Almaniyadan gələn məşqçi 11 sumqayıtlı uşağı sünnət etdirib - FOTO

Almaniyadan gələn məşqçi 11 sumqayıtlı uşağı sünnət etdirib - FOTO

"Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünal Ramazan ayında xeyirxah addım atıb.

Sport7.az xəbər verir ki, almaniyalı mütəxəssis Ramazan bayramı ərəfəsində 11 sumqayıtlı uşağı öz vəsaiti hesabına sünnət etdirib.
 
Aztəminatlı ailələrin övladlarını sevindirən mütəxəssisin müsəlman etdikləri arasında ən kiçiyi 3 aylıq körpə olubsa, ən böyüyü 8 yaşını qeyd edib. Akademiya rəhbəri sünnət olunan uşaqlara xüsusi paltar sifariş etməklə yanaşı, hədiyyə boxçası da təqdim edib.

Sünal bu əməli ilə bağlı "Futbol+” qəzetinə bunları deyib: "Sizdən çox xahiş edirəm, bu məsələni qəzetinizdə yaymayın. Mən bunu reklam üçün etmədim. Ötən dəfə sizə dediyim kimi, Almaniyada böyüyüb boya-başa çatmağıma baxmayaraq, hər zaman ailəmizdə Ramazan ayının xüsusi qeyd olunduğunu görmüşəm. Yaşımın üstünə yaş gəldikcə çalışmışam ki, qədim adət və ənənələrimizə riayət edim. Bəli, ötən həftənin cümə günü şəxsi vəsaitim hesabına 11 aztəminatlı ailənin uşağını sünnət etdirdim. Mən bu haqda heç bir yerdə heç nə danışmamışam.
 
Ramazan bayramında sünnət etdirdiyim uşaqlara görə fəxr hissi keçirirəm. Çünki ən azı nə vaxtsa onlar böyüyəcəklər və övladlarına, yaxınlarına deyəcəklər ki, bizi müsəlman edən vaxtilə "Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünal olub. Rəhmətlik atam sağ olsaydı, bununla fəxr edərdi. Bu gün anam sağdı və bunu biləcəyi halda çox sevinəcək. Ancaq mən istəmərəm ki, indi ona bu məlumatı verim. Çünki dinimizdə etdiyin xoş işləri sağa-sola paylaşmaq düz deyil. Ona görə də sizə deyirəm ki, etdiklərim mediaya çıxmasın. Bu işdə mənə yardımçı olan klubun baş mühasibi Pərviz Ömərova da təşəkkür etmək istəyirəm. Çünki bu ideya qəfil ağlıma gəldi və bunu onunla bölüşdüm. Pərviz də o dəqiqə qarşılıq verdi və lazımi işləri yoluna qoydu. 11 uşağı müsəlman edib, bizləri sevindirən həkimlərə də minnətdarlıq edirəm. İşlərini o qədər səlist gördülər ki... Həmin vaxt həmin uşaqların valideynlərini görərdiz. Xəstəxananın qarşısında tam bir bayram əhval-ruhiyyəsi var idi. Bəlkə də gördüyüm savab işlərə görə Allahım məni mükafatlandırıb və canı, qanı bir olan qardaş ölkədə çalışmağıma fürsət yaradıb. Bundan sonra da yaradan mənə ömür verdiyi qədər xeyirxaq işlər görməyə çalışacam”.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR