Aftandil Hacıyev:

Aftandil Hacıyev: "Tərcüməçi mənim dediklərimi Bordinə çatdırmırdı"

"Neftçi" üzərində qələbə qazanan "Səbail"in baş məşqçisi Aftandil Hacıyev görüşdən sonra rəqib baş məşqçi Roberto Bordinlə aralarında baş verən qalmaqala aydınlıq gətirib.

Aftandil bəy mətbuat konfransında bildirmişdi ki, rəqib futbolçu "Səbail"in məşqçilərinin olduğu texniki zonaya tərəf tüpürüb. Bunu da hörmətsizlik kimi qəbul edən Hacıyev fikirlərini rəqib çalışdırıcıya çatdırıb. Bordin isə oyunsonrası mətbuat konfransında həmkarını çəkilişlərdən sonra görüşə çağırdığını ancaq Hacıyevin gəlmədiyini söyləyib.

Baş verənlərlə bağlı yenidən "Səbail"in baş məşqçisini aradıq. Aftandil bəy Sport7.az-a açıqlamasında bunları söylədi:
 
"Bordinin tərcüməçisi onun dediyini mənə normal şəkildə çatdırmırdı. Çünki ortada əsas vardı. Onun yüksək tonla və əl-qolla danışmasına görə mənim orda dayanmağım mümkün deyildi. Ancaq Bordin mənə deməyib ki, "gözlə gəlirəm", yaxud "sənə sözüm var". Sadəcə, gördüm ki, oyun gərgin keçib, əsəblər də tarıma çəkilib. Durumu daha da gərginləşdirmək istəmədim.
 
Normaldı, məğlubiyyətə uğrayanda hər bir məşqçiyə hirsinin soyuması üçün vaxt lazım olur. Düşünürəm ki, vaxt keçdikcə, Bordinlə aramızdakı məsələyə aydınlıq gətirəcəyik. Çünki mənim dediklərimi tərcüməçi ona normal çatdırmırdı, ya da tərcümə etmək istəmirdi, o da sözlərini deyirdi. Mümkün deyildi ki, orada dayanıb nəsə söhbət edəsən. Həm də müsahibə götürmək üçün məni gözləyirdilər. Gecikmək istəmədim. Tərcüməçiyə dedim ki, futbolçusunun tüpürdüyünü ona başa salsın. Ancaq hərəmiz başqa dildə danışırdıq, mənim nə dediyimi başa düşmürdü. Ona etiraz etdim ki, futbol oynayırıq, artıq hərəkətlər etmək, tüpürmək lazım deyil. Hansı ki, rəqib futbolçu Fəhmini yerə yıxandan sonra düz gözümüzün qarşısında o hərəkəti etmişdi. Mən də futbolçumu qorumalıyam. Bundan sonra yenə eyni hal baş versə, öz futbolçuma etirazımı bildirəcəm. Çünki tərbiyəsizlikdi, mən belə başa düşürəm.
 
Bordin məğlub olmuşdu və hirslənməsi normaldı. Məni eşitmək istəmirdi, tərcüməçi isə sözlərimi tərcümə etmirdi. Yaranan anlaşılmazlığın uzun sürməsini istəmədiyim üçün getdim. Vacib deyil həmin gün görüşüb danışaq, hələ qarşıda çox oyunlar var. Ciddi problem yox idi. Sadəcə, dil baxımından anlaşılmazlıq yaranmışdı. Tərcüməçi onun sözünü tərcümə edirdi, mənim dediklərimi isə Bordinə çatdırmırdı. Bu normal deyil. Mən də uşaq deyiləm ki, orada dayanım, danlasınlar".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR