını deyirdi. Amma tələskənlik edib, səhvə yol verdiyi, klub rəhbərliyindən xəbərsiz iş gördüyü üçün danlandı, geri addım atmağa məcbur edildi.

İndi də Moskvaya gedib, Portuqaliya millisinin Rusiyayla oyununda sonra Ronaldoyla şəkil çəkdirib. Bunu da bəh-bəhlə reklam edirlər. Olmaya, bu da "Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması" tədbirlər planının bir hissəsidi? Dəqiq olan udu ki, Riadın Ronaldoyla şəkil çəkdirməsi AFFA-nın növbəti ucuz şousudu. Uğursuz "niyə də yox" şüarı kimi.

Sport7.az

Xəbər lenti