Aftandil Hacıyev: "Bizə sonuncu yeri tutmamaq tapşırığı verilib"

Aftandil Hacıyev:
Ötən mövsümdən etibarən Premyer Liqada çıxış edən "Səbail" bu ildən yeni heyət və baş məşqçi ilə meydana çıxacaq.

Bu səbəbdən komandanın hazırlığı ilə maraqlandıq və baş məşqçi Aftandil Hacıyevlə danışdıq. Aftandil bəy Sport7.az-a açıqlamasında bunları söylədi: "Hazırlığımız plan üzrə gedir. Sadəcə, futbolçuların komandaya bir qədər gec qoşulması bizi narahat edir. Buna baxmayaraq futbolçuların işinə yanaşmasından razıyıq. Hamısı qısa müddətdə formaya düşməyə çalışır. Yeni komandayıq, hərə bir tərəfdən gəlib, uyğunlaşmaq üçün vaxt lazımdı. Birlikdə az olmuşuq. Türkiyə toplanışında demək olar komandanın yarısı yox idi. Əvəzedicilərdən futbolçu aparmışdıq. Ötən həftədən yeni futbolçular cəlb etmişik. Çempionat bitəndən sonra fərdi şəkildə hazırlıq keçsələr də komanda ilə olmayıblar. Onlara da vaxt lazım olacaq".

Hacıyev "Qəbələ" ilə oyuna necə hazırlaşdıqlarını da söylədi: "Ciddi hazırlaşırıq. Futbolçuların yanaşması xoşuma gəlir. Mən bilən "Qəbələ"də o qədər böyük dəyişikliklər olmayıb. Baş məşçi və bəzi futbolçular yeni olsa da, komandanın özəyi saxlanılıb. Baş məşqçi uzun illərdi klubdadı. Futbolçuları da ondan yaxşı tanıyan olmazdı. Fikrimcə, uğurlu seçimdi. "Qəbələ" Avroliqada oynayıb, mənə elə gəlir bizdən daha optimal formadadılar. Avroliqadakı oyunlarını və son nəticələrini analiz etmişik. Hansı dəyişikliklər olmasından xəbərimiz var. Hazırda komanda ilə də bu haqda söhbətlərimiz olur".

Mütəxəssis yeni mövsümdəki hədəflərindən danışdı: "Qarşımıza konkret mükafatçılar sırasına düşməklə bağlı hədəf qoyulmayıb. Amma hər bir məşqçinin, futbolçunun məqsədi odu ki, mübarizə aparsın. Mübariz komandamız olsun istəyirik. Çempionatda nə uğrunda oynayacağımızı zaman göstərəcək. Ən azı sonuncu yeri tutmamaq tapşırığı verilib. Digər tərəfdən ötənilki nəticəni daha da yaxşılaşdırmaq istəyirik. Samir Əliyevlə niyə davam etmədiklərini, nə üçün onun cəmi bir il çalışdığını deyə bilmərəm. Lakin mən rəhbərliklə söhbətdə gələcəyə nikbin baxdıqlarını gördüm. Qısa müddətdə yeni komanda ilə nəticə vermək çox çətindi. Kimsə düşünürsə ki, iki həftəyə yığılan komanda ilə nəsə etmək mümkünüdü, məncə bu sadəlövhlük olar. Çempionatda hər şey baş verə bilər. "Zirə"ni misal gətirim ki, debüt ilində mükafatçılar sırasına düşdü. Biz də daha yaxşısını etmək üçün əlimizdən gələni əsirgəmirik. Ola bilər rəqiblərimizin büdcəsi daha çoxdu. Amma burda kollektiv oyun bir çox məsələlərə aydınlıq gətirir. Bunu dünya çempionatının gedişində də şahid olduq".

Aftandil bəy transferlərin hələ bitmədiyini də dedi: "1-2 legioner futbolçu axtarırıq. Yaxın günlərdə danışıqlar yekunlaşarsa bu haqda məlumat veriləcək. Hazırda bizə maraqlı olan yerli futbolçular boşda deyillər, ona görə də fikrimizi legionerlərə yönəltmişik. İstədiyimiz yerlilərin klubları ilə müqavilələri var. Danışıqlar yekunlaşmadığından, bu gün, yaxud sabah konkret nəsə olacağını deyə bilmərəm. Hələ gözləyirik görək, həmin futbolçular klublarından çıxacaq ya yox. Biri dediyim kimi, digəri ilə də maliyyə baxımından danışıq aparırıq. Menecerlər tərəfindən bizə təklif olunan futbolçular arasından seçim aparıram, oyunlarına baxıb analizdən sonra komandaya dəvət edirəm".

Sport7.az

Xəbər lenti