AFFA rəsmisi: "Bunun bizim əsasnamədə xüsusi şəkildə qeyd olunmasına ehtiyac yoxdu"

AFFA rəsmisi:
AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlikin "Sabah-2" - "Turan Tovuz" matçına hakim-inspektor kimi təyinat alması müzakirələrə səbəb oldu.

Məsələ burasındadı ki, ölkə futbolunda hakim-inspektorların oyunlara təyinatı ilə bağlı hazırlanan əsasnamədə Stuxlikin bu addımına əsas verəcək heç bir bənd yoxdu. Əsasnaməyə nəzər salsaq hakim-inspektorlar oyunlara yalnız aşağıdakı şərtlər altında təyinat ala biləcəyini görərik: 

1. Azərbaycan Respublikasının vətəndaşı
2. Azərbaycan dilində sərbəst danışmaq və yazmaq
3. FIFA listində adı olmuş şəxslər (baş hakimlər)
4. Azərbaycan yüksək liqasında və premyer-liqada baş hakim olmuş şəxslər (3 ildən az olmamaq şərtiylə)
5. Kompüterdə səlis işləmək bacarığı olmalıdı
1a) Ali, texniki, orta təhsilli şəxslər
2a) 70 yaşı tamam olmamış şəxslər

Burdan belə çıxır ki, Stuxlik səlahiyyətlərindən sui-istifadə edərək özü-özünə istədiyi oyuna təyinat verib. Bəs bu nə dərəcədə düzgündü? Bu qayda pozuntusu, əsasnaməyə dırnaqarası baxmaq demək deyilmi?

Hər halda suallarımıza AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan cavab almağa çalışdıq.
 
Firuz bəy Sport7.az-a açıqlamasında bununla bağlı Stuxliklə danışdığını və heç bir əsasnamə pozuntusunun olmadığını bildirdi: "Bu təyinatda heç bir əsasnamə pozuntusu yoxdu. FİFA referiləri və Beynəlxalq dərəcəli hakim-inspektorlar və ya hakimlər, istənilən ölkədə daxili əsasnamədən asılı olmayaraq təyinat almaq hüququna malikdilər. Nümunə kimi FİFA referimiz Əliyar Ağayevin Yunanıstanda oyun idarə etdiyini göstərə bilərəm. İstər hakim, istərsə də hakim-inspektor olsun, fərqi yoxdu. Beynəlxalq dərəcəsi varsa istənilən ölkəyə təyinat ala bilər. Bizim Əsasnamə, FİFA-nın Əsasnaməsindən üstün ola bilməz. Bu, FİFA və UEFA-ya daxil olan Assosasiyalar üçün keçərlidi. Yəni, bunun bizim Əsasnamədə xüsusi şəkildə qeyd olunmasına ehtiyac yoxdu. Bu bir aksiomadı".

Səbuhi Nərimanoğlu

Xəbər lenti