AFFA-ya ŞOK ittiham: “Yeyintilər davam edir!

AFFA-ya ŞOK ittiham: “Yeyintilər davam edir!"

"Kəpəz”də baş verən məşhur qalmaqalın 2 ili tamam olur. Gəncə klubunda maliyyə yeyintisinin aşkar olunduğu, Müşahidə Şurasının sədr müavini Mikayıl Nərimanoğlunun futbol təsərrüfatından qovulması ilə nəticələnən olaylar hələ də yaddaşdadı.

Eyni zamanda AFFA-nın mətbuat xidmətinin rəhbəri olan Mikayıl bəyin günahı audit yoxlamalarından sonra təsdiqlənmişdi. Külli miqdarda yeyintinin əsas səbəbkarı kimi Nərimanoğlunun cinayət məsuliyyətinə cəlb edilməsi gözlənilirdi. Lakin sədr müavinin şəriki olduğu deyilən AFFA-nın baş katibi Elxan Məmmədovun sayəsində qalmaqalın üstü örtüldü. Mikayıl bəy canını Gəncədə yeni aldığı evini satmaqla, yediyi pulları geri qaytarmaqla qurtardı.

Təsadüfi deyil, yoxlamalardan sonra klubun AFFA-ya borcu olması haqda fakt aşkarlandı. Bütün maliyyə assosiasiyadan gəldiyi halda yekunda nonsens sayıla biləcək reallıq yaşandı: "Kəpəz”in əlinə baxdığı təşkilata 120 min manat borcu yaranmışdı və həmin məbləğ Mikayıl bəydən alınaraq geri ödənildi.
Əslində, borc daha çox olmalıydı. Yoxlamalar son bir ili əhatə etmiş və baş katibin tapşırığı ilə bir çox məqamlara göz yumulmuşdu. Halbuki 3 illik fəaliyyəti dövründə Nərimanoğlunun təqribən 300-400 min manatın arxasına keçdiyi deyilirdi.

"Kəpəz”in o zamankı icraçı direktoru Cabir İbrahimov "futbolinfo.az”a müsahibəsində yeyintilərin AFFA-dan xəbərsiz olmadığını bir daha dilə gətirib.

Sport7.az İbrahimovun müsahibəsindən həmin hissəni təqdim edir:
 
- Əslində, hər şeyi artıq təyinatımdan qısa müddət sonra gördüm. 2 ay sonra – noyabrda Mikayıl Nərimanoğlu ilə ilk ciddi münaqişəmiz oldu. "Kəpəz”in Müşahidə Şurasının sədrinin müavini kimi əsas idarəçi olan bu şəxs AFFA-nın maraqlarını təmin edirdi. Bu qurumdan göndərilmişdi və əsas idarəçi idi.
 
- Münaqişəyə səbəb nə idi?


- Həm gəncəli, həm də bir idmançı kimi "Kəpəz”ə ürəyim yanırdı. İlk öncə klub işçilərinin durumunu düzəltmək üçün cəhd etdim. Normal büdcə var idi, lakin məşqçilərə, klub işçilərinə layiq olduqları dəyər verilmirdi. Onlara çox kiçik məbləğdə əməkhaqqı verilirdi. Ekipirovkalarla, qidalanmayla bağlı ciddi çatışmazlıqlar var idi. Maliyyə məsələlərində də əyriliklər göz deeşirdi, sənədlər stolumun üstündən keçirdi, görürdüm. Məndən əvvəl də olmuşdu, mənim dövrümdə də var idi. Hamısı da Mikayıl müəllimin təzyiqi ilə reallaşırdı. Hadisələr böyüyəndən sonra klubun mühasibi Mənsurə Məmmədova müsahibəsində demişdi ki, Nərimanoğlundan xəbərsiz heç bir iş görməmişəm. Mikayıl müəllimə dəfələrlə irad bildirmişəm, o isə deyirdi ki, bizdə sistem belədi. Ümumi AFFA sistemi bu cür işləyir, rəhbərliyin hər şeydən xəbəri var. Biz məsələləri ictimailəşdirdik, qanunsuz olduğu aydınlaşdı, kimlərsə cəzalandı. AFFA-da, bu qurumun nəzarətindəki klublarda isə eyni proseslər hələ də davam edir və tədbir görən yoxdu.
 
- Konkret nə?

- Bir çox məbləğlər var idi ki, şişirdilmiş halda yazılırdı. Pullar təyinatı üzrə xərclənmirdi, olmayan xərclər qondarılırdı. Çörəyin qiyməti 50 qəpikdi, bunu hamı bilir, amma onların hesabatında 1 manat 50 qəpik yazılırdı. O tək Nərimanoğlunun günahı deyildi. Mən məsələnin üstünü açdım, danışdım, problemdən xəbərdar oldular. AFFA-nın baş katibi Elxan Məmmədov lazım olan şəxsləri təftişə göndərdi, hər şey dəqiqləşdi, hansısa yollarla qanunsuzluqların üstü açıldı, əyintiləri tapdılar. Bəs, maraqlıdı, AFFA-dan daha öncə gələn audit yoxlamaları hara baxırmış, niyə eyni şeyləri üzə çıxarmırdılar? Bunlar 10-15 ildi bu sahədədilər, niyə mənim şikayətimə kimi hər şeyə göz yumurmuşlar? Nə olsun ki, klub rəsmiləri qol çəkib, axı, siz dəqiq baxmalısız... Maddi maraqmı var?
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR