Alman futbolu zirvədə: İslahatlar və

Alman futbolu zirvədə: İslahatlar və "faciə"dən uğura aparan yol (III hissə)

Komissiya ilkin mərhələdə fransız modelinin gənc oyunçuların transferi və müqavilə şərtlərini müəyyənləşdirən detallı, kompleks sistemini Almaniyada tətbiq etməmək qərarına gəldi. Məqsəd ən azından başlanğıcda proqramın rahat işləməsi üçün sadəliyə üstünlük vermək idi. Bəzi klubların öz regionlarındakı istedadlı gənclərdən ibarət monopoliya yaradacağından ehtiyatlanan komissiya klubların akademiyalarına cəlb edəcəyi istedadların sayı ilə bağlı limit müəyyənləşdirmişdi. Şott bu qərarı belə açıqlayır:

"Həvəskar klubların əllərindəki bütün istedadlı oyunçuların yeni yaradılmış akademiyalar tərəfindən ələ keçirilməsini istəmirdik. Təbii ki, ən yaxşı oyunçuları komandada saxlaya bilmək üçün edəcəkləri bir şey yox idi, ancaq ən azından bütün belə oyunçuları itirməmələri üçün şərait yaratdıq. Həvəskar klublardakı yaxşı oyunçuların komandalarında qalıb, təlimə öz səviyyələrindəki oyunçularla birlikdə davam etmələri onların özlərinə də yaxşı təsir edirdi. Onsuz da, kifayət qədər inkişaf edəcəkləri və özlərini isbatlayacaqları təqdirdə professionallığa addım atmamaları üçün heç bir səbəb yox idi”.

Futbol hekayələri illər boyunca təkrar-təkrar yazılır və müəyyən dəyişikliklərə məruz qalırlar. Bu müddət ərzində adi hadisələr oyunun "açar” anlarına, vurulan və ya qaçırılan qollar matçın gedişatını müəyyənləşdirən anlara, hesablar nəticələrə, nəticələr isə ölkə futbolunun taleyində böyük rol oynayan tarixi nəticəyə çevrilirlər. Bu nəticələr bir dövrü qapayıb, digərini başladır. Bu oyunlarda ya qaranlıqlar aydınlıqlara, ya da aydınlıqlar qaranlıqlara qovuşur.
 


Almaniyanın yaxın keçmişdə Avropa çempionatlarındakı ən bərbad macərası olan Avro-2000-nin (əslində, Şərqi Almaniyanın 1968-ci ildə seçmə mərhələnin son matçında Albaniya ilə bacarmayaraq mübarizəni dayandırması daha da böyük skandal idi, ancaq o illərdə Avropa çempionatı prestijli turnir hesab olunmurdu) anlamı da Portuqaliya millisinin B komandasının Oliver Kana üç qol vurduğu oyundan sonra ciddi dəyişikliklərə məruz qaldı. Futbolda müharibədən sonra yaşanan ən böyük çöküş və bu çöküş nəticəsindəki alçaldılma hissi ötüb keçən illər ərzində Almaniyanın başına gələn pisliklərin ən yaxşısı və ən faydalısı qismində dəyərləndirilirdi. Avro-2000 artıq həqiqəti görmək istəməyənləri hərəkətə gətirən tramvay idi. 2011-ci ildə Bundesliqanın dərc etdirdiyi bir kitabda qeyd olunduğu kimi: "2000-ci il Avropa çempionatında mübarizəni ilk turda dayandırmağımız bizim üçün dönüş nöqtəsi idi. Yeni milenium ərəfəsində alman futbolunun fəlakətlə üz-üzə olduğunu anlamışdıq. Professional təməlləri olmayan futbolumuz çökmək üzrə idi. Aşağı yaş qrupları ilə bağlı inqilabın tam zamanı idi”.

Futbol tarixinin bu formada yazılmasının bir-iki səbəbi var. Birincisi, əgər yaşadığınız faciənin son nöqtədə sizin üçün yaxşı nəticələr verəcəyinə inanırsınızsa, həmin facilə ilə üzləşməyiniz asanlaşır. (Bu faciə Şarleruada Kevin Kiqanın İngiltərəsi ilə oyunda qeydə alınan 0:1 hesablı məğlubiyyət qədər acılı olsa belə) Alman futbolunda 2000-ci ilin islahatların başlanğıcı hesab olunmasının ikinci səbəbi isə 2000-ci ildən əvvəl aparılmış islahatlarla bağlı yazılı və ya şifahi qeydlərin olmaması idi.

Vayze 1999-cu ildə ölkədəki gənclərlə çalışan məşqçilərlə keçirdiyi seminarın futbol ictimaiyyəti tərəfindən ciddiyə alınmadığını xatırlayır: "O vaxtlar gənclərdən ibarət komandalara maraq yox idi. Təbii ki, hamı aşağı yaş qruplarının önəmindən bəhs edirdi, ancaq hərəkətə keçmək lazım olanda vəziyyət dəyişirdi”.

Buna rəğmən, Bundesliqa klubları öz akademiyalarını qurmayacaqları təqdirdə irəliləyişin mümkünsüz olduğunu bilirdilər. Elə bu səbəbdən də Avro-2000-in başlamasına bir-iki ay qalmış Vayze və Şottun planlarını həyata keçirmək qərarına gəldilər.

Almaniya Futbol Federasiyası 2001-02 mövsümündə Bundesliqada mübarizə aparan 18 komandanın hər birinin qarşısına performans mərkəzləri yaratmaqla bağlı şərt qoydu. Yuxarıda haqqında danışılan komissiyanın üzvüərindən Rettiq deyirdi: "Onların yaxşılığı üçün belə bir qərar qəbul etmişdik. Bununla belə, prosesin gedişində "dil tökmək” məcburiyyətində qalmışdıq”.

Təbii ki, belə yeniliklərin həyata keçməsinin qarşısında duran ən böyük maneə pul idi. "Neçəyə başa gələcək? Bu mərkəzləri yaratmaq, həqiqətən də, lazımdı?” – Şott klubların ilk reaksiyalarının bu və bənzər formada olduğunu xatırlayır. Bəzi klubların inadının səbəbi isə maddi məsələlərlə yox, ideologiya ilə bağlıdı. Məsələn, "Verder Bremen”in baş meneceri – sosial demokratları təmsil edən sabiq siyasətçi Villi Lemke demişdi: "Biz klub olaraq "seleksiya” prinsipinə inanmırıq. Bizim bir sosial öhdəliyimiz var: uşaqların boş vaxtlarını keçirmələri üçün işlər görmək, onları yaxşı mübarizəyə sövq etmək, komanda ruhu və həmrəyliyin nə olduğunu öyrətmək”.
 


Ancaq 90-cı illərdən sonra Almaniyanın ən innovativ klublarından biri kimi diqqət çəkən "Maynts”ın gənc komandalarının başında olan Folker Kerstinq 2000-ci illərin başlanğıcında professional klubların böyük əksəriyyətinin köklü dəyişikliklərə ehtiyacı olduğuna inanırdı:  "Beynəlxalq arenada geridə olduğumuzu anlayırıq. Yəni artıq federasiyanın klubları nəyəsə inandırmasına ehtiyac qalmayıb”.

Yığmanın Avro-2000-dəki utandırıcı çıxışı alman futbolunun köklü islahatlara ehtiyacı olduğuna dair son şübhələrin də yox olmasına gətirib çıxardı. Şott alman futbolundakı böyük dönüşün 2000-ci ildə yox, 1998-ci ildə başladığını düşünür:

"Avro-2000-dən sonra cəmiyyətin istənilən zümrəsinin bizə qarşı reaksiyası pis idi. Xüsusilə də DÇ-2006-ya ev sahibliyi edəcəyimiz dəqiqləşdikdən sonra futbol ictimaiyyəti Almaniyanın köklü islahatlardan keçməli olduğunun vacibliyinə inanmışdı. Ancaq, onsuz da, biz bu müddəti artıq başlatmışdıq. Sadəcə, əksəriyyət nə etdiyimizi bilmirdi, çünki o ana qədər media gördüyümüz işlərlə maraqlanmırdı”.
 


2000-ci ilin oktyabr ayında birinci və ikinci liqalarda mübarizə aparan 36 klubun iştirakı ilə maliyyə və idarəetmə məsələləri baxımından Almaniya Futbol Federasiyasından tam asılı olmayan, müstəqil DFL (Almaniya Futbol Liqası) yaradıldı və bu sayədə 1998-ci ildən bəri başlayan dəyişikliklər rəsmiyyət qazandı. İlk əvvəl yüksək maliyyə tələb olunması səbəbindən akademiya sisteminə qarşı çıxan Bundesliqa-2 klublarını da qısa müddət ərzində razı salmaq mümkün oldu. 2002-03 mövsümündən etibarən Bundesliqa 1 və 2-də mübarizə aparan klubların qarşısına öz akademiyalarını yaratmaq məcburiyyəti qoyuldu. Akademiya sisteminin rəsmən işə düşməsindən sonrakı iki il ərzində 36 Bundesliqa (1 və 2) klubu futbol təlimi ilə bağlı proqramlara toplam 114 milyon avro investisiya qoymuşdular.

Klubların bu addımlarından sonra növbə federasiyanın öz aşağı yaş sistemini formalaşdırmasına çatmışdı. İlk addımda 11-12 yaş aralığındakı uşaqların təməl təhsili regional federasiyaların əlindən alındı və bunun üçün mərkəzi sistem yaradıldı. Ölkədəki təlim mərkəzlərinin sayı 366-ya çatdırıldı və bu sayədə federasiya nəzdindəki 1 300 məşqçi hər il 600 min gənc istedadı izləmək şansı əldə etdi. Bu arada, illik təhsil büdcəsi 14 milyon avroya çatdırıldı. Vayzenin sözlərinə görə, artıq bu nöqtədən sonra heç kim pul xərcləməkdən çəkinmirdi. Yeni federasiya prezidenti Mayer-Forfalder dəyişikliklər baş verən ərəfədə demişdi: "Gənclərin inkişafı işimizin əsasını təşkil edir. 2006-cı ildə dünya divləri ilə mübarizə apara biləcək gücdə komanda yaratmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Şvabiyalı federasiya prezidenti zaman-zaman Bundesliqadakı istedadlı alman oyunçuların azlığı ilə bağlı diqqətçəkən fikirlər səsləndirirdi. Bunların arasında xüsusilə də "Bavariya” – "Enerqi Kottbus” matçı ilə bağlı dediyi "Təəssüf ki, meydançada sadəcə iki alman var” ifadəsi daha çox marağa səbəb olmuşdu. Futbol ictimaiyyəti bu tip fikirlərin 1930 və ya 40-cı illərdə qalmalı olduğuna inanırdı. Ancaq Mayer-Forfelderin haqqını yeməmək lazımdı. Çünki federasiya prezidenti 1998-ci ildə kansler seçilən Qerhard Şröderin vətəndaşlıqla bağlı qanunda etdiyi dəyişikliklərdən faydalanmaq adına əlindən gələni etmişdi.

2000-ci ildə qəbul olunan yeni vətəndaşlıq qanununa görə, Almaniya vətəndaşı olmaq üçün alman qanı daşımaq məcburiyyəti ortadan qaldırıldı. Almaniyanın imperatorluq olduğu əsrlərdən bəri mövcud olan bu məcburiyyət səbəbindən yüzminlərlə miqrant illərlə Almaniyada yaşamalarına və işləmələrinə baxmayaraq, vətəndaşlıq ala bilmirdilər. Şröderin Sosial-Demokrat və Yaşıllardan  ibarət koalisiya hökumətinin təklif etdiyi qanun layihəsi sayəsində 8 il ölkədə yaşayan xaricilərə vaxt itirmədən vətəndaşlıq verildi. İkili vətəndaşlıq almağı da asanlaşdıran bu qanun Almaniya Futbol Federasiyasının nəzdindəki skautların axtarışa çıxacağı yeni bir "istedad mədəni"ni ortaya çıxardı. Mayer-Forfelder 2001-ci ilin sonlarında verdiyi açıqlamalardan birində demişdi: "İkili vətəndaşlığın üstünlüklərindən maksimum istifadə etməliyik”. Şott ikili vətəndaşlıqla bağlı xüsusi bir proqram hazırlamadıqlarını, sadəcə, federasiyanın miqrant istedadları Almaniya yığma komandasında oynamağa razı salmaq üçün ciddi çalışdığını deyir.
 


Almaniya əvvəlki illərdə aralarında Şenol Güneşin rəhbərliyi altında dünya çempionatında üçüncü olan Yıldıray Baştürk, İlhan Mansız və Ümit Davalanın da olduğu bir çox istedadı cəhd göstərmədən Türkiyəyə təslim etmişdi. Türkiyə Futbol Federasiyasının Almaniyada yaşayan gənc türk oyunçuları izləyən xüsusi skaut heyəti var idi. Bu heyətin üzvlərindən olan və bir vaxtlar Dortmund "Borussiya”sının da formasını geymiş Erdal Keser Almaniya Futbol Federasiyasının əvvəllər miqrantlara ciddi yanaşmadığını deyir.

2003-cü ildə Almaniya Futbol Federasiyası gənclərdən ibarət komandaların məşqçiləri üçün xüsusi məşqçilik kursu yaratdı. Bir il sonra üç ayrı regiona bölünmüş Bundesliqa U-19 formalaşdırıldı. Proseslərin davamı olaraq, 2007-ci ildə U-17 liqasının təməli qoyuldu. Əvvəllər "Ştutqart”ın aşağı yaş qruplarında çalışan və Almaniyanın ən hörmətli məşqçilərindən olan Ralf Ranqnik milli gənclik liqaları haqqında danışarkən deyirdi: "Əksəriyyət bunu anlamır, ancaq U-19 və U-17 liqalarının yaradılması alman futbolunda islahatlar mərhələsinin ən önəmli addımlarından biri idi. Ölkədəki ən istedadlı gəncləri bir-birilərinə qarşı mübarizə apararkən izləmək həm onların vəziyyəti haqqında məlumat sahibi olmağımıza yardımçı oldu, həm də onların özlərini daha da inkişaf etdirməsinə yol açdı. Bu liqaların varlığı sayəsində klublar gənc və aşağı yaş qruplarında çalışan məşqçilərə daha çox əmək haqqı ödəməyə başladılar”.

Vayze 2001-ci ildə 67 yaşı olanda təqaüdə çıxdı. Ditrix Alman futboluna verə biləcəyi əlavə bir şeyin qalmadığını deyir və əlavə edir: "İnsanların arxamca "Bu yaşlı adamın burada nə işi var” deməyini istəmirdim. 2014-cü ildə Lövün komandası dünya çempionu olanda yerimdə dayana bilmirdim. Bu uğurda az da olsa payımın olması məni çox qürurlandırır. Bu gün oynadığımız futbolun bünövrəsində o günlərdə müdafiə etdiyimiz fikirlər durur. Əgər həmin illərdə islahatları həyata keçirməsəydik, bu gün yığma komandada oynayan futbolçulardan ən azı onunun adını heç kim bilməyəcəkdi. Məsələn, Toni Kroos. Akademiya sistemini yaratmasaydıq, kimsə sırf onu izləmək üçün Meklenburq-Forpommernə getməyəcəkdi”.
 
 
2012-ci ildə Almaniya Futbol Federasiyası nəzdində gənclərin inkişaf proqramları üzrə direktorluq postuna təyin olunan Şott etdiklərini təməl daşlarını yerinə oturtmağa bənzədir və qurduqları sistemin növbəti illərdə daim dəyişikliklərə məruz qaldığını düşünür: "Ancaq 1998-ci ildə yeni bir şey kəşf etdiyimizi iddia edənlərlə razılaşa bilmərəm. Almaniyada belə proqramlar mövcud idi. Sadəcə, biz onların üzərində işlədik və inkişaf etdirdik. Keçmişdə olduğu kimi, gələcəkdə də ağıllı insanlar olacaq. Əsas məsələ bu ağıllı insanların fikirlərini həyata keçirə biləcəkləri pozisiyalarda olmasından ibarətdi. Bunun üçün isə bir az şans lazımdı. Belə deyim: doğru zamanda doğru yerdə olmalısınız. Məsələn, 1998, 2000 və 2006-cı illərdə Almaniyada olmaq bizim şansımız idi”.


Tərcümə və tərtibat: Rüfət Məcid


Sport7.az

OXŞAR XƏBƏRLƏR