AGİN-in nazir müavini taekvondoçularla görüşdü

AGİN-in nazir müavini taekvondoçularla görüşdü

Gənclər və İdman Nazirliyində Böyük Britaniyanın Mançester şəhərindəki dünya çempionatından uğurla qayıdan Azərbaycan taekvondoçuları ilə görüş keçirilib.

Sport7.az xəbər verri ki, yığıncaqda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, GİN-in idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovla Niyaməddin Paşayev, mundailda qızıl medal qazanan Milad Beiqi Harçeqani, üçüncü olan Fəridə Əzizova, qadınlardan ibarət milli komandanın baş məşqçisi Elnur Amanov iştirak ediblər.

İsmayıl İsmayılov taekvondoçularımızın dünya çempionatında çıxışını parlaq qələbə kimi dəyərləndirib. O bildirib ki, idmançılarımızın uğuru hamını sevindirir: "154 ölkə arasında kişilərin komanda hesabında 5-ci, qadınlarda 7-ci olmaq böyük uğurdur. Azərbaycan yeganə ölkədir ki, idman dövlət səviyyəsində qayğısı göstərir və bu gün də idmançılarımız dövlət başçısının etimadını doğruldur. İnkişafda olan idman növlərindən bir də taekvondodur. Bu idman növündə Olimpiya, dünya çempionlarımız var və bu da göstərir ki, onlar düz yoldadır".

Dünya çempionatını canlı izləyən Mansurov Mançesterdəki rəqabətdən danışıb. O qeyd edib ki, ilk dəfə bu idman növü üzrə mundialda iştirak edib və çox maraqlı keçib: "Bir az məyusedici məqamlar da oldu. Olimpiya çempionumuzla bağlı. Ola bilsin, bu bir siqnaldır".

İdmançılarımızın çıxışını dəyərləndirən Səfərov bildirib ki, 3 idmançımız medalın bir addımlığında dayanmasaydı, mükafat daha çox ola bilərdi: "Milad xoş bir ənənənin təməlini qoydu. Artıq taekvondoda ikiqat dünya çempionumuz var. Milad çempion olduqda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və digər rəsmilər də vardı. Hamısının himnimizi dinləməsi böyük şərəf verdi. Şərhçi finalın ikinci raundunda belə qeyd edib ki, artıq hər şey hazırdır. Hətta həmin vaxt rəqib hesabı bərabərləşdirdikdən sonra Miladın zərbəsi onun kaskasını belə başından çıxardı".

Səfərov federasiyada hansısa maliyyə problemlərinin olmadığını vurğulayıb.

Paşayev taekvondoçularımızın hazırlıq prosesinə toxunub, heyətin seçilməsindən danışıb. O bildirib ki, uduzan idmançıların əksəriyyəti bəxtsizliklə, digərləri təcrübəsizliyə görə mükafatçılar sırasına düşməyib.

Qələbəsini şərh edən ikiqat dünya çempionu Harçeqani bundan sonra da səylə çalışacağını və növbəti yarışlarda da daha yaxşı çıxış edəcəyini deyib.

Dünya çempionatında bürünc medal qazanan Fəridə Əzizova isə çempion ola bilməməsinin səbəblərini açıqlayıb. Onun sözlərinə görə, növbəti mundialda məhz birincilik üçün döyüşəcək: "Rəqibim bir qədər hündür idi. Həm də tanımadığım idi. Tam başqa bir çinli idmançı gəlmişdi. Artıq onun da görüşlərini izləyib, ona qarşı inamla çıxış edəcəm".

Amanov bildirib ki, bu qələbə taekvondo ailəsinin deyil, hər birimizin uğurudur: "Çalışacağıq ki, Qran-prilərdə ən yüksək xalları toplayıb Tokio-2020-yə daha çox lisenziya qazanaq. Bu şansı digər yarışlara saxlamaq istəmirik. Çünki sonra bir qədər çətin olur".

Milad dünya çempionatında ilk medallarının daha əhəmiyyətli olduğunu bildiriblər. Əzizova isə bu mükafat üçün çox darıxdığını deyib: "6 il bunu gözləmişəm. Bununla yenidən qayıtdım".

Harçeqani dünya çempionatında ilk qızıl medalını 2 öncə Mujuda, Əzizova isə ilk bürünc mükafatını 6 il əvvəl Pueblada qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR