Aftandil Hacıyev: "Ədalətli nəticə oldu"

Aftandil Hacıyev:
"Gərgin oyun keçdi. İkinci matçdı ki, azlıqda mübarizə aparırıq”.
 
Sport7.az xəbər verir ki, bunu "Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib. Topaz Premyer Liqasının 10-cu turunda "Zirə”nin qonağı olan bakılılar 0:0 hesablı bərabərliyə imza atıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Hacıyev azlıqda qaldıqları üçün xal qazanmalarını müsbət dəyərləndirib: "Etiraf edim ki, "Zirə” bizdən üstün oynadı. Ağabala və Koçukun olmaması özünü göstərdi. Bir qədər ehtiyatlı oynamaq istədik. Uşaqlardan razıyam. Ədalətli nəticə oldu”.

- Ağabala Ramazanovun zədəsi ciddidi?

- Elə də ciddi deyil. Sadəcə, risk etmək istəmədik. İnanıram ki, tezliklə komandaya qoşulacaq.

- Ruslan Qurbanov da zədələndi...

- İqor Korotetskinin zədəsi daha ciddidi. Qurbanovda isə ciddi deyil.

- Ardıcıl 2-ci oyundu ki, qırmızı vərəqə alırsınız...

- Deməzdim ki, bu, intizamsızlıqdan xəbər verir. Sadəcə, bir qədər ehtiyatlı davranmaq lazım idi. Keçən oyunda ilk sarı vərəqə yox idi. Şəhriyar isə diqqətli davranmalı idi.

- Komandanız 10 turda 6 qol vurub və 3-cü pillədə qərarlaşıb. Sizcə, bu, az deyil?

- Hər görüşdə kifayət qədər qol epizodlarımız olur. Bəzən əks-hücumlarda, bəzən mövqe hücumlarında. Elə rəqiblər olur ki, birinci nömrə ilə oynamırıq.

- Belə oyunla "Səbail” 3-cü pillədə qala biləcəkmi?

- Qarşımıza avrokuboklara vəsiqə vəzifəsi qoymamışıq. Düzdü, çox çətin olacaq. Demirik ki, tutduğumuz mövqeni qoruya biləcəyik. Ancaq bunun üçün çalışacağıq.

- Deməli, 1 xaldan razısınız?

- Bəli, bu gün 1 xalı qazandıq. (matc.az)
 
Sport7.az

Xəbər lenti