AFFA və Prosineçki arasında soyuq savaş

AFFA və Prosineçki arasında soyuq savaş
Qışda "Bursaspor"a keçmək istəyən, lakin AFFA tərəfindən əngəllənən Robert Prosineçkiylə futbol qurumu arasında narazılıq yaranıb.

Sport7.az-a daxil olan məlumatda qeyd olunur ki, son vaxtlar bu narazılıqlar pik nöqtəsinə çatıb və artıq "soyuq savaş"a çevrilməkdədi. Tərəflər arasında millinin heyəti, təlim-məşq toplanışı və ən xırda digər detallarla bağlı fikir ayrılıqları yaşanır.

Sonuncu belə mübahisə isə millinin Avstriyada gücünü sınayacaq rəqiblərlə bağlıdı. Artıq bir-neçə gündən sonra milli Avstriyaya yollanmalıdı, komanda hazırlıqlara başlayıb. Amma sınaqçı rəqiblərin adı hələ də açıqlanmayıb. 

Bu isə səbəbsiz deyil.

Millimiz Avstriyada olarkən orda səviyyəli rəqib tapmaq müşkül məsələdi. Çünki mövsümün sonunda heç kim təlim-məşq toplanışı keçirmir. Almaniyanın və Avstriyanın aşağı liqa klubları ilə qarşılaşmaq isə Prosineçkinin ürəyincə deyil. Xorvat mütəxəssis belə rəqiblə oyunda qazanılan nəticənin aldadıcı olacağından, futbolçularda eyforiya yaranacağından ehtiyatlanır. Prosineçki Şimali İrlandiyaya və Almaniyaya böyük hesablı yenilgilərdən sonra daha bir fiaskonu arzulamır. Yaxşı başa düşür ki, belə bir nəticə onun imicinə mənfi zərbə vuracaq.

Tərəflər hələ də ortaq məxrəcə gələ bilmir və nəticədə milli rəqib tapmaqda gecikir. Proseslərin davamı haqda sizi məlumatlandıracağıq.

Sport7.az

Xəbər lenti