Alman futbolu zirvədə: Hər şeyin başlanğıcı (I hissə)

Alman futbolu zirvədə: Hər şeyin başlanğıcı (I hissə)

Ditrix Vayze Haylbronnda kifayət qədər müasir yaşayış komplekslərindən birində yaşayır. Bura əvvəllər ABŞ tərəfindən barak kimi istifadə olunub.

2014-cü ilin noyabrında 80-cı doğum gününü qeyd edən Vayze: "Evin sevdiyim özəlliyi ən yuxarı mərtəbədə olmasıdı. Xüsusilə də, gecələr əylənən, parti keçirən insanlara qarşı dözümüm yoxdu. Ən yuxarı mərtəbədə yaşamaq həyatım boyunca axtarışında olduğum dinclik hissini mənə bəxş edir. Bu yaşda mənə lazım olan tək şey dinclikdi”.
 


Vayze əla ev sahibidi. Ofis kimi də istifadə etdiyi qonaq otağında masanın üzərində dilimlənmiş çizkeyk, yeni açılmış xeres butulkası və qoxusu ilə məni valeh edən filtr qəhvə var idi. Belə bir atmosferdə söhbətimizə başladıq: "Nə istəsən, soruşa bilərsən. Südə və ya şəkərə ehtiyacın var? Nə isə, onsuz da, istəsən, özün də götürə bilərsən”.

2013-cü ildə infarkt keçirən Vayze ölümə çox yaxın idi. Ancaq hazırda onun səhhəti çox yaxşıdı. Hətta Ditrix tez-tez Haylbronn və Nekkarzulmda oynanılan həvəskar liqa matçlarını izləməyə gedir və özü kimi təqaüdçülərlə futbol haqqında müzakirələr aparır. Səyahət etmək yorucu olduğu üçün artıq Bundesliqa matçlarını stadionlarda izləmir: "Motor” getdikcə köhnəlir. Köhnəlmək də sıradan çıxmaq anlamına gəlir. Bəlkə də, həyatım boyunca çox çalışdığım və bəzi şeyləri içimdə saxladığım üçün belə olmuşam”.

Vayze 1958-ci ildə Şərqi Almaniyadan Şvabiyaya köçüb. Formasını geyindiyi Vaysenfels "Fortşritt”indən ayrılan Ditrixin Şərqdən özü ilə gətirdiyi tək şey həyatı boyunca imtina etmədiyi Saksoniya ləhcəsi olub. Vayze Köln İdman Akademiyasında məşqçilik kursunda oxumaqla yanaşı, həm də "Haylbronn” və "Nekkarzulm”da oyunçu-məşqçi funksiyasını yerinə yetirirmiş. Akademiyadan məzun olduqdan sonra isə o, "Kayzerslautern”ə köməkçi-məşqçi təyin olunub. Köməkçisi kimi çalışdığım isimlərdən biri də 50-ci illərin əfsanəvi Macarıstan milli komandasının dəfələrlə formasını geymiş Dyula Lorant olub. Vayze Lorant haqqında danışarkən deyir:

"Məşqçi kimi heç vaxt özümü ona oxşatmağa çalışmamışam. Köməkçisi kimi çalışdığım dönəmdə onun oyunçuları özündən aşağı gördüyünün, onlarla pis rəftar etdiyinin şahidi olmuşdum. Meydanda özünü "übermensch” (üstün varlıq) kimi aparırdı. Mən isə futbolçuları yetkin fərdlər kimi görür və əmr vermək əvəzinə, onlarla normal münasibət qurmağın daha düzgün olduğunu düşünürdüm. Yanlış anlama, o zamanlar macarlara "itaət edirdik”, ancaq Lorantın məşqçilik tərzi haqqında eyni şeyi deyə bilmərəm”.

Vayze 1971-ci ildə "qırmızı şeytanlar”a ("Kayzerslautern”) baş məşqçi təyin olunan Lorantın köməkçisi kimi çalışmağa başlayıb. Daha sonra Frankfurt "Ayntraxt”ının başına keçən Vayze, əslində, müasir məşqçilərin ilk nümunələrindəndi. Diktatordan çox, müəllim kimi davranarmış. Vayze həmişə vacib qərarlar qəbul etməmişdən öncə futbolçularla məsləhətləşərmiş. Onun diqqətçəkən bir başqa xüsusiyyəti isə məşqçilər skamyasındakı sakitliyi imiş. "Ayntraxt” və "Kayzerslautern”də azarkeşlər mənim skamyada yuxuya getdiyimi düşünərdilər”, - deyə qeyd edir.

Vayze 1974-cü ildə Almaniyaya dünya çempionatını qazandırdı. Daha doğrusu, bu zəfərin memarlarından biri onun Frankfurtdakı tələbəsi idi – azından qismən:

"Bernd Hölçenbaynı sol-açıq kimi oynatmaq mənim fikrim idi. O dövrdə Bundesliqada çox yaxşı sağ-açıq oyunçuları var idi. Məsələn, Uli Höness cizgidən (yan xətt) çox yaxşı istifadə edərdi. Yürqen Qrabovski isə liqanın ən yaxşı kross edən futbolçusu idi.  Mən də Bernddən soruşdum: "Bəlkə səni solda oynadaq, hə? Necə olar?”

Vayze fikrini tamamlamadan ayağa qalxdı və mənə qarşısındakı xəyali müdafiəçini keçməyə hazırlaşdığını göstərdi. Çiynini azacıq aşağı endirib, bu yaşda birindən gözləmədiyimiz şəkildə - cəld sağa doğru istiqamətləndi: "Sağ ayaqlı oyunçu sol cinahdan içəri doğru hərəkətlənəndə önündəki sağ cinah müdafiəçisinin zəif tərəfinə hücum edir”.

Vayze önə doğru iki addım atdıqdan sonra bu səfər müdafiəçi cildinə büründü. Sol baldırına iki dəfə vuraraq müdafiəçinin gücünün tükəndiyini mənə başa salmağa çalışırdı. Sonra yenidən özünü sol vinger kimi aparan Vayze yerində dayanmırdı. Nəhayət, xəyalındakı qapıya (yəni düz qarşısındakı divara) baxaraq zərbə endirdi. Çəkənək ayağından çıxdı və divara dəydi – 1:0. Qolun müəllifi: Vayze.
 


DÇ-1974-ün  finalında Hölçenbayn Vayzenin mənə göstərməyə çalışdığı hərəkəti edib, cərimə meydançasına daxil olmuş və hollandiyalı Vim Yansenin uzanaraq topa müdaxilə etməyə çalışdığını görüb, özünü yerə atmışdı. Tərs cinahda oynayan bir başqa solaxay Braytner bu haqsız penaltini qola çevirərək, hesabı bərabərləşdirmişdi. Bu gün, demək olar ki, hər komandada gördüyümüz, tərs ayaq cinahında istifadə olunan forvardların ilk dəfə ortaya çıxdığı dönəm 70-ci illər idi.

70-ci illərin ortasında Qərbi Almaniya futbolu dünyanın zirvəsində idi, ancaq Vayze yenə də ölkə futbolunda qəribəliklərin olduğunu düşünürdü. Onun fikrincə, bunlardan ən böyüyü Almaniyanın gənclər səviyyəsində heç bir uğurunun olmaması idi:

"Avropanın ən böyük futbol ölkəsi olsaq da, gənclər arasında keçirilən turnirlərdə finala belə çıxa bilmirdik. Bunun siyasi səbəbləri də var idi. O dövrdə Qərbi Almaniya Futbol Federasiyası bütün regional federasiyaları öz bayrağı altında toplayan böyük bir qurum idi. Hər regional federasiya da öz oyunçularının yığmaya çağırılması üçün çalışırdı. Belə lobbi fəaliyyətlərinin nəticəsində bir çox istedadlı futbolçu millidən uzaq düşürdü”.

1978-ci ildə Almaniyanın gənclərdən ibarət milli komandasına baş məşqçi təyin olunan Vayze gənc istedadları kəşf etmək adına daha əvvəl bənzərinə rast gəlinməyən çalışmalara başlayır. Vayze və komandası bütün ölkə boyu aşağı yaş qruplarında keçirilən yüzlərlə matçı izləyir, bir çox klubun məşqlərinə sürpriz ziyarətlər edirdilər: "Bəzən bir oyunçunu beş dəfə izləyirdim. Hər dəfə də futbolçu haqqındakı qeydləri öz dosyesinə əlavə edirdim”.
 


Vayze Almaniya Futbol Federasiyasının Dortmundda açmağı planlaşdırdığı futbol muzeyində nümayiş etdiriləcək dosyelərdən birini kitabxanasından götürüb, mənə təqdim etdi.

O zamanlar aşağı yaş qruplarında oyunların əksəriyyəti bazar günləri saat 11-də başlayardı və matçlar videoya yazılmazdı. Vayzeyə görə isə yoldaşlıq görüşləri istisna, bütün matçlar təqib edilməli idi. Bu səbəbdən də onun ilk addımı təcrübəli futbolçulardan ibart skaut komandası yaratmaq olur:

"Qerd Çeve, Volfqanq Zil və Ernst Dil mənim üçün ölkənin dörd bir tərəfində matçları izləyirdilər. Qərbdəki oyunları isə Klaus Allofs təqib edirdi. Onlara hansı futbolçu ilə xüsusi maraqlandığımı demirdim - əsas məsələ bu idi. Hər hansısa bir şəkildə onların seçimlərinə təsir etmək istəmirdim. Bu iş qarşılığında Almaniya Futbol Federasiyasından sadəcə yol pulu və digər xərclərin qarşılığını alırdılar”.
 


Vayzenin qurduğu sistemin və komandasının necə bənzərsiz olduğunu anlamaq üçün Düsseldorf  "Fortuna”sının forvardı Allofsun o dönəm Qərbi Almaniya yığmasının formasını müntəzəm olaraq geydiyini və 1980-ci ildə Avropa çempionu olan komandanın ən önəmli isimlərindən biri olduğunu xatırlatmaq kifayət edər.

Vayzenin kəşf etdiyi oyunçular 1981-ci ildə 18 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qalibi oldular. Bu, Qərbi Almaniyanın gənclər səviyyəsində qazandığı ilk beynəlxalq turnir idi. Vayze qazanılan zəfərin önəmi haqqında danışarkən qeyd edir: "Yarımfinalda Fransanı məğlub etdik. Onlar kimi, aşağı yaş qrupları olan ölkəni udmaq bizim üçün çox vacib idi”.
 



Vayzenin yetirmələri eyni il Avstraliyada keçirilən U-20 dünya çempionatının da qalibi olurlar. İki önəmli zəfərə imza atan komandanın fotosunu mənə göstərərkən deyir: "Mixael Çork və Ralf Luze ən önəmli oyunçularım idilər. Roland Volfart da çox yaxşı forvard idi. Ralf Falkenmayer də o komandanın üzvü idi. Qapıda isə Rüdiqer Follborn dururdu".

Sözügedən isimlərin hamısı bir neçə il ərzində Bundesliqanın ən önəmli futbolçularına çevrildilər. Hətta Mixael Çork karyerasını bitirdikdən sonra Dortmund "Borussiya"sının idman direktoru oldu.

Vayze 1990-cı ildə dünya çempionatını qazanan generasiya ilə də çalışmaq imkanı əldə edib: "Lotar Matteus, Yürqen Klinsmann, Tomas Bertold və Olaf Tonu da mən çalışdırmışam. Hans-Diter Flik (DÇ-2014-də Lövün köməkçisi idi) də mənim tələbəm olub. 1983-cü ildə keçirilən 18 yaşadək futbolçuların Avropa çempionatında onu  görmüşdüm”.

Vayzenin üç il kimi qısa bir müddətdə əldə etdiyi uğurlara rəğmən, alman futbolunun "ağır artileriyaları” hələ də gənc komandaları və aşağı yaş qruplarına dair proqramları ciddiyə almırdılar:

"Gənclərdən ibarət komandanı A1 və A2 qrupları olmaqla, ikiyə bölmüşdüm. Bu sayədə əsas komandaya çıxacaq oyunçu sayını artırırdım. Fransızlar da eyni şeyi etmişdilər. Ancaq əlimdən gələn bu idi. Daha artığını edə bilmirdim”.

Vayze qısa müddət sonra yığmadakı postundan ayrılaraq, əvvəlcə "Kayzerslautern”, sonra isə "Ayntraxt”da baş məşqçilik etdi. Onun millidəki vəzifəsini tərk etməsindən 2008-ci ilə qədər olan dönəmdə Almaniya gənclər səviyyəsində sadəcə iki kubok (U-16-lar arasında keçirilən 1984 və 1992 Avropa çempionatları) qazana bilib... (ardı var)
 
Bonus foto: 2006-cı il / 1981-ci ilin U-18 və U-20 komandalarının üzvləri yenidən bir arada

 

Hazırladı: Rüfət Məcid
Sport7.az

OXŞAR XƏBƏRLƏR