Aftandil Hacıyev: "Belə davam etsək Avroliqaya düşmək şansımız olar"

Aftandil Hacıyev:
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev komandanın durumu ilə bağlı fikirlərini bildirib.

Aftandil bəy Sport7.az-a müsahibəsində həm fasilə ilə bağlı planlardan, həm də komandanın gələcək perspektivindən danışıb.

- Aftandil bəy, fasilə ilə bağlı planlarınız necədi?

- Son oyundan sonra komandaya 3 gün istirahət verdik. Sabahdan yığışırıq. Bu həftə məşq edəcəyik. Gələn həftə isə "Qəbələ" ilə yoldaşlıq görüşü keçirib, ardından komandaya bərpa olunması üçün istirahət verəcəyik. Daha sonra "Qarabağ"la görüşə hazırlaşacağıq.

- Hazırlıqları hansı şəkildə quracaqsız?

- Hazırlıqlarla bağlı düşüncələrimiz var. "Qarabağ"ın necə komanda olduğunu bilirsiz. Ən güclü rəqiblərdən sayılır. Təbii ki, bu komanda ilə oyunla bağlı müəyyən fikirlərim var. Amma necə olacağı hələ tam dəqiqləşməyib. Yığışandan sonra qərarlarımızı dəqiqləşdirəcəyik. Yoldaşlıq görüşü də var. Şans qazanmayan futbolçularımızın yun praktikasını yüksəltməyə çalışacağıq. Rahid, Koçuk, Fəhmin və Ruslan milliyə gediblər. Yoldaşçlıq görüşündə də oynamayanlara şans yaratmaq istəyirik.

- 7 tur, 3 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət... Bunu kifayət qədər yaxşı nəticə saymaq olar?

-  Yeni komandayıq. Bu mövsüm demək olar hər şeyi yeniləmişik. Kifayət qədər böyük dəyişikliklər oldu. Büdcəmizdə də keçənilkinə nisbətən azca fərq var. Amma daha keyfiyyətli futbolçular əldə etməyə çalışdıq. Keçən il 29 futbolçumuz vardı. Bu il daha az oyunçu götürüb, büdcəmizi keyfiyyətli olanlara yönəltmək istədik. Əlbəttə, legionerlər baxımından, daha keyfiyyətli futbolçular almaq imkanımız olmadı. Buna baxmayaraq əlimizdəki futbolçulardan maksimum yararlanmağa çalışırıq. 4-5 nəfər istədiyimiz yerli futbolçunu əldə edə bildik. Deməzdim ki, istədiyimiz legionerlərin hamısını ala bildik. Burda futbolçuların vaxt və maliyyə kimi gəlməmə səbəbləri var.

- Mövsüm başlayanda hadisələrin necə cərəyan edəcəyini müəyyənləşdirmək bir qədər çətin olur. Artıq 7 tur geridə qalıb. Mövsümün sonu ilə bağlı hansı hədəfləri müəyyənləşdirmisiz?

- Hər bir məşqçi və futbolçu maksimum nəticə əldə etmək istəyər. Bu istək bizdə də var. Ancaq nə futbolçulara nə də məşqçilər heyətinin qarşısına "mütləq bunu istəyirik" deyə bir hədəf qoyulub. Çünki rəqiblərimiz də kifayət qədər imkanlı futbolçulara malikdi. Buna baxmayaraq mübarizə aparacağıq. Niyə də olmasın? Millidə çıxış edən 4-5 yerli futbolçumuz var. Bir balaca rəqabəti artırmaq istəyirik. Rəqabət olan yerdə inkişaf da var. İstədiyimiz xalları qazana bilərik. Heyətdə də hansı dəyişikliklər olduğunu gördüz.

- "Qarabağ"la "Neftçi"nin mövqeyi aydındı. "Səbail"i digər rəqiblərlə eyni səviyyəli hesab etmək olar?

- Düzdü "Qarabağ"la "Neftçi" ilk dövrənin ən maksimum xal toplayan komandasıdı. Amma digər komandalar arasında böyük fərq yoxdu. Hətta sonuncu yerdə gedən "Keşlə" ötən il kubokun qalibi olub. Düşünürəm ki, onlar da getdikcə xalları toplayacaq. O cümlədən "Zirə" və "Qəbələ"yə də eyni sözləri aid edirəm. Qarşıda bizi daha maraqlı oyunlar gözləyir. "Sumqayıt"la "Sabah" da kifayət qədər mübarizdi. Avroliqaya düşmək baxımından kollektivlər arasındakı mübarizə daha maraqlı olacaq. Biz də bu mübarizədən kənarda qalmamağa, bacardığımız qədər çox xal toplamağa çalışacağıq. "Qarabağ"la "Neftçi"yə uduzsaq belə, digər rəqiblərimizdən xal alsaq, ümumiyyətlə hər dövrədə 10 xal toplaya bilsək Avroliqaya düşmək mümkündü. Bunun üçün nəticələrimizi digər dövrələrdə də təkrarlamalıyıq.

- Klub daxilində artıq Avroliqa ilə bağlı müzakirələr olubmu?

- Xeyr, bu haqda heç bir söhbət olmayıb. Sadəcə öz hesablamalarımı dedim ki, belə davam etsək Avroliqaya düşmək şansımız olar. Yalnız bundan sonra o barədə danışmaq mümkündü. Hər şeyi zaman göstərəcək. Çünki fasilə dönəmində rəqiblərimiz də heyətlərini gücləndirəcək. Bu məsələlər bizi geniş müzakirələr aparmağa imkan vermir. Hazırda heç nə baş verməyib. 3-cü yerdə qərarlaşsaq da xal fərqi böyük deyil. Digər rəqiblərlə 5-6 xal fərqimiz var. Avroliqaya rahat mübarizə apardığımızı heç kim deyə bilməz. Əksi də ola bilər.

- Baş məşqçi kimi komandanın potensialını necə dəyərləndirirsiz? Sona qədər bu cür sabit çıxış edə biləcəksiz, yoxsa fasilə dönəmində ciddi dəyişikliklərə ehtiyac olacaq?

- Əlbəttə, hazırda məni narahat edən sabit çıxış etmək məsələsidi. 3 oyun yaxşı oynayıb, 1 oyun zəif oluruq. Yaxud da əksinə. Sabitliyi yaxalamaq istəyirik. Əsas olan az öncə qeyd etdiyim məqamlardı. Əsas rəqiblərimizlə oyunda xal itirməməyə çalışmalıyıq. Sabitlik olmaya bilər, amma əsas rəqiblərlə oyunda uduzmamaq sindromunu saxlamalıyıq. Necə ki, birinci dövrədə yaxşı alındı. Qış fasiləsindəki dəyişikliklərə gəlincə, əlbəttə hər bir kollektivdə buna ehtiyac olur. O cümlədən bizdə də ehtiyac olacaq. Amma bununla bağlı rəhbərliklə danışmalıyam. Yeni oyunçular cəlb etmək üçün büdcəmiz o qədər də geniş deyil. Ancaq kimlərsə komandadan ayrılarsa, onların əvəzinə yeni futbolçular götürə bilərik. Elə futbolçular var ki, qış fasiləsində başqa klublara gedər və onları əvəzləyək. Amma hələ bu haqda müzakirələrimiz olmayıb. Beynimdə kimi göndərəcəyimlə bağlı tam fikir də yoxdu. Hazırda gözləmə mövqeyindəyik və rəqabətin artmasını istəyirik. Hazırda planda legioner yoxdu. Kimisə göndərməli olsaq onu əvəzləməyi düşünə bilərik.

- Legioner planı dolub artıq...

- Belə desək, bəli, dolub. Bundan artıq götürmək istəmirik. Amma qış fasiləsində nə baş verəcəksə, indidən deyə bilmərəm.

- Vaxtilə "Qarabağ"da çalışmısız, bilgiləriniz çoxdu, həm də rəqib kimi izləyirsiz. Növbəti turda bu komandaya qarşı xüsusi hazırlıq olacaq, yoxsa adi qaydada davam edəcəksiz?

- Xüsusi hazırlıq deməzdim. Amma digər rəqiblərlə  oyunlardan fərqli daha çətin olacağını bilirəm. Hətta "Arsenal" da "Qarabağ"la oyunda topsuz qalır. Ona görə topsuz necə oynayacağımız bizi çox düşündürür. Yəqin ki, nələrisə dəyişmək və ya əlavə etmək istəyəcəyik. Topsuz oynamaq üçün fiziki hazırlıq önəmli aspektlərdəndi. Çünki "Qarabağ" topla oynayır. Həm də oturuşmuş heyəti var. Start heyətinə çıxan istənilən futbolçu bu üslubda oynamağı bacarır. Biz isə yeni olduğumuz üçün oyunumuzu getdikcə yaxşılaşdırmaq istəyirik. "Qarabağ"la oyunda necə futbol sərgiləyəcəyimizə hələ qərar verməmişik.

Sport7.az

Xəbər lenti