"Çalışacağıq ki, həmin görüşdəki səhvləri təkrarlamayaq" - Qurban Qurbanov

"Qarşılaşma Bakıda olmalı idi, lakin Türkiyədə keçiriləcək. Qardaş ölkədə olduğumuz üçün sevincliyik. "Vilyarreal"ın necə komanda olduğunu bilirik. Təcrübəli rəqibə qarşı oynayacaq və düzgün oyun qurmağa çalışacağıq".

Sport7.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının I qrupunun II turunda İspaniya "Vilyarreal"ı ilə matçdan öncə mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, İspaniya təmsilçisinə qarşı yaxşı oyun sərgiləmək niyyətindədirlər: "Ölkəmizdən kənarda oynamaq bir az çətindir. Siyasət futbola da təsir edib. Hər bir Azərbaycan vətəndaşı üzərinə düşən vəzifəni yerinə yetirir. Biz də "Qarabağ" komandası olaraq öz vəzifəmizi düzgün yerinə yetirmək niyyətindəyik. Bizim fikrimiz cəhbədə və əsgərlərimizin yanında olsa da, çalışırıq ki, işimizi layiqincə görək. Türkiyədə özümüzü evdə hiss edirik. Bu, bizə böyük üstünlük verir. İnanıram ki, yaxın vaxtda torpaqlarımız geri qayıdacaq və bu cür hallar yaşanmayacaq".

Təcrübəli baş məşqçi ilk turda İsrail "Makkabi"sinə (Təl-Əviv) 0:1 hesabı ilə uduzduqları görüşün çətin keçdiyini söyləyib: "Pandemiyadan sonra komandanı eyni səviyyədə saxlamaq çətindir. Bu səbəbdən İsraildəki qarşılaşmada çatışmazlıqlar oldu. Bizim xeyli sayda oyunçu itkilərimiz var. Bir aydan çoxdur ki, istədiyimiz komandanı qura bilmirik. Amma "Makkabi"yə qarşı pis çıxış etmədik. Çalışacağıq ki, həmin görüşdəki səhvləri təkrarlamayaq".

Qurbanov "Vilyarreal"ın ilk turda Türkiyə "Sivasspor"unu 5:3 hesabı ilə məğlub etdiyi görüşdən də danışıb: "Maraqlı oyun alındı. Qolların sayı çox olanda azakeş üçün maraqlı olur. Hər komanda qarşılaşmadan sonra öz oyununu analiz edir. Türkiyə liqası bizim çempionatdan yuxarı səviyyədədir. "Vilyarreal"ın asan qol buraxan komanda olduğunu düşünmürəm. Daha çox qol vurmağı bacaran kollektivdir. Ola bilər ki, iki əsas müdafiəçimiz onlara qarşı görüşdə iştirak etməsin. Oyuna hələ ki, vaxt var. Rəqibi analiz etməyə davam edəcəyik".

Mütəxəssis bildirib ki, qrupdakı 6 oyunu səfərdə keçirmək asan deyil: "Bu, futbolçulara öz formalarında qalmaqda çətinlik yaradacaq. Ola bilər ki, bütün matçlarda yorğunluq olsun. Amma çıxış yolumuz yoxdur, heyətdə bəzi dəyişikliklər edəcəyik. Gənc oyunçularımızı da meydana buraxa bilərik. Çalışacağıq ki, həmişə düzgün və doğru qərar verək".

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir. (http://Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR