Almeyda: "Azərbaycan xalqını sevindirə bildim"

Almeyda:
"Çətin oyun oldu. Çalışdıq ki, məşqçinin tapşırıqlarını yerinə yetirək. Buna da müyəssər olduq. Asan deyildi, amma buna baxmayaraq, oynadıq. Bütün komandanı 3 xal münasibətilə təbrik edirəm. Bu qələbəni Azərbaycan xalqına həsr edirik”.

Sport7.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Riçard Almyeda UEFA Millətlər Liqasının III turunda səfərdə Farer adalarını 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra danışarkən deyib.

Yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.

İlk hissədə sanki çətinlik çəkirdiniz? Bu süni meydança ilə bağlı idi?

- Səfər oyunlarında sözsüz ki, həmişə üstünlük ev komandalarında olur. Biz də ilk 15 dəqiqədə bir az çətinlik çəkdik. Rəqibin start təziyiqinə tab gətirdik və sonradan öz oynumuzu göstərməyə başladıq. Top saxlamağa çalışırdıq, bu da alındı. Qollarımızı vurduq, rəqibə də qol şansı yaratmağa imkan vermədik.

Dubl etdiniz, bu barədə nə deyə bilərsiniz?

- İki qol vurduğum üçün yox, bu qolların Azərbaycan futboluna kömək etməsinə görə şadam. Bilirsiniz ki, neçə ildir bu ölkədəyəm, Azərbaycanı çox sevirəm. Çox məmnunam ki, bu gün qollarımla Azərbaycan xalqını sevindirə bildim.

Qarşıdakı oyun barəsində nə fikirləşirsiniz?

- Çətin oyun olacaq. Bizi Bakıya uzun və çətin yol gözləyir. Ora çatan kimi məşqləri bərpa edib, ciddi şəkildə və 100%-lik konsentrasiya ilə Malta matçına hazırlaşacağıq. (Report.az)
 
Sport7.az 

Xəbər lenti