Aftandil Hacıyev:

Aftandil Hacıyev: "Hər zaman pozitiv olmuşam"

Bir neçə gün öncə "Səbail"lə müqaviləsini yeniləyən baş məşqçi Aftandil Hacıyevin Sport7.az saytına müsahibəsi.

- Bildiyimizə görə sizin klubla müqaviləniz vardı və yenilənərkən bəzi şərtlər əlavə olundu. O şərtlər nədən ibarətdi, maaş artıb, yoxsa tələblər?

- Keçən il klubla müqavilə bağlayanda heç bir şərt irəli sürmədim. O cümlədən indi. Klub tərəfindən şərtlər dəyişdirildi mənim üçün. Çünki ilk ilimi keçirirdim, Premyer Liqa təcrübəm yox idi. Ancaq indi maliyyə məsələlərində dəyişikliklər baş verdi. Təkcə mən deyil, köməkçilərdə də belə oldu. Başqa qeyri-adi şərtlər yoxdu. Klub tərəfindən təklif olundu, biz də razılaşdıq. Müqavilə "1+", yəni,  bir il işləyib, sona yenə artırmaq şərti ilə idi.

- Qarşıdan avrokuboklar mövsümü gəlir. Rəhbərlik bununla bağlı məşqçilər korpusunun qarşısına hansısa tələblər qoyub?

- Yalnız, layiqli çıxış etmək. Komanda mübariz olmalıdı. Hər hansı yerə, məsələn qrup mərhələsinə qədər irəliləmək hədəfi qoyulmayıb. Amma əlbəttə ki, əlimizdən gələni edəcəyik. Olduqca çətindi. Heyətimizdə böyük dəyişikliklər baş verdi. 11 nəfərə yaxın futbolçu komandadan kənarda qaldı. Yeni oyunçular cəlb etməyi planlaşdırırıq. İşimiz çətindi, hazırda bir neçə oyunçu ilə danışıqlar gedir. 

- Yeri gəlmişkən bu qədər futbolçunun heyətdən ayrılmasının səbəbi nədi? Böyük dəyişikliklərə ehtiyac vardı?

- Hamısını deməzdim, ən azından yarısını, 4-5 nəfəri komandada görmək istəyirdik. Sadəcə, imkanlarımıza uyğun təkliflər olmadı. Futbolçunu da yaxşı başa düşürəm. Daha yaxşı təkliflər irəli sürən klublar  oldu, hansı ki, onu dəyərləndirdilər. Buna baxmayaraq imkanlarımıza görə yeni futboçular cəlb etməyə çalışırıq. Əlbəttə, bu qədər dəyişikliyi müsbət məqam kimi qiymətləndirmək düzgün deyil. Uyğunlaşma lazım olacaq. Yeni oyunçularla istədiyim oyunu qurmaq çətinlik yaradacaq. 

- Bəs bu çətinliklərin öhdəsindən necə gəlməyi düşünürsüz? Avrokuboklarla bağlı planlar cızılıb?

- "Qarabağ"la oyundan sonra Bakıda yoldaşlıq görüşünü bitiririk. Ayın 18-indən Bolqarıstana ikihəftəlik təlim-məşq toplanışına yollanacağıq. Hazırda fikrimizi şərtlərimizə uyğun futbolçular cəlb etməyə yönəltmişik. Daha sonra hazırlıqlar olacaq. Əlbəttə, komandaya gec qoşulmaq halları bizi narahat edir. Bu amilləri ən maksimal şəkildə aradan qaldırmağa, uşaqların oyuna kimi formaya düşməsinə çalışırıq.

- Neçə legioner və ya yerli futbolçu transfer etmək fikrindəsiz?

- Yerlilərdən götürdüyümüzü, götürmüşük. Ola bilər 1-2 nəfər əlavə edək. Legionerlərə gəlincə, 5 əcnəbi transfer etmək planımız var, hansı ki, onlardan biri qapıçı olacaq. Gələckdə isə daha 1-2 legioner götürə bilərik. Hazırda bununla bağlı söhbətlər gedir. İndidən sonra komandadan göndərmək istədiyim futbolçu yoxdu.

- "Səbail" ilk dəfə avrokuboklarda çıxış edəcək. Elə siz də baş məşqçi kimi bu ilki yaşayacaqsız. Nəyə ümid edirsiz?

- Baş məşqçi kimi Premyer Liqa təcrübəsi də yox idi. Ancaq hər zaman pozitiv olmuşam. Daha yaxşısına çalışmışıq. Əlimizdən gələni əsirgəməyəcəyik. Əlbəttə, nəticə baxımından nəsə söz vermək çətindi. Ancaq bu "pley-off" oyunları kimidi. Hər oyunda çətin olsa da maksimal nəticə qazanmağı düşünürük. 

- Komanda mərhələ adlasa, rəhbərlik daha yaxşı, başqa ulduz transferlər də həyata keçirməyə söz verib?

- O barədə söz verilməyib. Bizə büdcəmizin keçən ilki kimi qalacağı barədə məlumat verilib. Ona uyğun da komandamızı yığırıq. Sadəcə, mümkün qədər daha gənc və yerli futbolçuların üzə çıxmasını xahiş ediblər. Biz də imkan daxilində gənc futbolçulara şərait yaratmağa çalışacağıq. Keçənilkindən fərqli, legioner sayını azaltmağı, dah çox yerlilərə və gənclərə üstünlük verməyi düşünürük. Yerlilərlə doldura bilmədiyimiz boş mövqelərə legioner dəvət edəcəyik. Yəni, "mərhələni keçək, qrupa düşək" deyə bir tələb yoxdu qarşımızda.

- Esyenin durumu nə yerdədi?

- Hazırda tədbirlərlə bağlı komandaya qoşula bilmir.  "Çelsi"nin oyunları var. Qadınlardan ibarət komandaların dünya çempionatı keçirilir. Esyenlə müqavilənin şərtlərində, UEFA və ya FİFA-nın tədbirlərinə qoşulmağa icazə verməklə bağlı bənd vardı. Klubla futbolçu arasında razılıq olub. Düzdü 3 gün boş vaxtı vardı, amma buna görə onu geri çağırmaq istəmədik. 3 günə görə dəyməz. Birbaşa Bolqarıstandakı təlim-məşq toplanışına qoşulacaq. Buna baxmayaraq o, fərdi proqramla məşqlər edir.

- Klublarımızın əksəriyyəti təlim-məşq toplanışı üçün Türkiyəyə üstünlük verir. Bolqarıstanı seçməyinizin səbəbi nədi?

- Təşkilatçılarla söhbətimizdə bu dönəmdə Balkan dövlətlərinin birində təlim-məşq toplanışı keçməyi məqsədəuyğun saydıq. Türkiyədəki rəqiblərlə istədiyimiz oyunu göstərə bilməyəcəkdik. Ancaq Bolqarıstanda təklif olunan rəqiblər bizə daha maraqlı gəldi. Hamısı yüksək liqalarda oynayırlar. Hansı ki, Avroliqada çıxış edə biləcək rəqiblərdi. Yəni, sırf rəqiblərə görə seçim etdik. Bu dönəmdə Türkiyədə belə rəqiblər az olur.

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR