AFFA "Rəvan" rəhbərliyinin üzünə baxa bilmir?

AFFA
Novruz bayramı ərəfəsində AFFA-nın çıxardığı qəfil və sərt qərarlar hamını təəccübləndirdi. Adları "danışılmış oyunlar"da hallandırılan "Rəvan"la "Şərurspor" I divizionda mübarizədən kənarlaşdırılmışdı.
 
Naxçıvan təmsilçisi səhnədən səssiz-səmirsiz çəkildi. Düzdü, "Şərurspor"un həbsxanadan yenicə çıxan prezidenti Sərdar Bağırov azadlığa çıxan kimi AFFA-nı hədələməkdən, iddialı müsahibələr verməkdən çəkinmədi. Bağırov konkret hədəf göstərdi, əsl şübhəli oyunların millimizlə Xorvatiya, Çexiya və Norveç arasında keçirildiyinə işarə vurdu. Vəssalam. Davamını gətirmədi. Ya mübarizəsinin perespektivini görmədi, ya da ki, "yuxarılardan" kimsə ona "geri dur, səsini kəs!" ismarıcını yolladı.

"Rəvan"la vəziyyət isə fərqlidi. "Şərurspor" yarandığı gündən onun prezidentiylə bağlı müxtəlif iddialar səslənir, klub rəhbərliyinin mərc kontorları ilə əlaqəli adamlar olduğu deyilirdi. Amma "Rəvan"a kimin  rəhbərlik etdiyi hər kəsə aydın idi. Kifayət qədər geniş biznes şəbəkəsinə, ciddi imicə sahib olan insanların bu cür xırda və iyrənc əməllərlə məşğul olacağını inanmaq çətin idi. Nəylərinə lazımıydı özlərini bu cür riskə atmaq, adlarını belə əməllərdə hallandırmaq? Bu suallar ilk gündən mənim kimi çoxlarını düşündürürdü. İndiyə qədər də cavab tapa bilməmişik.

Heç cavabını bilən də yoxdu. Bir tərəfdən mətbuat, digər tərəfdən də "Rəvan" tərəfi AFFA-nın hüquqşünasını, baş katibini ora-bura qovmaqdadı. Tutarlı cavab səsləndirənsə yoxdu. "Rəvan"dan kim oyun danışıb? Hansı komandayla danışıqlar olub? Deyən yoxdu. Türkiyədə oxşar hadisələr yaşananda bütün şübhəli oyunların siyahısı açıqlanmışı. Şübhəyə əsas verən faktlar, telefon danışıqları, pul ödənməsiylə bağlı fakturalar ortaya çıxarılmışdı. Bizdəkilər hanı?

Ayda 2-3 dəfə "Rəvan"ın vitse-prezidenti İlqar Axundovla, AFFA-nın hüquqşünası Rəmiş Malıyevlə əlaqə saxlayırıq. Amma heç nəyin dəyişmədiyini eşidirik. "Rəvan" tərəfi AFFA-nın Apellyasiya Komissiyasının iclasını gözləyir. Deyilənə görə, həmin iclasda ortaya "danılmaz faktlar" qoyulacaq. Bəs həmin iclas nə vaxt olacaq?
 
Aylar öncə Rəmiş Malıyev sorğumuzun cavabında "Şikayət etsinlər, apellyasiya versinlər, baxarıq" demişdi. Üstündən iki aydan çox vaxt keçib. Nə vaxt baxılacaq?

Mənə elə gəlir ki, AFFA-da oturanların "Rəvan"ın rəhbərliyinin üzünə baxmağa cəsarəti çatmır, ona görə də iclasın vaxtını yubadırlar ki, onlar da bezsinlər, şikayətlərini geri götürsünlər. Belə olmasaydı, iclası niyə bu qədər uzadırdılar?!

Amal ABUŞOV


Xəbər lenti