AFFA-nın yardım etdiyi futbol veteranı dünyasını dəyişdi

AFFA-nın yardım etdiyi futbol veteranı dünyasını dəyişdi

Ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunmağa başlayan ilk gündən AFFA və Futbol Veteranlar İttifaqı yaşı 70-i haqlamış veteranlara xüsusi diqqət və qayğı göstərir. İttifaqın rəhbəri Oqtay Abdullayevin tərtib etdiyi siyahıya uyğun olaraq asossiasiya rəhbərliyi könüllülər vasitəsi ilə yaşlı veteranlara həftədə iki dəfə ərzaq yardımı göstərir.

Sport7.az xəbər verir ki, siyahıda Rafiq Mizəyev, Yaşar Babayev, Nadir Qasımov, Əziz Əliyev, Çingiz İsmayılov kimi həyatının çox hissəsini futbola həsr etmiş veteranlar yer alıb.

Ancaq "Futbol+” qəzetinin əldə etdiyi məlumata görə, veteranlardan Əziz Əliyev dünyasını dəyişib. Xəbəri dəqiqləşdirmək üçün qəzetin əməkdaşları ittifaqın rəhbəri Oqtay bəylə əlaqə saxlayıb. Abdullayev Əliyevin rəhmətə getdiyini təsdiqləyib: "Təxminən 20 gün əvvəl Əziz Əliyev haqq dünyasına qovuşdu. Ailəsinin durumunu nəzərə alıb, qərara gəldik ki, karantin rejimi başa çatana qədər yardım davam etsin. Doğrudan da, ailənin dolanışığı ağırdı. Buna görə mən hər ay ittifaq adından ailəyə maddi yardım da ayırırdım. Bugünlərdə bir daha həyat yoldaşı ilə görüşüb danışacam. Lazım olacağı halda ailə üzvlərindən birinin işlə təmin olunmasına kömək göstərəcəm”.

Ötən söhbətlərimizin birində Abdullayev Bakı ilə yanaşı, bölgələrdə yaşayan veteranlara da ərzaq yardımı göstərəcklərini bildirmiş, bununla bağlı siyahı hazırlandığını söyləmişdi. Oqtay bəy söhbətində bu mövzuya da toxunub: "Bəli, planımızda bu da var idi. Ancaq xüsusi karantin günlərində şəhərlər- və rayonlararası gediş-gəlişin mümkün olmadığını görüb, bir qədər fərqli addım atmağı lazım bildik. Bölgələr üzrə hazırladığımız siyahıda adı olan veteranlar üçün yerli İcra Hakimiyyətlərinə müraciət ünvanladıq. Onlar da sağ olsunlar, sözümüzü yerə salmayaraq, həmin veteranlara kömək göstəriblər. Mayın 4-dən əksər rayonlarda karantin rejimi aradan qalxacaq. Karantin götürülməyən şəhərlərin veteranlarına isə yardımlar davamlı olacaq”.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR