AFFA-nın “qısırlaşdırdığı” Azərbaycan futbolu

AFFA-nın “qısırlaşdırdığı” Azərbaycan futbolu

Amal ABUŞOV

"Yolun açıq olsun, Halim hoca!” – özümdə mənəvi borc hiss etdim ki, yazıma bu sözlərlə başlayım. Bəli, Halim Fıçıcı Azərbaycanı, daha doğrusu, "Qəbələ” Futbol Akademiyasını tərk etdi. Bu gedişdən Azərbaycan futbolunun nələr itirdiyini zaman keçdikcə daha ciddi şəkildə hiss edəcəyik. Yaxşılar gedir, meydan pislərə qalır. Heç kim bu sözlərimdən inciməsin. Azərbaycan futbolunun hazırkı reallığı məhz belədi.
 
Türkiyəli mütəxəssis "Qəbələ”nin akademiyasının strukturunun qurulması, aşağı yaş qrupları üzrə komandaların formalaşması, məşqçilər korpusunun təşkilində əvəzsiz xidmətlərə malik idi. Gözümüzün işığı saydığımız yerli məşqçilər yeni-yeni "lipalar” düzüb-qoşmaqla məşğul olanda, sənəd saxtalaşdırmaq üzərində baş sındıranda, Halim hoca Nail Kərimovla birlikdə ciddi işlər görürdü. Çox keçmədi ki, biz o ciddi işlərin nəticəsini görməyə başladıq. Beləcə "Qəbələ” Azərbaycan futbolu üçün yeni fabrikə çevrildi. Bu akademiyanın yetirmələri müxtəlif klublara transfer olunmaqla yanaşı, milli komandalarda əsas söz sahibinə çevrilməyə başladılar.

Bugünlərdə Bakıda təlim-məşq toplanışı keçəcək U-17 millimizin heyətində "Qəbələ”nin 7 futbolçusu var. U-19-da isə bu say 4-ə bərabərdi. Təsəvvür edin, Azərbaycanın 3-4 bölgəsində Qəbələdəki kimi akademiyalar olsaydı, uşaq futbolunun inkişafı üçün düzgün istiqamət götürülsəydi, indi millilərimizin heyətində nə qədər istedadlı yeniyetmə futbolçu olardı. İllərdi vəziyyətin düzələcəyinə, AFFA-nın, nəhayət, yanlış yoldan çəkiləcəyinə ümid edirdik. Amma əksi oldu. AFFA-nın futbolumuz üzərindəki əsarəti güclənməkdə davam edir. Əvəzində "Qəbələ” zəifləyir və yavaş-yavaş mövqelərini əldən verir. Mövqe deyəndə ağlınıza başqa şey gəlməsin. Bu mövqe AFFA-ya qarşı əks tərəfdə dayanan hansısa əlahiddə güc deyildi. Sadəcə, Azərbaycan futbolunun gələcəyi üçün çalışan, futbolçu yetişdirən, istedadlı balalarımıza qucaq açan, onları doğru yola yönəldən bir ocaq idi. İndi həmin ocaq yavaş-yavaş sönür, közə çevrilir. Kaş həmin közü qorumağa, yaşatmağa gücümüz çataydı. Məlum məsələdi ki, bunun üçün maddi vəsait lazımdı. Hər bir işi qurmaq, ona başlamaq çətindi. Amma Qəbələdə hazır qurulmuş sistem var, illərdi həmin sistem öz bəhrəsini də verir. Deməli, o sistemi dağılmağa, ocağı sönməməyə qoymaqla gələcəyimiz üçün vacib addım atmış olarıq.

Görünən odu ki, bu heç də asan olmayacaq. İllərdi "Qəbələ”yə, onun akademiyasına öz cibindən pul xərcləyən sponsorlar, daha konkret desək, Heydərovlar ailəsi əvvəlki qüdrətini itirib. Artıq futbola ayırmaq üçün əvvəlki kimi böyük pullar yoxdu. Loru dillə desək, onların da pulu çatmayandan sonra bu ölkədə kim futbola pul xərcləyər? Qəbələdəki akademiyanı ayaqda saxlamaq üçün yeni gücə, pul xərcləyəcək səxavətli sponsorlara ehtiyac var. Düşünmək, baş sındırmaq əbəsdi. Fərqi yoxdu, kiminsə pulu Heydərovlardan çox olsa belə, onlar kimi həmin pulu futbola xərcləyəcək adam tapmaq xeyli çətin, hətta imkansızdı. Deməli, ikinci belə bir şəxsin ortaya çıxmasını, onun "Qəbələ” Futbol Akademiyasının xərclərini öz üzərinə götürəcəyini gözləməyimiz boş məşğuliyyətdi. Belədə gözlər AFFA-ya çevrilir. Ölkənin ən varlı qurumlarından birinə. Onsuz da "boz bina”da oturanlar illərdi futbolun inkişafı adı altında milyonları sağa-sola xərcləyirlər. Həmin milyonların, əcnəbilərə yedirilən pulların çox az faizi "Qəbələ”ni xilas etmək, ordakı uşaqları qorumaq üçün yetərlidi.

Bilirəm, siz də mənim kimi AFFA-nın bu fədakarlığı edəcəyinə inanmırsız. Çünki illərdi onlardan belə davranış, uzaqgörən ağıllı addım görməmisiz. Ona görə də özümün inanmadığım şeyə sizi də inandırmağa çalışmıram. AFFA-dakı işbazların ən yaxşı bacardıqları iş futbolçu "milliləşdirməkdi”. Azərbaycan futbolunun sabahı onların vecinə də deyil. Futbolumuzu "qısırlaşdırırlar”. Əvəzində öz biznesləri şaxələnir, imperiyaları güclənir, milyonçuya çevrilirlər. Azərbaycan futbolunun xarabalıqları üzərində özlərinə xoşbəxtlik quranların niyyəti bu ölkədə futbolçu yetişdirmək deyil. Ona görə də onların Azərbaycan pasportu verdiyi futbolçular arasında sonradan erməni klublarına keçənlər də olur, terrorçu Abdulla Öcalanın portretini başı üzərinə qaldıranlar da. Təəssüflər olsun ki, onların bu mənfur siyasətinə "dur” deyəcək qüvvə tapılmır. Orqan mafiyası kimi çalışan məlum dəstə öz işindədi.

Yeni "tapıntılar” da var. "Dənizlispor”dan Əmrə Yıldırım, "İstanbul BŞ”dən Sərhan Ürəsin U-19 millimizin toplanışına dəvət alıblar. AFFA-nın başbilənlərində abır-həya olsa, bu sualımıza cavab verərlər ki, Ürəsinlə Yıldırım hansı keyfiyyətlərinə görə bəyənilib, onları Azərbaycanla nə bağlayır, ümumiyyətlə, bu biabırçı siyasətə nə vaxt son qoyulacaq? Dostlarımızdan biri deyir ki, əvvəllər yalandan olsa da, "milliləşdirdiklərinin” ulu nənə-babasının azərbaycanlı olduğunu yazdırırdılar, indi heç ona da ehtiyac görmürlər. Bunun da səbəbi məlumdu – cəzasızlıq, ictimai qınağın olmaması. Ümid edək ki, bunun bir sonu gələcək...

Mənbə: "Futbol+” qəzeti

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR